Paşinyan Qarabağdakı ermənilərin taleyi ilə oynayır - DEPUTATIN MÖVQEYİ
"Ermənistan birmənalı şəkildə sülh prosesini pozmaq üçün bütün vasitələrdən istifadə edir. Müharibədəki ağır məğlubiyyətini qəbul etmək istəmir. Maksimalist düşünmə iddiası bu ölkəyə hər gün yeni səhvlərə imza atmağa və bunun da davamı olaraq yeni-yeni təxribatlar törətməyə vadar edir. İki gün öncə Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilməli idi. Amma nə baş verdi? Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan heç bir diplomatik qaydalara sığmayan, siyasi naşılıqdan irəli gələn addım atdı və görüşdə iştirakdan imtina etdi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, Moskva görüşü tərəflər üçün vacib idi: "Çünki, bu görüş sülh müqaviləsinin gələcək taleyi nöqteyi-nəzərindən önəmli idi. Müharibə artıq bitib, amma bu, sülhlə yekunlaşmayıb. Belə çıxır ki, hər an yeni müharibə başlaya bilər. Yeni müharibə isə yeni itkilər deməkdir. Düşünmək olar ki, Ermənistanın keçmiş prezidentləri kimi indiki rəhbərini də xalqının taleyi maraqlandırmır. Laçın dəhlizində artıq 15-ci gündür ki, davam edən etiraz aksiyalarından zərər çəkən separatçıların girovunda saxlanan kasıb ermənilərdir. Separatçıları isə Ermənistan hakimiyyətinin "yemlədiyini" nəzərə alsaq, ortaya maraqlı mənzərə yaranır. Deməli, Paşinyan hakimiyyəti Qarabağda yaşayan ermənilərin taleyi ilə oynayır, onları separatçıların, daha doğrusu erməni lobbisinin maraqlarına qurban verir. Amma Azərbaycan daha humanist mövqe nümayiş etdirir. Qarabağda yaşayan, heç bir hərbi cinayətlərdə iştirak etməyən erməniləri öz vətəndaşı hesab edərək onları separatçıların əlindən qurtarmağa çalışır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB