AZƏRBAYCAN-BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ - İki ölkə münasibətlərində yeni səhifə TƏHLİL

AZƏRBAYCAN-BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ - İki ölkə münasibətlərində yeni səhifə TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Bu, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin bir çox sahədə strateji əhəmiyyətini bir daha təsdiqlədi”

Bəli, bu gün Azərbaycan regional və qlobal geosiyasi aktorlarla balanslaşdırılmış siyasət yürüdür. Şuşa və Moskva bəyannamələri sayəsində Türkiyə və Rusiya kimi nəhəng ölkələrlə müttəfiqlik münasibətlərinin qurulması ilə yanaşı, Avropa İttifaqının da ölkəmizə diqqəti artmaqdadır. Enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı ilə strateji xarakter alan münasibətlər hazırda keyfiyyətcə yeni müstəviyə qalxıb. Elə yanvarın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifənin açılmasının göstəricisidir.

ƏHMƏD ƏBDO TƏRABİK: “Prezident İlham Əliyev Azərbaycanın ərəb dünyası ilə əlaqələrində yeni mərhələnin əsasını qoydu”

“Prezident İlham Əliyevin Əlcəzairdə təşkil olunan Ərəb Sammitində iştirakı Azərbaycanın ərəb dünyası ilə əlaqələrində keyfiyyətcə daha yüksək və yeni mərhələnin əsasını qoydu. Azərbaycanın dövlət başçısının ərəb ölkələrinin liderləri tərəfindən bu mötəbər tədbirə Fəxri qonaq qismində dəvət olunması onun Yaxın Şərqdə yüksək nüfuzunun təzahürüdür”. Bu fikirləri misirli politoloq, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə tədqiqatçı Əhməd Əbdo Tərabik söyləyib. O bildirib ki, Qoşulmama Hərəkatının hazırkı rəhbəri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Liqası Dövlətlərinin 31-ci Sammitində iştirakı Cənubi Qafqaz, Yaxın Şərq regionlarında və ümumilikdə dünyada sabitliyin və sülhün əldə edilməsi istiqamətində beynəlxalq ictimaiyyətə çağırış ilə yadda qaldı. O, həmçinin Azərbaycan ilə ərəb ölkələri arasında tarixi əlaqələrə yüksək qiymət verdi, gündən-günə inkişaf edən əməkdaşlığın yeni mərhələsinin yol xəritəsini təqdim etdi. Azərbaycan Prezidentinin Sam-mitdə dərin məzmunlu çıxışından politoloq vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın ərəb ölkələri ilə tərəfdaşlığı gücləndirmək, o cümlədən Ərəb Dövlətləri Liqası ilə əlaqələri möhkəmləndirmək və bu təşkilata üzv ölkələrlə həmrəylik prinsiplərini təşviq etmək arzusunda olduğunu bildirdi. Dövlət başçısı bu kontekstdə Azərbaycanın Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini və bütün bu işğal illərində ərəb qardaşlarından, İslam Əməkdaşlıq Təşkilatından dəstək aldığını qeyd etdi, həmçinin bu məsələdə həmrəylik nümayiş etdirən ərəb ölkələrinə və beynəlxalq qurumlara təşəkkürünü bildirdi. Ə.Tərabik, həmçinin onu da bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzairə səfəri və Ərəb Sammitində iştirakı Azərbaycan ilə ərəb ölkələri arasında müxtəlif sahələrdə daha möhkəm dostluq və əməkdaşlıq körpüləri qurmaq üçün geniş qapılar açır. Azərbaycanın dövlət başçısı beynəlxalq ictimaiyyətə çox vacib müraciət etdi, sülhün və sabitliyin təmin edilməsi, işğala məruz qalan ölkələrə qarşı haqsızlığın aradan qaldırılması, böyük dövlətlərin Azərbaycanın və ərəb ölkələrinin problemlərinə münasibətdə ikili standartlardan imtina etməsinin zəruriliyini vurğuladı. O bildirdi ki, bu məsələlərdə rəsmi Bakının və ərəb dövlətlərinin maraqları üst-üstə düşür. Bəli, bu gün sülhün və sabitliyin təmin edilməsi, işğala məruz qalan ölkələrə qarşı haqsızlığın aradan qaldırılması, böyük dövlətlərin Azərbaycanın və Ərəb dövlətlərinin maraqları üst-üstə düşür.

PREZİDENT İLHAM ƏLİYEV: “Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən sabit və inkişaf etmiş ölkələrindən birinə çevrilib”

"Bu mühüm toplantıda iştirak etmək üçün məni dəvət etdiyinə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə təşəkkürümü bildirmək istəyirəm. Bu auditoriya qarşısında çıxış etməkdən böyük şərəf hissi duyuram. Dünən bizim cənab Prezidentlə əla görüşümüz oldu. Bu, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin bir çox sahədə strateji əhəmiyyətini bir daha təsdiqlədi". Bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. Qazandığı böyük nailiyyətlər və sürətli inkişaf münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini və xalqını təbrik edən dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən sabit, inkişaf etmiş və uğurlu ölkələrindən birinə çevrildiyini bildirərək deyib: “Biz Sizin Azərbaycandakı qardaşlarınız olaraq, gördüyünüz işlərdən çox fərəhlənirik”. Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı söyləyib ki, Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik, enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir. Dövlətimizin başçısı bildirib: “Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu, onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, onun sayəsində biz ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”.

TƏBİİ QAZ İXRACIMIZ ARTMAQDA DAVAM EDƏCƏK

“Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdən çoxdur»,-deyən dövlət başçısı onu da vurğulayıb ki, təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq: “Bu rəqəm artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq”.

XƏZƏRİN AZƏRBAYCAN SEKTORUNDA 157 QİQAVATLIQ KÜLƏK ENERJİSİ İMKANLARI MÖVCUDDUR

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı bildirib ki, quruda 27 qiqavatlıq, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Ümumilikdə 200 qiqavata yaxın potensialın olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün həmin layihələri mərhələli şəkildə icra edirik.

“MASDAR” İLƏ ƏMƏKDAŞLIQ AZƏRBAYCANI ÇOX MÜHÜM YAŞIL ENERJİ MƏNBƏYİNƏ ÇEVİRƏCƏK

“Dünən “Masdar” ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 qiqavatlıq külək və günəş enerjisinin istehsalına dair razılaşma imzaladılar. Bu, hələ qısamüddətli layihədir. Ortamüddətli layihələr gücləri 10 qiqavata qədər artıracaq". Bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.Dövlətimizin başçısı qeyd edib ki, bu, tamamilə icraolunandır. Bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində, “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək: «Bütövlükdə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisi istehsal etmək imkanı yaradacaq”.

AZƏRBAYCANDA İNVESTİSİYA MÜHİTİ ÇOX MÜSBƏTDİR

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, ötən ay - dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair saziş imzaladılar. Bu saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanıb. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Dövlətimizin başçısı qeyd edib ki, lakin bu, kifayət etməyə bilər. Burada söhbət artıq razılaşdırılmış həcmlərdən gedir. Lakin planlarımız daha genişdir: «Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Başqa sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik”.

Qeyd edək ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip - qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir. 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir. Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın 200 qiqavata yaxın bərpaolunan enerji potensialı ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib. Bu zəngin potensialdan istifadə olunmasına artıq başlanılıb. Ötən ilin yanvarında 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının, martda isə 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməli qoyuldu. “Qaradağ” Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliklərinin bu sahədə tanınmış “Masdar” şirkəti tərəfindən inşa edilir. Prezident İlham Əliyevin yürütdüyü enerji siyasətinin əsas istiqamətlərindən biri də işğaldan azad olunan ərazilərin potensialının qiymətləndirilməsi və istifadə olunmasıdır. Yaxın aylarda Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi planlaşdırılır. Ötən il dekabrın 17-də Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması da bu istiqamətdə atılan mühüm addımlardan biri oldu. Bu layihə ilə Azərbaycanın bu sahədə qarşıya qoyduğu əsas hədəf ixrac həcminin genişləndirilməsidir. Beləliklə, bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə də reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor kimi öz fəaliyyətini durmadan genişləndirir.

Bir sözlə, Prezident İlham Əliyevin söylədiyi kimi: "Bu görüş Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin bir çox sahədə strateji əhəmiyyətini bir daha təsdiqlədi".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə