Azərbaycan Ordusu 30 ilin nisgilinə son qoydu və44 günlük müharibədə əldə olunan qələbələr 10 noyabrüçtərəfli Bəyanatının imzalanması ilə nəticələndi. Bu Bəyanat Azərbaycanın siyasi qələbəsinin, Ermənistanın məğlubiyyətinin təqdimatı idi. Dünya bir daha bu reallığın şahidi oldu ki, ermənilər nə qədər havadarlarına arxalanıb işğal altında saxladıqları torpaqlarımızda istehkamlar qursalar da, güclü hərbi texnika ilə təmin olunsalar da Azərbaycan Ordusu bütün bu istehkamları yarıb keçərək torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırdı.

​Əlbəttə, Azərbaycan dövləti münaqişənin başlandığı, tarixi torpaqlarımızın işğal altında saxlanıldığı 30 ilə yaxın müddət ərzində hər zaman sülh tərəfdarı olub. Cənab Prezident bütün çıxışlarında, beynəlxalq səviyyəli görüşlərində bunu dəfələrlə bəyan edib. Danışıqlar prosesində Azərbaycan fəal iştirakçı olaraq hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb, məsələnin beynəlxalq hüquq normaları daxilində çözülməsinin tərəfdarı olub. Məhz buna görə Azərbaycan ötən 30 ilə yaxın müddətdə sülh yolu ilə, dinc yolla torpaqlarımızın işğaldan azad olunmasını gözlədi. Lakin cənab Prezident bütün çıxışlarında deyirdi ki, lazım gələrsə, torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazırıq. Və Azərbaycan, o lazım gələn ana hazır olmaq üçün ordumuzu da gücləndirirdi. Nəticədə Ali Baş Komandan öz vətəndaşlarını qorumaq, ərazi bütövlüyünü təmin etmək məqsədilə əks-hücum əməliyyatı əmrini verdi.

​Beləliklə, böyük qələbənin simvoluna, məntiqi yekununa çevrilən və dekabrın 10-da Bakıda keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu. Şanlı Ordumuz işğal altında olan ərazilərimizi birdəfəlik işğaldan azad etməklə düşmən üzərində misli görünməmiş Qələbə qazandı. 30 il həsrət qaldığımız Vətən torpaqlarında indi artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da hər birimizə böyük qürur və fəxarət hissi yaşadır.

​“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

​Paradda nümayiş etdirilən silahlar dostlarımıza rahatlıq, düşmənimizə qorxu verir. Məlumdur ki, 44 günlük Vətən müharibəsində apardığımız azadlıq mübarizəsi zamanı silah-sursatını qoyub qaçan, fərarilik edən işğalçı Ermənistan ordusuna məxsus xeyli texnika və silah-sursat hərbi qənimət olaraq götürülübdür. Döyüşlərdə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın xeyli hissəsi məhv edilib, saz vəziyyətdə ələ keçirilənləri isə qənimət olaraq Azərbaycan Silahlı Qüvvələrinin sərəncamına verilibdir. Bu milli qürur və iftixar doğururdu. Əminik ki, ümumi dəyəri 4 milyard ABŞ dollarından artıq dəyərləndirilən o texnikaların yerini doldurmaqda Ermənistan hakimiyyəti xeyli müddət çətinlik çəkəcəkdir.

​Xalqımızın Vətən müharibəsində misilsiz qəhrəmanlığının və qazandığı tarixi zəfərin əbədiləşdirilməsi üçün Azərbaycan Prezidentinin Sərəncamı ilə paytaxtımızda Zəfər Muzeyinin inşası çox əlamətdar bir hadisədir. Beş hektara yaxın dənizkənarı ərazidə Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü və sərəncamı ilə bu park yaradıldı. Parkın salınmasında məqsəd 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və qazandığı möhtəşəm tarixi Zəfər barədə dolğun təsəvvürün yaranmasıdır. Buraya gələn insanlar Vətən müharibəsi günlərində düşmənin mühəndis maneələri sistemini -sədləri, beton örtüklü mühəndis qurğularını, tank əleyhinə xəndəkləri, dirəkləri, kirpiləri, minalanmış sahələri, tunelləri, tikanlı məftillərdən ibarət maneələr sistemini, səngərləri və sığınacaqları olduğu kimi görür, avtomobillər, zirehli texnikalar, artilleriya qurğuları açıq səma altında qonaqlara nümayiş etdirilir.

​44 günlük Vətən Müharibəsi dövründə qardaş Türkiyənin Azərbaycana mənəvi, siyasi dəstəyinin əvəzsiz olduğunun bir daha şahidi olduq. Bu cür təmənnasız birlik, dövlət maraqlarının birgə müdafiə olunması, ən çətin məqamlarda belə böyük riskləri gözardı edərək ortaya güclü iradə qoyulması beynəlxalq münasibətlər sistemində yeni bir örnəkdir. Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı zəfərdə qardaş Türkiyənin böyük payı var. Qardaş ölkənin mövqeyini, gücünü, siyasi, mənəvi dəstəyini bütün dünya gördü. Azərbaycan xalqı, ordusu daim arxasında bu güclü əli hiss etdi, bu bizi qələbəyə daha da ruhlandırdı. Möhtəşəm Zəfər paradı bir daha təsdiq etdi ki, qədim tarixi kökləri olan, zamanın sərt sınaqlarından üzü ağ çıxan Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədidir, sarsılmazdır. Dostlarımızı sevindirən, düşmənlərimizə göz dağı verən bu dostluq, həmrəylik, birlik bundan sonra daha da möhkəmlənəcək, sonsuzluğa qədər var olacaqdır.

​Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdı. Bunun adı Vətən müharibəsidir. Bu gün Azərbaycanın Qələbə salnaməsinin ilk günü kimi tarixə yazıldı. Beləliklə, "Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.


Məmləkət Qaraçobanova

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı​​​

Bütün xəbərlər Facebook səhifəmizdə