Prezident İlham Əliyev: "Biz Qarabağın və Zəngəzurun bərpasını bütün ölkənin yenidən qurulmasının modeli hesab edirik"
Azərbaycana dünyanın müxtəlif dövətlərinin marağının artması ölkəmizin siyasi gücünə, iqtisadi inkişafına, sülhsevər dövlət olmsına əsaslanır. Müstəqillik tariximizdə ölkəmizin etibarlı tərəfdaş olması, təhlükəsizliyə, sabitliyə verdiyi töhfələrin məntiqi nəticəsidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilərək BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq qurumların üzvüdür. Müasir dünyada Azərbaycan artıq ən qlobal mahiyyət kəsb edən və dünyanın marağında olan mövzuların müzakirə olunduğu bir məkana çevrilib. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərdən sonra keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ötən gün noyabrın 25-də Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrin ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.Konfransın açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işlərinə nəzər salaraq Ağalı kəndinin sakinlərinin artıq məskunlaşdıqlarını qeyd edərək bildirib ki, bu, yalnız Qarabağın işğalı dövründə əziyyət çəkmiş keçmiş köçkünlər qarşısında bizim mənəvi borcumuzun təzahürü deyil: "Biz Qarabağın və Zəngəzurun bərpasını bütün ölkənin yenidən qurulmasının modeli hesab edirik". Şərqi Zəngəzurda və Qarabağda görülən işlər Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinin necə sürətlə aparıldığının göstəricisidir.
"ERMƏNİLƏR ÖVLADLARINI TÜRKİYƏYƏ VƏ AZƏRBAYCANA NİFRƏT RUHUNDA TƏRBİYƏ EDİRLƏR"
Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasət beynəlxalq ictimaiyyətin diqqətindədir. Xatırladaq ki, cari ilin aprelin 10-13-də ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq", 29-da isə "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfranslar, oktyabrın 5-6-da Ağdamda Milli Şəhərsalma Forumu və digər tədbirlər böyük maraqla qarşılanıb.Əlbəttə ki, sülh bütövlükdə dünya insanın arzuladığı nemətdir, dəyərdir. Sülh olan yerdə əmin-amanlıqdan, inkişafdan danışa bilərik. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bu baxımdan, müasir dövrdə Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanaraq, sülhsevər siyasətini həyata keçirir.Sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir və bu siyasət Azərbaycanın beynəlxalq aləmdə imicini artırır.
Azərbaycan Prezident çıxışında regionda dinc birgəyaşayışa nəzər salaraq erməni cəmiyyətinin onilliklər ərzində erməni diasporu və erməni millətçiləri tərəfindən aparılmış təbliğat ilə zəhərləndiyini bildirib: "Bu, ermənilərin Qarabağın azərbaycanlı kəndlərində və şəhərlərində, həmçinin azərbaycanlılara qarşı törətdiklərinin səbəblərindən biridir. Ermənilər övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər". Dövlətimizin başçısı bildirib ki türkofobiya və azərbaycanofobiya Ermənistanın ideologiyası olmuşdur: "Onlar özlərinin tarixi və tarixi şəxsləri haqqında o qədər miflər fikirləşiblər ki, artıq özlərinin uydurmalarına inanmağa başlayıblar. Ermənistanın bütün tarixi, Ermənistanın bütün tarixi irsi saxtadır".
"AZƏRBAYCANA QARŞI BU QƏDƏR NİFRƏT VƏ HƏDƏ-QORXU İLƏ DOLU BƏYANAT VERİLMƏMİŞDİ"
44 günlük Vətən müharibəsindəki əldə olunan şanlı Qələbə və regionda yaranan reallıqlar fonunda ölkəmizin inkişafı bir sıra dövlətlər kimi İran da həzm edə bilməyib. İranın Ermənistana açıq dəstək ifadə etməsi, rəsmi səviyyəli səfərlər bu dövlətin anti-Azərbaycan siyasət yürütdüyünü açıq-aydın göstərir. Zəfər qazanaraq regionda yeni reallıqlar yaratmış Azərbaycanın Ermənistanla sülhün əldə edilməsinə, Zəngəzur dəhlizinin reallaşdırılmasına ciddi cəhdlə təsir edir. Ölkəmizə dost, mehriban qonşu kimi özünün təqdim edən İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. "Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi", - deyə Azərbaycan Prezidenti bildirib: "Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir".Heç şübhəsiz ki, dünyada çəkisi olan Azərbaycanla hədə-qoxu, diktə ilə danışmaq mümkün deyil. Əminliklə qeyd edək ki, güclü və qüdrətli Azərbaycan gərginliyin aradan qaldırılması üçün sülsevər siyasətinin ortaya qoyaraq, lazımi addımlar atacaqdır.
"AZƏRBAYCANDA TƏDRİSİN RUS DİLİNDƏ APARILDIĞI 340 MƏKTƏB FƏALİYYƏT GÖSTƏRİR"
Cənab Prezident konfrans iştirakçılarının diqqətinə onu da çatdırıb ki, Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir: "Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq". Dövlətimizin başçısı onu da bildirib ki, biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır.
Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları, Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. İstər ictimai-siyasi baxışları, istər mədəni-sosial layihələri, istərsə də mötəbər təbdirlərin iştirakçısı olaraq, Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan dünya üçün bir örnək olan ölkəyə çevrilib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB