Böyük Qayıdış uğurla davam etməkdədir - TƏHLİL

İşğaldan azad edilmiş ərazilərimizdə müharibədən sonrakı dönəmdə böyük quruculuq və abadlıq işlərinin hamı şahididir. Qarabağın əraziləri düşməndən azad ediləndən sonra həmin ərazilərdə quruculuq, abadlıq işlərinin görülməsi, infrastruktur lahihələrinin bərpası və yenidən qurulması göz önündədir. Torpaqlarımızın işğaldan azad olunmasından sonra vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qayıtması üçün əsaslı işlərin aparıldığı təsdiq edir ki, Böyük Qayıdış planı uğurla icra olunur.

Quruculuq və abadlıq işlərində məqsəd, əlbəttə ki, az qala əsrin üçdə birinə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalan və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi, rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti, cəsurluğu, eləcə də xalqımızın həmrəyliyi sayəsində 44 gün ərzində işğaldan azad edilən torpaqlara ən tez zamanda azərbaycanlıların, həmin torpaqların əsl sahiblərinin qayıdışı və firavan yaşayışının təmin edilməsidir. Dünya ictimaiyyəti Azərbaycanın Qarabağ iqtisadi rayonunda, işğaldan azad edilən ərazilərdə apardığı tikinti, quruculuq, bərpa işlərinin miqyasını görür və ermənilərin dağıdıcı, vandal xarakteri ilə bizim qurucu, yaradıcı missiyamızı müşahidə və müqayisə edir. Bu müşahidələr və müqaisələrlə dünya ictimaiyyəti işğaldan azad edilən həmin ərazilərin kimə məxsus olduğuna, daha dəqiq desək, həmin torpaqların ermənilərə deyil, Azərbaycan xalqına məxsus olduğuna bir daha əmin olur. Ona da əmin olur ki, Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinin gedişatı, əslində, həm Azərbaycan xalqının, onun liderinin qurucu olduğu, həm işğaldan azad edilən torpaqların xalqımıza məxsus olduğu, həm də erməni vəhşiliyi, hayların işğalçılıq, etnik təmizləmə siyasəti səbəbindən öz yurd-yuvalarından didərgin düşmüş, ata-baba torpaqlarından uzaq düşmüş həmvətənlərimizin öz doğma yerlərinə, obalarına qayıdışı, Böyük Qayıdış barədə bütün dünyaya çox aydın bir mesaj hesab olunur.

Görülən işlər, işğaldan azad edilən ərazilərdə şəhər və kəndlərin baş planlarının tərtib edilməsi, onların sürətlə dirçəldilməsi, əhalinin dayanıqlı şəkildə məskunlaşması, eləcə də iqtisadi aktivliyin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası, ələlxüsus da Böyük Qayıdışın təmin olunması üçün ötən ilin 16 noyabr tarixində cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması bu prosesin uğurla davam etdiyini bir daha təsdiqləyir. Ələlxüsus diqqətə çatdırmaq gərəkir ki, 2022-2026-cı illərə əhatə edəcək Dövlət Proqramı qarşıya mühüm vəzifələr, tapşırıqlar qoyub və onların icrası olduqca mühümdür.

"Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir", deyə cənab Prezident İlham Əliyevin vurğulaması təsdiq edir ki, Böyük Qayıdış proqramı uğurla isra olunmaqdadır. Ölkə rəhbərimizin görülən işlər barədə fikirlər səsləndirməsi, bəzi işləri xüsusilə vurğulaması sözsüz ki, nikbin proqnozlar üçün əsaslı zəmin deməkdir. "Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq", deyə bəyan edən Azərbaycan Prezidentinin öz siyasi iradəsi ilə hər zaman olduğu kimi, yenə də qarşıya qoyulan məqsədlərə nail olacağı zərrə qədər şübhə doğura bilməz. Çünki xalqımız dəfələrlə şahidi olub ki, dövlət başçısının verdiyi vədlər gecikmədən, tam zamanında reallaşıb və artıq Azərbaycan xalqına əminlik hissi olduqca yüksəkdir. Bir neçə şəhər və kəndin Baş planının təsdiqlənməsi, bir neçəsinin də təməlinin şəxsən ölkə rəhbərimiz tərəfindən qoyulması Böyük Qayıış proqramı barədə nikbin proqnozlar vermək üçün artıq yetərlidir.

Erməni vəhşiliyi nəticəsində dağıdılan yerlərin, 30 il müddətində viran qoyulan ərazilərin, erməni vandalları tərəfindən xarabalığa çevrilən şəhər və kəndlərin, yaşayış məntəqələrinin yenidən qurulması heç də az iş deyil. Müasir tələblərə cavab verən layihələrin bir neçəsinin artıq başa çatdırılması, bununla bərabər yenilərinin də təməlinin qoyulması və müvafiq işlərin aparılması böyük nailiyyətdir. İşğaldan azad edilən ərazilərimizdə iki beynəlxalq hava limanının ən qısa müddət ərzində təhvil verilməsi heç də kiçik həcmli iş sayıla bilməz və bu, böyük nailiyyət hesab olunur, hansı ki, dünya ictimaiyyətinin də marağına səbəb olan məhz budur. Ona görə ki, qısa müddət ərzində bu qədər işlərin görülməsi, özü də dövlətimizin öz gücü hesabına işlərin bir qısminin artıq başa çatdırılması ölkəmizin gücünü, qüdrətini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə iqtisadi cəhətdən quruculuğun təmin edilməsi ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilməkdədir.

Güclü iqtisadiyyatı, hərbi qüdrəti, siyasi-diplomatik imkanları, müsbət beynəlxalq imici olan bir ölkənin istənilən strateji hədəfinə vaxtında çatacağı bəllidir. Bu baxımdan əminliklə deyə bilərik ki, Azərbaycan qarşıda duran milli məqsədləri, xüsusilə də, Böyük Qayıdış planını reallaşdırmaq iqtidarındadır və xalqımız da buna əmindir. Bu əminlik eyni zamanda, Qarabağın, mədəniyyət paytaxtımız olan Şuşanın xilaskarı, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə mütəmadi səfərləri, atdığı uğurlu addımları, ölkə başçısının rəhbərliyi altında bərpa-quruculuq işlərinin sürətlə davam etməsi ilə daha da artır və bütün bunlar Böyük Qayıdış barədə sadalanan nikbin proqnozlar üçün əsas şərtdir. Bir-birinin ardınca işğaldan azad olunan ərazilərimizə həmin ərazilərin əsl sahiblərinin geri dönüşü, onların qayıdışının dövlətimiz tərəfindən təmin edilməsi təsdiq edir ki, Böyük Qayıdışın uğurla davam etdiyinə artıq zərrə qədər şübhə də ola bilməz.

Müəllif: İnam Hacıyev

6.3.7. “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə