"Ukraynaya elə bir zərbə dəyib ki, ..." - SİYASİ EKSPERT AÇIQLADI

"Ukraynaya elə bir zərbə dəyib ki, ..." - SİYASİ EKSPERT AÇIQLADI

"Hazırda Rusiya-Ukrayna müharibəsi sonu görünməz dalana dirənmiş bir proses kimi xarakterizə olunur. Çünki Rusiya Ukraynaya hücuma başlayanda özü bunu xüsusi əməliyyat adlandırıb. Amma faktiki olaraq bu Ukraynanın işğalıdır". Bu sözləri SİA -ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Onun sözlərinə görə, Rusiya belə proqnozlar verirdi ki, biz üç həftəyə məsələni həll edəcəyik: "Amma artıq 10 aydır ki, Rusiya Ukraynada öz istəyinə nail ola bilmir. Düzdür, qismən nail olub. Luqansk və Donetskdə hazırda mövqe dəyişiklikləri baş verir və savaş davam edir. Amma faktiki olaraq bu müharibənin daha böyük anlamı ondan ibarətdir ki, Ukrayna Qərb və Rusiya arasında bir poliqon kimi istifadə olunur. Bəllidir ki, Ukraynada Qərb Rusiya ilə savaşır və müharibə Kollektiv Qərblə Rusiya arasında gedir".

Elşad Məmmədli sözlərinə belə davam edib: "Təəssüflər olsun ki, Ukrayna viran qalıb. Bu fəsadların aradan qaldırılması isə illər alacaq.

Ukrayna son 10 ildə sürətlə inkişaf edirdi və turizm ölkəsinə çevrilmişdi. Amma ona elə bir zərbə dəyib ki, özünə gəlməsi üçün 10 ildən çox zaman lazım olacaq. Müharibə nəticəsində xeyli insanlar həlak oldu, ailələr köçdü getdi, milyonlarla insan Avropaya axışdı.

Müharibədə kimin qalib olacağına gəlsək, dəqiq bir proqnoz vermək olmur. Amma hesab etmək olmaz ki, qazanan Rusiya olacaq. Rusiya istədiyi əraziləri özünə birləşdirsə də, bundan sonra Kollektiv Qərb onu rahat buraxmayacaq. İstənilən halda Ukrayna burada əzilən tərəfdir. Gələcəkdə Ukraynanın hansı şəkildə dünyanın dəstəyini alacağı isə başqa mövzudur. Amma Ukrayna poliqon rolunu daşıdığı üçün viran qalmış ölkəyə çevrilib.

Biz Ukraynanın Rusiya ilə sona qədər dirəşməsini siyasi aspektdən qiymətləndirdikdə, Ukrayna xalqının qəhrəmanlıq nümunəsi göstərdiyi deyə bilərik. Ola bilər ki, bu müharibə illərlə davam etsin".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə