Müasir təhsil ocaqları yeni dünya düzənində TƏHLİL

Müasir təhsil ocaqları yeni dünya düzənində TƏHLİL

Bu günün yeniyetməsi, gənci sabahın qurucusu, yaradıcısıdır. Hər bir ölkənin gələcək inkişafı məhz onlardan asılıdır. Odur ki, onların sağlam mühitdə böyüməsi, tərbiyə alması üçün dövlətimiz tərəfindən tədbirlər görülür. Bu qayğı sağlam düşüncəli, sağlam ruhlu, sağlam vücudlu insanların yetişməsi ilə yanaşı, onların vətənə bağlı, vətən sevgili vətəndaş kimi böyüməsinə xidmət edir. Təbii ki, yetişən nəslin xalqa bağlı şəkildə böyümələri və formalaşmaları hər bir dövlət üçün prioritet məsələdir. Uşaqların layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından dövlət səviyyəsində bütün addımlar atılır. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası ilə əlaqədar yaranan ictimai münasibətləri tənzimləmək və bu sahədə dövlət orqanlarının, müəssisələrin və təşkilatların hüquq və vəzifələrini müəyyən etmək məqsədilə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
Gənc və yetişən nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Yeni məktəblərin tikintisi və təmiri, idman infrastrukturunun yenilənməsi, stadionların və olimpiya komplekslərinin inşası və s. əlbəttə ki, sağlam gəncliyin yetişməsi və inkişafına xidmət edir.

UŞAQ-GƏNCLƏR İNKİŞAF MƏRKƏZİ

İstedadlı uşaqların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi də daim diqqət mərkəzindədir. Görülən işlərin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar. Mərkəzin binasının əsaslı təmiri və bərpası əlbəttə ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənc nəslin müasir dövrün inkişaf trendlərinə uyğun formalaşmasına göstərdikləri diqqət və qayğının daha bir nümunəsidir. Xatırladaq ki, 1937-ci ildə Bakıda yerləşən binada Mərkəzi Pionerlər Sarayı yaradılıb. Bundan məqsəd uşaqların asudə vaxtını səmərəli və məqsədəuyğun təşkil etmək, onların bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək, məktəbdənkənar tərbiyə işinin təşkilində uşaqlara praktiki və metodiki kömək göstərməkdən ibarət olub. İlk vaxtlar sarayda texniki yaradıcılıq, bədii tərbiyə, təsviri sənət, fiziki tərbiyə üzrə dərnəklər fəaliyyət göstərib. 1946-cı ildə sarayda xoreoqrafiya, xalq çalğı alətləri, qarmon ifaçıları və xor kollektivlərindən ibarət mahnı və rəqs ansamblı yaradılıb. Bəstəkar Qəmbər Hüseynli ansambl üçün "Cücələrim" mahnısını yazıb. Məhz bu səbəbdən 1959-cu ildə kollektiv "Cücələrim" adlandırılıb. 1961-ci ilin aprelində dünyanın ilk kosmonavtının şərəfinə saraya Yuri Qaqarinin adı verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 1991-ci il 427 saylı qərarına əsasən Y.Qaqarin adına pioner və məktəblilər sarayının adı dəyişdirilib, Tofiq İsmayılov adına Respublika Uşaq-Gənclər Yaradıcılıq Sarayı adlandırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 noyabr tarixli qərarına uyğun olaraq Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və Tofiq İsmayılov adına Bakı Şəhəri Uşaq-Gənclər Yaradıcılıq Sarayı birləşdirilərək onların bazasında Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb, ötən il isə ona publik hüquqi şəxs statusu verilib.
Fəaliyyəti dövründə minlərlə istedadlı gəncin müxtəlif ixtisaslar üzrə formalaşmasında mühüm xidmətləri olan Mərkəz 2022-ci ildə əsaslı təmir edilib. İstifadəyə verildikdən sonra Mərkəzdə rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dillər, intellektual inkişaf, elm və texnologiya, ekoklub, psixologiya, kulinariya və turizm istiqamətləri üzrə 44 dərnək təşkil olunub. Həmin dərnəklərdə 1500 nəfərədək şagirdin məşğul olması nəzərdə tutulub. Həmçinin binada 20 inzibati, 20 texniki və 65 pedaqoji işçi çalışacaq.

"STEAM İNNOVASİYA MƏRKƏZİ" - GƏNC NƏSLİN YENİ İDEYALARININ REALLAŞDIRILMASINA GÖSTƏRİLƏN DİQQƏTİN TƏZAHÜRÜ

2023-cü ilin ilk günlərində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda "STEAM İnnovasiya Mərkəzi"nin açılışında da iştirak ediblər. Bu Mərkəzin yaradılması dövlətimiz tərəfindən ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.
Burada aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, "Heureka Classics" otaqları, robotların hazırlanması laboratoriyası, "3D hologram", VR zonaları mövcuddur.
Təbii ki, müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsil qarşısında bir çox mühüm vəzifələr qoyur. Həyatın bütün sahələrində işlərin yeni dünya düzəninə uyğun qurulması üçün təhsil ocaqlarında öyrənmək maraqlı olmalı, bilik təcrübədə tətbiq edilməli, təlim maraqlı formada keçilməlidir. Yəni, bu günün məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Elə bu məqsədlə də Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə "STEAM Azərbaycan" layihəsinə start verib. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Hazırda ölkəmizin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri fəaliyyət göstərir.

MÜASİR DÖVRDƏ ÖLKƏNİN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA STEAM TƏDRİS ÜSULU

STEAM layihəsi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənnləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.
"STEAM Azərbaycan" layihəsinin davamı olan "STEAM İnnovasiya Mərkəzi"nin fəaliyyəti orta məktəblərdə eyniadlı mövcud mərkəzlərin tədris proqramına görə fərqlənir. Bu Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəblilər və tələbələr XXI əsr bacarıqlarını - kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər. Uşaqlar real həyat problemləri ilə qarşılaşdıqda, STEAM metodu vasitəsilə onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq və yaradıcı yanaşmalarını nümayiş etdirəcəklər. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədir, real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM layihəsi şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır. Mərkəzin məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə