Forum iştirakçıları humanitar əməkdaşlığın gücləndirilməsini zəruri sayıblar

Forum iştirakçıları humanitar əməkdaşlığın gücləndirilməsini zəruri sayıblar

MDB-nin iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının XV Forumunun iştirakçıları Birlik ölkələrinin xalqları arasında çoxtərəfli humanitar əməkdaşlığının daha da möhkəmləndirilməsi, ümumi mədəni, təhsil və informasiya məkanının inkişaf etdirilməsi, çoxəsrlik mənəvi əlaqələrin qorunub saxlanılması və əməkdaşlığın yeni, səmərəli formalarının axtarışının tərəfdarı olduqlarını bəyan ediblər. SİA xəbər verir ki, bu barədə Özbəkistanın paytaxtında keçirilən forumun yekunlarına dair qəbul edilmiş qətnamədə deyilir.

MDB məkanında humanitar əməkdaşlığın 30 illik inkişaf təcrübəsinin, habelə pandemiya və yeni qlobal çağırışlar şəraitində qarşılıqlı fəaliyyətin müzakirəsinin nəticələrinə əsaslanaraq, forum iştirakçıları "Birlik ölkələrinin dillərinin, mədəniyyətlərinin, tarixinin, mədəni irsinin və milli adət-ənənələrinin hərtərəfli öyrənilməsi və təbliği" üçün mədəniyyət, elm və təhsil təşkilatları, ictimai birliklər arasında əməkdaşlığın genişləndirilməsinin təşviq edilməsinin zəruriliyini qeyd ediblər. Onlar Birlik ölkələrinin kinostudiyalarının Beynəlxalq Yaradıcılıq Birliyinin yaradılması ideyasını dəstəkləyib, eyni zamanda birgə filmlərin istehsalı və yayımı, festivallarda və beynəlxalq kinoforumlarda MDB ölkələrinin ekran əsərlərinin təbliği sahəsində təşəbbüslərin lehinə çıxış ediblər. Qətnamədə teatr, televiziya, incəsənət və digər yaradıcılıq növləri üzrə beynəlxalq yaradıcı kollektivlərin formalaşdırılmasına yönəlmiş yeni layihələrin işlənib hazırlanması və inkişafının zəruriliyi də göstərilib.

Forum iştirakçıları elm və təhsil sahəsində “bütün səviyyələrdə sərfəli və keyfiyyətli təhsilin təmin edilməsinin, təhsilin məzmununun yenilənməsinin, innovativ informasiya texnologiyalarını tətbiq olunmasının, müasir təhsil mühitinin formalaşdırılmasının, pedaqoji heyətin peşəkar səriştəsinin artırılmasının və ixtisasların qarşılıqlı tanınmasının, təhsildə inklüziv yanaşmanın inkişaf etdirilməsinin, eləcə də yaradıcı və sosial məsuliyyətli şəxsiyyətin formalaşdırılması üzrə tərbiyə işi sisteminin inkişaf etdirilməsinin” səmərəli yollarının birgə axtarışını dəstəkləməyə çağırıblar. İkili diplom proqramlarının genişləndirilməsi, birgə hazırlıq kurslarının, qrant proqramlarının təşkili, Birlik ölkələrinin təhsil təşkilatlarının filiallarının qarşılıqlı açılması, “elektron təhsil”in inkişafı və gənc alimlərin elmi və tətbiqi işlərinə qrant dəstəyi sisteminin inkişafı ilə bağlı təhsil platformaları və proqramlarına sərbəst çıxışın təşviq edilməsi zərurəti qeyd edilib.

Forumda MDB ölkələrinin milli ədəbiyyatlarının təbliği və populyarlaşdırılması, qarşılıqlı nəşrlərin və kitabların tərcümələrinin, o cümlədən yeni rəqəmsal mühitdə dəstəklənməsi, kitab sənayesinin inkişafı üzrə birgə iş üsullarının axtarılması, Müstəqil Dövlətlər Birliyi məkanında rus dilinin millətlərarası və mədəniyyətlərarası ünsiyyət dili kimi təbliğ edilməsi barədə razılığa gəliblər. Gənclərin əməkdaşlığı sahəsində təhsil, mədəniyyət, elm, sahibkarlıq fəaliyyəti, könüllülər hərəkatının inkişafı sahəsində birgə təşəbbüsləri təşviq etmək, həmçinin gənc nəsildə 1941-1945-ci il İkinci Dünya müharibəsində sovet xalqının şücaəti ilə bağlı xatirəni yaşatmaq üçün tədbirləri dəstəkləmək qərara alınıb.

Forumda Azərbaycandan Milli Elmlər Akademiyasının qurumlarını, Elm və Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirliklərini, elm və mədəniyyət xadimlərini təmsil edən 10 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib. Onlar “MDB ölkələrinin elm və təhsil ictimaiyyəti”, “MDB-nin ən son mədəni kodu: əməkdaşlığın inkişafı vektorları”, “Birlik ölkələrinin ədəbiyyatı – inteqrasiyanın yeni mexanizmləri”, “Birlik ölkələri gənclərinin əməkdaşlığı” müzakirə platformalarının işində fəal iştirak ediblər.

Forumun gedişində “Birlik ulduzları” dövlətlərarası mükafatı laureatlarının təntənəli təltif edilməsi mərasimi keçirilib. “Mükafatın laureatlarından biri azərbaycanlı rəssam Natiq Əliyev olub. Gənc azərbaycanlı memar İlqar Manaflı isə “Debütlər Birliyi” beynəlxalq mükafatının sahibi olub.

Forum çərçivəsində MDB-nin iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və MDB-nin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) İdarə Heyətinin birgə iclası keçirilib. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu yenidən MDB-nin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə