Ermənistanda müşahidə olunan PARADOKSLAR – TƏHLİL

Ermənistanda müşahidə olunan PARADOKSLAR – TƏHLİL

Daim Rusiyadan asılı vəziyyətdə qalmaq, hətta rusların himayəsi altında möcud olmaq Ermənistanın, bütövlükdə ermənilərin hər zamankı arzusu olub və məhz bu da işğalçı ölkənin ən böyük problemidir, çünki mövcudluğu başqasının əlindədir, müstəqilliyindən də söhbət gedə bilməz. Rəsmi Moskvanın isə belə bir niyyətinin, yəni erməniləri bundan sonra himayəyə götürmək niyyətinin olmaması artıq göz önündədir, amma bu o demək deyil ki, ruslar Ermənistandan, bütövlükdə Qafqazdan əllərini üzüblər. Rusiya üçün kənar və təhlükəli qüvvələrin adamı olan Nikol Paşinyana bu zamana qədər Moskva etibar etməyib və etməyəcək də, amma işğalçı ölkədəki hadisələrə təsirləri inkar edilə bilməz. Bütün bu məqamlar isə Ermənistanda paradoksların müşahidə olunmasının əsas səbəblərindəndir.

İndi ermənilərin bir qismi Rusiyadan üz döndərsə də, digər qismi hələ də ümidlərini ruslara bağlayıb, hansıki bu ümidlərinin puç olduğunu hər kəs başa düşür. Əvvəla ona görə ki, Ukrayna ilə müharibə Rusiya üçün kifayət qədər qayğılar yaradıb. Hətta Rusiya artıq silahlı münaqişəyə tab gətirə də bilmir və indi öz hayındadır, hayların hayında yox. Digər tərəfdən də axı, Türkiyə ilə siyasi və iqtisadi tərəfdaşlıq hal-hazırda Rusiya üçün daha vacibdir və Azərbaycanla bir olan, qardaş olan ölkəni atıb onun rəqibini tutmaq ruslara sərf etmir. NATO ilə qarşıdurma fonunda Rusiyaya Ermənistanla yox, Türkiyə və Azərbaycanla əlaqələri daha da yaxşılaşdırmaq sərfəlidir. Bu baxımdan Ermənistanın maraqları, ermənilərin arzuları Rusiya üçün heç hesaba belə alınmır və belə bir məqamda işğalçı ölkədə çox müəmmalı bir vəziyyətin hökm sürməsi, paradokslar belə anlaşılan, başadüşüləndir.

Bəs Ermənistan özünə, öz gücünə necə güvənə bilər? Bunun üçün, yəni öz gücünə arxalanması üçün potensialı varmı? Əlbəttə ki, yoxdur, amma bunu bilən ermənilərin səs-küy salması məhz paradosk sayılır. Əvvəla ona görə ki, Ermənistan zirehli texnikasının, hərbi arsenalının yarıdan çoxunu, hərbçilərinin də daha böyük əksəriyyətini 44 günlük müharibədə itirib və güvənəcək heç nəyi yoxdur, amma paradoksal şəkildə dingildəyir. Məğlubiyyətdən sonra hələ də özünə gələ bilməyən Ermənistanın, silahlarını daha da təkmilləşdirən, hərbi potensilını dinamik şəkildə artıran, mümkün münaqişəyə hər an hazırlığı artan Azərbaycana qarşı dilemma ilə, yaxud hansısa şərtlə çıxış etmək arzusu belə paradoksdur. Çünki dəmir yumruğun əzdiyi başın nə yerdən qalxmağa imkanı var, nə də Azərbaycanla qarşı-qarşıya durmağa. Amma buna baxmayaraq, iddialar, təkəbbür dolu mövqelər, hətta revanş arzusu və niyyəti özünü biruzə verir ki, bu paradokslar ermənistan üçün əslində, gələcək fəlakət deməkdir.

Hadisələrin gedişi təsdiq edir ki, Ermənistanı yaxşı heç nə gözləmir. Heç ermənilər özləri də vətəndaşı olduqları ölkənin gələcəyi barədə nikbin düşüncəyə malik deyillər. Bu ölkə haqqında bir dənə də nikbin proqnoz verilmir. Bəli, işğalçı ölkəyə vədlər verilir, bu isə proqnoz demək deyil, sadəcə alət olaraq ermənilərdən, Ermənistandan istifadə edilməsi fonunda bu baş verir. Hansısa bir ölkə də birbaşa olaraq nə Ermənistanın yerinə döyüşmək hüququna sahibdir, nə də istəyinə. İran kimi, Fransa kimi hansısa ermənipərəst ölkə Ermənistanı guya müdafiə edə, yaxud qarşıdurmaya, təxribatlara provokasiya edə, təhrik edə bilər, amma 44 günlük müharibə təsdiq etdi ki, nə Makron, nə Rəisi, nə də molla rejimi dəmir yumruğun altına başını qoymadı, əzilən erməni başları oldu. Hansısa kənar qüvvələrin yağlı dilinə, şirin vədlərinə arxayın olaraq, güvənərək ermənilərin baş qaldırmaları ilə yalnız öz başlarının əzilməsi özü də paradoksal haldır, çünki yalnız öz başları əzildi, onlara vəd verənlərin yox. Məsələ burasındadır ki, hələ də ermənilər bu reallığa ya görə bilmirlər, başa düşməkdə çətinlik çəkirlər, ya da başa düşmək, görmək istəmirlər, çünki çirkin niyyətili ambisiyaları gözlərini bağlayıb.

Dünyanın heç bir dövləti ermənilərin arzuladığı qondarma qurumu tanımayıb, tanımır da. Heç Ermənistan özü də bunu etməyib. “Əgər Ermənistan Qarabağın “müstəqilliyini” tanısaydı, bu, bizim münaqişənin həlli ilə bağlı danışıqlardan imtina etməyimiz demək olardı. Müstəqilliyi tanıyırıqsa, o zaman daha nə danışıqlar aparaq? Ona görə də vəziyyəti daha da çətinləşdirməmək üçün tanımırıq”, deyən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan açıq şəkildə bunu bildirib. Ən böyük paradoks isə odur ki, bunu Ermənistan özü etmədiyi halda başqa dünya dövlətlərindən gözləyib və hələ də gözləməkdədir. Məsələ burasındadır ki, dünyanın heç bir ölkəsinin tanıyacağına ümidləri də yoxdur. O halda nəyə görə hələ də kor tutduğunu buraxmayan kimi inad edirlər?

Qərbə işğalçı ölkənin ümid etməsi də gülünc görünür, çünki bu ölkənin əsas müttəfiqləri hesab olunan Rusiya və İran Qərb üçün qəbuledilməz hesab olunur. Bu halda Qərbin İrəvanı dəstəkləyəcəyi də ağlasığan deyil. İran isə həm Qərbdən, həm də Türkiyədən ehtiyatlanaraq etdiyindən artığını Ermənistan üçün bundan sonra edə bilməyəcək. Bir tərəfdən də Türkiyənin Cənubi Qafqazda təsirinin güclənməsindən ehtiyat edən İran qəti şəkildə Azərbaycan-Türkiyə tandeminə qarşı çıxmağa cəsarət edə bilməz. Eyni zamanda, Azərbaycan və Ermənistanla sərhəddə yaşayan, üstəlik, ölkə daxilindəki vəziyyətdən narazı olan, vaxtaşırı etiraz aksiyalarında iştirak edən on milyonlarla azərbaycanlının olması da İranın öz həddini aşmaması üçün bir faktordur. Ona görə ki, İran sərhəddində Türkiyə-Azərbaycan blokunun güclənməsi müstəqil Quzey Azərbaycanın mövcudluğu kimi bir çağırışa səbəb ola bilər və bu da İran üçün heç də arzuolunan deyil. Belə bir məqamda, bu vəziyyətdə İran maksimum dərəcədə edə bildiyini Ermənistan üçün etmiş sayılır və bundan artığına heç ermənilər özləri də inanmırlar. Amma Ermənistan üçün paradoksal halın biri də odur ki, bu reallıqları bilə-bilə bu ölkə hakimiyyəti, eləcə də vətəndaşlarının bir qismi İrana güvənmək fikrindədir.

Azərbaycana məxsus olan Qarabağ ərazisinə olan iddialarından əl çəkərək sakit, stabil həyat tərzinə keçmək imkanı ola-ola Ermənistan bundan niyə imtina edir? Maraqlıdır, amma səbəbsiz deyil. Səbəb odur ki, buna mane olanlar və mane olan ideologiya var bu işğalçı ölkədə. “Miatsum” adlanan bu ideyalogiya Ermənistanın milli ideologiyasının əsasını təşkil edir və bu ölkənin bəlası da bundan başlayır. Düzdür, Nikol Paşinyan və onun komandası bu ideologiyanın onları uçuruma apardığını yaxşı bilir, amma buna qarşı çıxa da bilmir. Ona görə ki, Ermənistan cəmiyyətinin böyük əksəriyyəti üçün buna qarşı çıxmağın qəbuledilməz olduğunu da yaxşı bilirlər, üstəlik, onu da bilirlər ki, buna qarşı çıxmağın qəbuledilməz olduğu qənaətində olan kütlə Paşinyan hakimiyyətindən güclüdür. Daha dəqiq desək, erməni baş nazir bu gücdən qorxur və həmin kütlə ilə guya razılaşması da daxili auditoriyaya hesablanan addım hesab olunur. Məhz paradoksal məqamlardan biri də bundan ibarətdir ki, daxili auditoriyaya qarşı çıxaraq, həmin ideologiyadan imtina edə bilməyən Ermənistan hökuməti gah Qarabağla bağlı məsələnin guya həllinə çalışdığını bəyan edir, gah da danışıqlar masasında, özü də utanmadan oturur. Bir halda ki, sözügedən ideologiyaya qarşı çıxa bilmirsə, bu hakimiyyət, bu dövlət hansı danışıqları, özü də müstəqil şəkildə apara bilər? Axı müasir Ermənistanın sosial-psixoloji durumu elədir ki, Paşinyan və onun hakimiyyətinə Qarabağı tərk etməyə imkan vermir və ilk növbədə bu psixoloji problemi həll etməli olduğunu işğalçı ölkə hakimiyyəti dərk etməlidir.

Erməni politoloqları içərisində Ermənistanın Qarabağla bağlı vəziyyəti geri qaytarmaq şansının olmadığı qənaətində olanlar da var, Qarabağdan geri çəkilməyi mümkün hesab edən insanlar da. Məsələ burasındadır ki, onlar həmin o çürük ideologiyaya inananlardan gücsüz olduqlarını da bilirlər və fikirlərini də qorxa-qorxa bildirirlər. Daşı ətəyindən tökmək istəməyənlər bilməlidirlər ki, Ermənistan bölgədə tək deyil, dörd dövlətin əhatəsindədir. Özü də bu dövlətlərdən ikisinin xalqı türk xalqıdır və həmin dövlətlərin də qardaşlıq münasibətləri var. Həmin iki dövlət, yəni Türkiyə və Azərbaycan nəinki birlikdə, hətta ayrı-ayrılıqda belə hərbi və iqtisadi cəhətdən ölçüyəgəlməz dərəcədə Ermənistandan güclüdür. Üstəlik bu dövlətlərin müttəfiqliyi, qardaşlığı birliyi qarşısında istənilən çürük ideologiya fiaskoya məhkumdur və bunu ermənilər nə qədər gec başa düşəcəklərsə, bir o qədər ziyan görmüş olacaqlar.

Ermənistanda müşahidə edilən, bu işğalçı ölkə üçün xarakterik olan paradokslar təsdiq edir ki, rəsmi İrəvan çox uğursuz siyasət, hətta mənasız geosiyasət yürüdür və bu da həmin ölkənin fəlakətinə səbəb olacaq. Məhz 44 günlük müharibədən, Ermənistanın rüsvayçı məğlubiyyətə, kapitulyasiya sənədinə imza atmasından sonra separatçı rejimin qalıqlarının da əl-qolu bağlı görünür, baxmayaraq ki, hələ də çabalayırlar. Rusiyadan əli üzülən, İranın vədlərinin mənasız olduğunu anlayan, Fransanın yalnız sözdə dəstək olduğunu görən, Qərbin dəstəyinə bel bağlamayan Ermənistanın dovlət quruluşu, modeli, hətta milli ideyası belə havadan asılı qalır. Bütün bunların fonunda hansısa çürük ideologiyanı irəli sürmək, arxasınca getmək və nəyə isə ümid etmək, inanmaq təkcə axmaqlıq deyil, həm də çox gülünc bir paradoksdur ki, bunu hamı Ermənistanda müşahidə edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə