Yazının başlığına bu söz düzümünü çıxarmaqda məqsədimiz heç də son günlər Fransanı tənqid edənlərin sırasına qoşulmaq deyil. Ümumiyyətlə, Fransanın bütün "cəbhə boyu" Azərbaycana qarşı hücuma keçməsinin bir sübutunu təqdim etməkdir. Bu gün Ermənistan yalan, Fransa gerçək olub, daha doğrusu İrəvan Bakıdan almalı olduğu dəmir yumruğun dadını hələ də damağında hiss edir, Paris isə, deyəsən bu daddan daha çox bəhrələnib, deyə Azərbaycana qarşı davranışını dəyişib. Fransa mediası çirkli təbliğatı ilə gündəmdədir. "Le Figaro" qəzetinin timsalında "qara piar" kampaniyası aparan rəsmi Paris "120 minlik Artsax ermənisinin “boğulması” Azərbaycanın əsl hərbi əməliyyatıdır" deyə yalan maşınının odluğunu körükləməkdədir. Qəzetin baş redaktorunun müavini Jan-Kristof Buisson (55 yaşı var, Lyon Universitetini bitirib) özünün Twitter mikrobloqunda yazıb ki, azərbaycanlıların 29 gün ərzində Laçın dəhlizini bağlayıb. Əlavə edib ki, "əslində onlar ətraf mühit fəalı kimi maskalanan əsgərlərdir".
Araşdırma aparmadan, hadisə yerində olmadan bu cür yalan məlumatlar yaymaq nəyə xidmət edir? Həmişə Qərb mətbuatını bizə bir örnək kimi, həqiqəti yazan media qurumları kimi təqdim ediblər. Budurmu, obyektivlik, budurmu qərəzsiz olmaq? Görünür, Fransa mətbuatı söz azadlığı, informasiya dəqiqliyi, qərəzsizlik, vicdanlı olmaq kimi keyfiyyətlərdən uzaqdırlar, kimlərinsə, hansısa tərəflərinsə əl buyruqçularıdırlar. Belə olmasaydı, "Le Figaro"nun əməkdaşı bircə dəfə də olsa Laçın yolunda görüntülənərdi, hadisə barədə oxucularına daha dəqiq məlumat verərdi. Media qurumu buna cəhd belə etməyib. Dünya mediası isə “Le Figaro” jurnalını birtərəfli ermənipərəst mövqeyinə görə qınayıb. Jan-Kristof Buisson Azərbaycan ordusunun Qarabağdakı hərəkətləri ilə Əfqanıstandakı “Taliban”ın davranışı arasında uğursuz paralel apardıqdan sonra özünü beynəlxalq qalmaqalın mərkəzində tapıb. Buisson Taliban döyüşçülərinin Pəncşir əyalətində əfsanəvi Əhməd şah Məsudun məqbərəsini dağıddıqları barədə təsdiqlənməmiş məlumatlardan istifadə edərək, bu barədə heç bir soruşmağa belə aparmadan, açıq şəkildə Ermənistanın tərəfini tutub və bunu “Qarabağda dağıdılmış xaçkarlar və erməni abidələri" ilə müqayisə edib.
Bir sıra dünya mediası belə mövqeyə görə həm nəşri, həm də Jan-Kristof Buissonu qınayıb. Xüsusilə, İspaniya, Meksika, Ekvador mətbuatı məqalələr dərc edərək "Le Figaro Magazine"-dən sivil bir ölkəyə qarşı ləyaqətsiz davranışa son qoymağı məsləhət görüblər. 1news.az saytı oxucularının diqqətinə xarici KİV-lərdən birinin bu mövzuda yazdığı məqalənin tərcüməsini təqdim edib.
“Müstəqil media qərəzsiz olmalı və lobbi qruplarının maraqlarına xidmət etməməlidir. Beynəlxalq mətbuat olaraq “Le Figaro” jurnalının redaktor müavini Jan-Kristof Buissonun tvitində azərbaycanlılar və Qarabağla bağlı bəyanatını pisləyirik. Mətbuat heç vaxt birtərəfli olmamalıdır. Amma tam aydındır ki, cənab Jan-Kristof Buisson bunu başa düşmür, bəlkə də bunu başa düşmək istəmir. Və bunu öz maraqları üçün edir. Necə ola bilər ki, özünü demokratik və azad nəşr hesab edən “Le Figaro Magazine”in redaktor müavini erməni lobbisinin maraqlarını müdafiə edir? Bu o deməkdirmi ki, Le Figaro jurnalı demokratik və ya neytral jurnal deyil? Jan-Kristof Buissonun Twitter-də yazdığı fikir təkcə Buisson üçün deyil, nəşrin bütün kollektivi üçün böyük məsuliyyət daşıyır".
Azərbaycan həmişə dünyəvi ölkə olub, hər bir guşəsində, müxtəlif xalqların və dinlərin vətənində sinaqoqlar, məscidlər, kilsələr, hətta atəşpərəstlərin məbədləri var. Çünki tarixi inkişafı, coğrafi mövqeyi və etnik tərkibi Azərbaycanın dini müxtəlifliyini müəyyən edir. Azərbaycan multikulturalizm dəyərlərinə və həm Azərbaycanda, həm də xaricdə dini abidələrin qorunmasına sadiqdir. Tarixdə ilk dəfə olaraq Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan ölkə olmaqla Vatikanda, Fransada və digər ölkələrdə xristian abidələrinin bərpasına öz töhfəsini verib. Azərbaycan Vatikanda Müqəddəs Marselin, Müqəddəs Pyotr və Sebastyan katakombalarının bərpasında iştirak edib, Fransada Notr-Dam kilsəsinin bərpasının maliyyələşdirilməsində iştirak edib. Bütün bunlar o deməkdir ki, Azərbaycan həmişə dini tolerantlığı ilə seçilib.
Bununla belə hər kəs bilir ki, ermənilər Azərbaycanın mədəni dəyərlərinə ciddi ziyan vurub, Qarabağda Azərbaycan mədəni irsini dağıdıb, tarixi, mədəni, dini abidələrini məhv edib, bir neçə tarixi muzeyi, 500-dən çox tarix və memarlıq abidəsini, yüz arxeoloji obyekti, 40 min eksponatı olan 22 muzeyi, 9 sarayı, 44 məbədi, 67 məscidi, 4 rəsm qalereyasını və yüzlərlə qədim məqbərə və qalanı yer üzündən silib və mənimsəyib. Onlar dini abidələri sui-istifadə obyektinə çevirmək üçün məscidləri və digər dini obyektləri bilərəkdən donuzxanaya çeviriblər. Bütün dünya birliyi və beynəlxalq təşkilatlar Qarabağı müstəqil ölkə kimi tanımırlar, çünki bu subyekt beynəlxalq hüquqda yoxdur. Bircə Azərbaycanın tarixi ərazisi olan Qarabağ var.
Ermənilərin Qarabağda törətdikləri vəhşiliklərin sayı bitib-tükənən deyil. Ekoloji fəlakətin miqyası da çox böyükdür. 44 günlük müharibənin gedişində ermənilər Şuşanın sıx meşələrini yandırmaq üçün fosfor bombalarından istifadə ediblər və bununla da bütün ekosistemə düzəlməz ziyan vurublar. Jan-Kristof Buisson tarixdən xəbəri olsaydı yazdıqlarına görə utanardı.
Qarabağda, daha doğrusu Laçın yolunda baş verənlər haqqında ermənipərəst, yaxud erməni parasından iştahlananların yazdıqlarını onların obyektiv olmamasına, qərəzinə yozsaq da, erməni katolikosunun dediklərini, yanaşmasını hələlik heç bir söz birləşməsi ilə izah verə bilmədiyimizi də anlatmaq istərdik. Laçın yolunda "ekoaktivistlərin keçirdiyi aktiya səbəbindən Qarabağda humanitar fəlakətin yaşanması"nı elan etməsi bu şəxsin Tanrıya inamında şübhələrin olduğunu subut edir. Bütün ermənilərin katolikosu II Qaregin Milad təbrikində bəyan edib ki, "Ermənistanla Qarabağı birləşdirən yeganə yolun bağlanması səbəbindən yaranan çətinliklər qarşısında heç vaxt geri çəkilməyən siz azadlıq və müstəqillik yolunda, tarixi ədalətin təntənəsi naminə inadla mübarizəni davam etdirirsiniz”. II Qareginin bu tərzi bütün inanclı insanlarda ikrah hissi doğurur. Əvvəla, doğru danışmaq Tanrı qatında da savab sayılır, baxmayaraq ki, Qaregin xristiandır, amma Allah ki birdir. O, qarabağlıları "igid əcdadlarından nümunə götürməyə" səsləməklə əsalində yeni müharibəni təşviq edir, insanları qırğına səsləyir. Bu da din xadiminə yaraşan bir yanaşma deyil.
Gələk ABŞ Konqresinin üzvü Barbara Liyə. Bu qadın konqresmendən Qarabağın xəritədə yerini göstərməyi yox, Qafqazın hansı qitədə olduğunu soruşsanız, yəqin ki, gözlərini döyə-döyə qalacaq. Amma xanım konqresmen Laçın yolundan, ekoaktivistlərin kimliyindən, Qarabağdakı ermənilərin "dəqiq" sayından, Laçın-Xankəndi yolunda guya "blokada" səbəbindən evinə gedə bilməyən 270 uşaqdan söhbət açır. Konqresmen qanunverici orqanın üzvüdür, dövlətdə icraedici orqandan sonra hakimiyyətin ikinci qoludur, üstəlik də, qanunlarla işləməyə daha çoc üstünlük verirlər. Qarabağın tarixindən, hansı ölkəyə məxsusluğundan bixəbər xanım Li isə Azərbaycanın dünya ölkələri tərəfindən tanınmış suveren ərazilərini şübhə altına almaqla yanaşı, Qarabağı ayrıca subyekt kimi təqdim etməyə çalışır, separatizmə dəstək verir, qanunsuz hərbi birləşmələrin mövcudluğuna normal yanaşır.
Bir anlığa düşünək ki, ABŞ-ın Texas ştatında separatçılıq baş qaldırıb və əhalisinin əksəriyyəti ispanlardan ibarət bu subyekt tarixi Meksikaya ərazisinə qovuşmaq istəyir. Maraqlıdır, Vaşinqtonun, o cümlədən konqresmenlərin, xüsusilə də Barbara Linin məsələyə münasibəti necə olardı?
Qeyd edək ki, Barbara Li 2023-cü ilin yekun maliyyə ilinə xərclər haqqında qanun layihəsinə Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyini Konqresə Qarabağ münaqişəsi səbəbindən yaranan humanitar və bərpa ehtiyaclarını həll etmək üçün yardım strategiyası təqdim etməyə istiqamətləndirən müddəanın daxil edilməsinə səy göstərib. 2023-cü Maliyyə İli Konsolidə Edilmiş Təxsisatlar Aktına iqtisadi inkişafı, enerji müstəqilliyini və demokratiyanı dəstəkləmək üçün Ermənistana 60 milyon dollar ayrılması və Dövlət Katibinin Ermənistan və Azərbaycana təhlükəsizlik yardımı göstərməzdən əvvəl komitələrlə məsləhətləşməsi tələbi də daxildir.
Məqalədə xarici mediada qeyd edilmiş faktlardan da görünür ki, ermənilər üçün bütün şər qüvvələr səfərbər olub.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB