Azərbaycan-Serbiya münasibətləri: yeni prespektivlərə yol açan strateji tərəfdaşlıq - TƏHLİL
Prezident İlham Əliyev: "Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq"
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Serbiya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. Serbiya arasında əlaqələr qarşılıqlı etimad əsasında davam etdirilir. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib və strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir. Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin ölkəmizə işgüzar səfəri bu əlaqələrin davamlığına əsaslanır. Dövlətlərarası münasibətlər iqtisadiyyat, enerji və digər sahələrdə yeni prespektivlərə yol açmışdır. "Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımız bildirib.
"ƏLAQƏLƏRİMİZİN DİNAMİKASI DOĞRUDAN DA ÇOX MÜSBƏTDİR"
Prezident Vuçiçin dəvəti ilə bir ay əvvəl Serbiyada rəsmi səfərdə olduğunu qeyd edən dövlətimizin başçısı deyib: "Şadam ki, əziz dostum mənim dəvətimi qəbul edib və bir ay keçmədən Bakıya səfər edib. Bu onu göstərir ki, əlaqələrimizin dinamikası doğrudan da çox müsbətdir. Biz keçən ay Belqradda qəbul etdiyimiz qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Nəinki arzulayırıq və eyni zamanda, hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bilirəm ki, bu ay ərzində bizim müvafiq strukturların rəhbərləri bir-biri ilə təmasda olmuşlar və bu gün bu təmaslar davam edir. Bir sözlə, biz istəyirik ki, bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf etsin və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunsun".
Cənab Prezident bildirib ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, hələ ki, o, istənilən səviyyədə deyil: "Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır".
ƏLAQƏLƏRİN DAHA DA GENİŞLƏNMƏSİNƏ YENİ İMKANLAR YARADILIR
Qeyd edək ki, 2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı əhəmiyyət kəsb edir. Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən-ilə genişlənir. İkitərəfli əlaqələrin daha da geniş miqyas alması üçün potensial böyükdür.
Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində dövlət başçıları vacib məsələləri müzakirə edib və bir sıra sənədlər imzalanıb. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Sözsüz ki, rəsmi görüş və sənədlərin imzalanması əlaqələrin daha da genişlənməsinə yeni imkanlar açır. Belə ki, dövlət başçıları Birgə Bəyanat, strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Memorandumu imzalayıblar. Bu sənədlərin imzalanması əməkdaşlığın yeni müstəviyə qalxması deməkdir. Qeyd edək ki, səfər çərçivəsində enerji sahəsində əməkdaşlığın aparılması, elektrik enerjisi sahəsində, beynəlxalq arenada əməkdaşlığın gələcək inkişafı üçün məsələlər və s müzakirə olunub.
"SERBİYA-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN GƏLƏCƏYİ İLƏ BAĞLI ANCAQ NİKBİN FİKİRDƏ OLMAQ OLAR"
Dövlət başçısının dünən mətbuata çıxışında energetika sektorunun əməkdaşlığımızın bir hissəsi olduğunu bildirib. Son vaxtlar bu sahənin daha böyük əhəmiyyət kəsb etdiyini bildirən dövlət başçısı qeyd edib ki, Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə: "Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır. Onu da bildirməliyəm ki, dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik".
Göründüyü kimi. Serbiya və Azərbaycan arasında ikitərəfli əlaqələr bütün sahələrdə dostluq və qarşılıqlı anlaşma üzərində qurulub: "Əminəm ki, biz gələn ili də bu ab-hava şəraitində keçirəcəyik. Çünki bu il ikitərəfli əlaqələrimiz üçün çox uğurlu olub. Həm qarşılıqlı iki səfər, eyni zamanda, bizim nümayəndə heyətlərinin üzvlərinin təmasları və bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar" – deyə Azərbaycan Prezidenti bildirib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB