Faciədən yaxa qurtarmaq üçün ERMƏNİSTANIN VAXTI DARALIR - TƏHLİL

Faciədən yaxa qurtarmaq üçün ERMƏNİSTANIN VAXTI DARALIR - TƏHLİL

Sülh danışıqları üçün əməli addımlar atmaq əvəzinə rəsmi İrəvan nəinki danışıqlara yenə də dırnaqarası baxır, hətta danışıqlara mane olacaq tezisləri ortaya atır və bununla da Azərbaycanla münasibətlərini daha da gərginləşdirməyə çalışır. Şəxsən Ermənistanın baş naziri Nikol Paşinyan yenə də sərsəm fikirlər səsləndirir və bununla təkcə daxili auditoriyanın başını qatacağını düşünmür, eyni zamanda, xarici qüvvələri məsələyə cəlb etməyə çalışır, amma görünür, dərk edə bilmir ki, iki il əvvəl qarşılaşdığı kimi bir faciədən yaxa qurtarması üçün ölkəsinin də, özünün də vaxtı daralır.

Həqiqətən də Paşinyanın son vaxtlar sayıqladığını, utanmadan Azərbaycanı ittiham etməyə çalışdığını müşahidə etməkdəyik. Halbuki, bir qədər öncə onun tamamilə başqa tərzdə, ən azında qorxu içərisində olduğunu sifətindən də görürdük və şahidi idik ki, bütün beynəlxalq görüşlərdə onun üzündən hüzn, məyusluq yağırdı. Maraqlıdır, qəflətən nə oldu ki, birdən-birə yenə də Nikol “cəsarət” tapdı. Sözsüz ki, yenə də erməni baş nazirə ürək-dirək verildiyi bəlli oldu və onun budəfəki sayıqlamasının səbəbi də ortaya çıxdı. Xüsusilə, Fransa Senatının son günlər Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi məsələyə aydınlıq gətirdi. Aydın oldu ki, bu dəfə də başda elə erməni baş nazir olmaqla, ermənilərə dil verən Fransa prezidenti Makron olub.

“Azərbaycan Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşı adlandırır və eyni zamanda, onlara atəş açır”, deyən erməni baş nazir növbəti dəfə həyasızlıq edir. Maraqlıdır, Azərbaycan öz ərazisində məskunlaşan erməni əsilli əhaliyə niyə atəş açmalıdır və bunu iddia etmək üçün nə qədər axmaq olmaq lazımdır? Hamı, eləcə də Nikol özü də yaxşı bilir ki, Qarabağ ərazisində təkcə erməni əsilli əhali yox, əfsus ki, əli silahlı separatçılar da var, hansıki onların heç nazı ilə oynanılası deyil və Azərbaycan əleyhinə istənilən təxribat cavabsız qala bilməz, separatçılıq əməllərinə əl atdıqları zamanda onların da hədəfə çevrilməsi gözləniləndir. Paşinyan məhz bu məqamı bilərəkdən qarışdırır və bundan istifadə etməyə çalışır. Əvvəla, bir neçə il öncə küçə nümayişlərində avantüristliyi ilə seçilən bu erməni baş nazir yenə də manipulyasiya etmək niyyətindədir, amma dərk etmir, yaxud dərk etmək istəmir ki, iddiaları absurd səslənir. Digər tərəfdən də, Nikol bu dəfə də sayıqlamaları ilə yalnız özünü, öz hakimiyyətini ifşa edir və açıq şəkildə bəlli edir ki, sülh danışıqlarından yayınmaq niyyətindədir.

Təbii ki, Ermənistan tərəfinin öz məğlubiyyəti ilə barışmadığı göz önündədir və hansısa formada çabaları da açıq şəkildə özünü büruzə verir. Ələlxüsus, 44 günlük müharibə başlayan günə qədər bu işğalçı ölkənin uydurduğu, mifləşdirdiyi nə var idisə hamısının elə döyüşün ilk günlərindən başlayaraq Azərbaycan Ordusu, əsgərlərimiz tərəfindən darmadağın edilməsi ermənilər tərəfindən həzm edilə bilmir, hətta guya bəzilərinin qüruruna da toxunub. Hərçənd ki, on mindən çox fərarisi olan bir ölkənin, onun hakimiyyətinin hansısa formada qürur haqqında düşünməyə belə artıq haqqı çatmır. Yaxud, əsrin üçdə birinə yaxın müddət ərzində ermənilərin qurduqları istehkamları, ələlxüsus, mifləşdirdikləri Ohanyan səddini qəhrəman döyüşçülərimizin, rəşadətli əsgərlərimizin keçməsi, Şuşa kimi alınmaz bir qalanın hərbçilərimiz tərəfindən az qala əlbəyaxa döyüşərək işğaldan azad edilməsi kimi real faktlar ümumiyyətlə, ermənilərə dinib-danışmaq üçün belə heç bir haqq vermir.

Xatırladaq ki, 44 günlük müharibədən öncə ermənilər ən hündür yerlərdə, yüksəkliklərdə, strateji mövqelərdə qərarlaşdıqları zaman nədənsə dəm vurmaları, hansısa tələblərlə çıxış etmələri hardasa başadüşülən idi və belə gülünc səslənmirdi. Amma indi, yəni hayların məğlubiyyət acısını yaşamasından, vəziyyətin Azərbaycanın xeyrinə köklü şəkildə dəyişməsindən sonra ermənilərin iddiaları elə qalan bütün cəfəngiyyatları ilə eyni cür səslənir. Artıq rəsmi İrəvan müharibədə uğradığı rüsvayçı məğlubiyyətdən sonra rəsmi Bakı ilə danışıqlarında tələblərlə çıxış edə bilməz. Bu həqiqəti guya Paşinyanın timsalında bütün ermənilər bilmirlər? Bilirlər. Özü də çox yaxşı bilirlər. Elə isə, Nikolun son zamanlar səsləndirdiyi ifadələr nə tərzdir, nədən qaynaqlana və nəyə hesablana bilər?

Qeyd etdiyimiz kimi, Ermənistan təkcə döyüş meydanında deyil, diplomatik görüşlərdə də hər dəfə məğlubiyyətlə üzləşməli olub və bundan sonra də gözləntiləri elə budur. Yəni, beynəlxalq platformalardakı görüşlər zamanı işğalçı ölkənin arzuladığı hansısa nəticəni qazanacağına zərrə qədər ümidi yoxdur. Sonuncu dəfə Soçi görüşündə ermənilər buna tam əmin oldular. Hətta havadarlarının, şəxsən Makronun timsalında ermənipərəstlərin dəstəyini də görə bilmədiklərinə də şahid oldular. Bununla belə, görüş zamanı Azərbaycan əleyhinə zərrə qədər müqavimət göstərə bilməyən Fransa prezidenti sözügedən görüşün ardınca ermənipərəst sayıqlamaları ilə gündəmə gəldi və bir müddət sonra da Fransa Senatı birmənalı şəkildə Azərbaycana qarşı qərəzli möveyini ortaya qoydu. Deməli, bütün bunlardan sonra Paşinyan və onunla bərabər sərsəmləyən komandası ürəklənəsi, hansısa absurd bəyanatlarla çıxış edəsi oldu. Bütün bu məqamlar məsələyə aydınlıq gətirmək üçün kifayət edir və bəlli olur ki, Fransa prezidenti də, bu ölkənin senatı da ermənipərəst mövqe ortaya qoymaqla, erməniləri nələrə isə, xüsusən də münaqişəyə, təxribatlara təhrik edir və Nikol da buna görə şirniklənərək sayıqlamağa başlayıb.

Nəzərə çatdırmaq yerinə düşərdi ki, Paşinyan və onunla eyni ağılda olan ətrafı çox böyük səhvə yol verir. Çünki rüsvayçı məğlubiyyətdən, yalvararaq kapitulyasiya sənədini imzalayacaq duruma düşməkdən, belə bir məcburiyyət qarşısında qalmaqdan nə Fransa prezidenti, nə Fransa Senatı onu qoruya bilmədiyini unudaraq axmaqlıq edir. Onu da xatırlatmaq lazımdır ki, erməni baş nazir imzaladığı sənədin, kapitulyasiya sənədinin şərtlərini pozur. Bu isə o deməkdir ki, eyni ilə iki il öncə Qarabağla bağlı sayıqlamalarından sonra ölkəsini faciəyə sürükləyən, çox sayda hərbçilərinin ölümünə, ölkəsinin hərbi texnikasının tamamilə məhvinə, külli miqdarda itkilərinə imza atan Nikol, yenə də öz xalqının faciəsi üçün zəmin, əsas yaradır. Paşinyanın beləcə sayıqlamaları, yersiz iddiaları, bəyanatları həm də Zəngəzur, Göyçə, ümumiyyətlə, tarixi Qərbi Azərbaycan torpaqları mövzusunu gündəmə gətirmək baxımından onun axmaqlıq, səhv etdiyinin sübutudur və görünür səriştəsiz Ermənistan hakimiyyəti bunu dərk etməkdə acizdir ki, rəsmi İrəvanın xoşagəlməz iddiaları istənilən zaman məhz sözügedən mövzunun gündəmə gəlməsinə səbəb ola bilər.

Nikol Paşinyan bir məsələdə də yanılır ki, Fransa prezidenti də, bu ölkənin senatı da onun və ölkəsinin olmayan silahlı qüvvələrinin yerinə sinəsini irəli verməyəcək. O, dərk etmir ki, Fransa nə qədər ermənipərəst olsa da Ermənistanın əvəzinə Azərbaycan Ordusunun qarşısına çıxmayacaq. Bir sözlə, ordusu, silahlı qüvvələri, silah arsenalı, hərbi texnikası, gücü, qüvvəsi olmayan Ermənistan hakmiyyəti kənar aktorlara arxalanmaqla böyük yanlışlığa yol verir. Bununla da ölkəsini bir faciədən digərinə sürükləyir. Məsələn, Fransa prezidentinin timsalında hansısa ölkə prezidentinin şifahi vədləri hələ heç nə demək deyil, amma buna arxalanmaq böyük faciəyə yol açmaq deməkdir. Halbuki, başda elə baş naziri olmaqla, işğalçı ölkənin hakimiyyəti öz xalqının faciəni sanki yaxınlaşdırmaqda maraqlıdır.

Bilirik ki, sülh sazişinin imzalanması üçün vaxt da müəyyən edilib və artıq bu ilin sonuna çox az zaman qalıb. Ermənistanın nazı ilə Azərbaycanın da sonsuza qədər oynayacağı inandırıcı deyil və ermənilərin canlarında olan qorxu özü buna inanılmadığını təsdiqləyir. Təsdiq edir ki, xarici aktorların müdaxiləsinin maksimum tərəfkeşlik olacağını, bundan o tərəfə keçə bilməyəcəyini ermənilər hamından yaşı bilirlər. Onu da bilirlər ki, ən azı bu ilin sonunadək belə davam edəcəyi təqdirdə işğalçı ölkə güclü Azərbaycanın qarşısında cavab verməli olacaq. Bu isə həmin ölkə üçün bu dəfə daha böyük faciə demək olacaq. Deməli, Ermənistanın düşünməsi, bu işğalçı ölkənin faciədən yaxa qurtarması üçün çox az vaxtı qalır. Yəni, Ermənistanın faciədən yaxa qurtarmaq üçün vaxtı daralır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə