İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı ön plandadır - TƏHLİL

İnformasiya və kommunikasiya texnologiyaları olmadan dünyamızı artıq təsəvvür belə etmək mümkünsüzdür. Bir reallığı da təkzib etmək olmaz ki, cəmiyyət davamlı şəkildə inkişaf etməkdədir və bu inkişafa təsir edən ən vacib, ən əsas amil məhz informasiya və kommunikasiya texnologiyalarıdır. Bu baxımdan heç də təsadüfi deyil ki, artıq informasiya və kommunikasiya texnologiyaları bizi əhatə edən bütün sahələri əhatə edir və bütün sahələrə də siraət edir.

Etiraf etmək lazımdır ki, müasir dünyada ölkələrin rəqabət aparmaq qabiliyyəti həmin ölkələrin məhz informasiya və kommunikasiya texnologiyalarından effektiv istifadə dərəcəsindən asılıdır. Məhz buna görə də informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində Azərbaycanda uğurlu addımların atılmasına üstünlük verilir və məqsəd də ölkəmizin dünya ölkələri ilə istənilən sahədə rəqabət qabiliyyətinin daha da yaxşılaşdırılmasıdır. Bu baxımdan informasiya və kommunikasiya texnologiyalarının inkişafının dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi heç də əbəs yerə deyil.

Hazırda dünya bazarında elektron ticarətin rolunun son onillikdə əhəmiyyətli dərəcədə artması, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində hər bir ölkənin ardıcıl tədbirlər görməsi, bu sahənin inkişaf etdirilməsinin həminn ölkələrin dövlət siyasətinin prioritetlərindən birinə çevrilməsi heç də təsadüfi deyil. Hazırda informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişaf tempinə, eləcə də səviyyəsinə görə Azərbaycan bir sıra ölkələrdən öndədir və bu sahə ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynamaqdadır. Sözsüz ki, bu sahəyə dövlətimizin də qayğı və diqqətini qeyd etmək yerinə düşərdi. Ölkəmizdə bu sahənin inkişafı ilə əlaqədar aparılan islahatlar, innovasiya yönümlü fəaliyyətin daha da inkişaf etdirilməsi, gücləndirilməsi, daha informativ cəmiyyətin qurulması dövlətimizin qayğı və diqqətinin bariz nümunəsidir. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi üzrə innovasiya fəaliyyəti ilə məşğul olan subyektlərə stimullaşdırıcı xarakterli maliyyə ayrılması, müxtəlif yeni texnoloji vasitələr və mexanizmlərin hazırlanması istiqamətlərində yardım məhz dövlətimizin dəstəyidir və bunu hər birimiz müşahidə etməkdəyik.

2003-cü ildə Ulu Öndər Heydər Əliyevin təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, cənab Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi "2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı", həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı", “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “İnformasiya cəmiyyətinin inkişafına dair qəbul edilən sənədlər Azərbaycan dövlətinin informasiya və kommunikasiya texnologiyalarının inkişafına diqqətlə yanaşdığını təsdiqləyir. Ölkəmizdə artıq çoxdandır mövcud olan “Elektron Hökumət” hazırda müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə yüksək səviyyədə şərait yaradır.

Bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırmağa xidmət edən islahata imza atılması, daha dəqiq desək, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin yaradılması məhz informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində ölkəmizin nailiyyətlərindədir. Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılan ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasında da əsas məqsəd dövlət xidmətləri sahəsində uğurlu təcrübələrin, modellərin təşviqindən və hətta digər ölkələrdə də tətbiqindən ibarətdir. Cənab Prezident İlham Əliyevin 2009-cu ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə müasir kosmik layihələrin həyata keçirilməsinə Azərbaycanda start verilməsi də böyük nailiyyətdir və unutmaq lazım deyil ki, bu, xarici dövlətlərin peyklərindən asılılığın aradan qaldırılması deməkdir. Xüsusilə qeyd olunmalıdır ki, artıq "Azerspace-1” ölkəmizin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilib. Məişətdə, sənayedə və digər sahələrdə istifadə etdiyimiz hər nə varsa, onların hər birinin elektronlaşması və internetə çıxış imkanının olması artıq dördüncü sənaye inqilabı kimi görülməkdədir. Heç şübhəsiz ki, dəyişikliklərin çox sürətli olduğu artıq göz önündədir və bu dəyişikliklərə uyğunlaşmağın nə dərəcədə vacib olması hər birimizə bəllidir. Çox yaxşı bilirik ki, yeniliklərin bir-birini əvəz etdiyi dönəmdə proseslərdən geri qalmamaq lazım gəlir. Bunun üçün də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ön plandadır.

Təkcə gündəlik həyatda deyil, hazırda bütün dünyada müşahidə edilən hərbi toqquşmalarda belə ölkələrin təkcə silah gücünə deyil, informasiyanın və yüksək texnologiyaların tətbiqi hesabına üstünlüklər qazandığını bilirik. Biz bunun elə 44 günlük Vətən müharibəsində də şahidi olduq. Şahidi olduq ki, yüksək texnologiyaların tətbiqi sayəsində qələbəmizi ən qısa zamanda əldə edə bildik. Sevindirici hal isə ondan ibarətdir ki, bu sahədə Azərbaycanın təcrübəsi artıq bütün dünya ölkələri tərəfindən öyrənilir və eləcə də tədris edilir. Bu isə o deməkdir ki, ölkəmiz digər sahələrlə yanaşı, informasiya və kommunikasiya texnologiyalarının inkişafı, tətbiqi sahəsində də bir çox ölkələrdən dəfələrlə üstündür. Bunu bütün dünya ictimaiyyəti məhz torpaqlarımızın işğaldan azad edilməsi zamanı əyani şəkildə müşahidə də, qəbul da etdilər. Gördülər ki, həqiqətən də Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı diqqət mərkəzindədir və bu inkişaf ölkənin təkcə sosial-iqtisadi həyatında deyil, bütün sahələrində öz müsbət nəticələrini verməkdədir.

Cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti, islahatları, innovativ ideyalara, fikirlərə, inkişafa, tərəqqiyə yol açması, xüsusən də informasiya və kommunikasiya texnologiyaları sahəsinə ayırdığı diqqət, qayğı özünü göstərməkdədir. Həqiqətən də görürük ki, ölkə rəhbərimizin apardığı məqsədyönlü, uzaqgörən siyasət, innovasiyalara, yeni tenologiyaların tətbiqinə geniş yer verməsi, informasiya və kommunikasiya tenologiyalarnın inkişafına xüsusi diqqət ayırması həyatımıza yeni nəfəs gətirib və bu artıq günümüzün reallığıdır. Azərbaycan məhz bu reallıq sayəsində dünyanın inkişaf edən ölkələri sırasındadır. Sözsüz ki, sadalananların, aparılan doğru, düzgün siyasətin, məqsədyönlü fəaliyyətin, informasiya və kommunikasiya texnologiyalarının inkişafına geniş yer ayrılması siyasətinin mərkəzində insan amilinin dayanır və ölkə rəhbərimizin amalının qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaq olduğu, ölkəmizi ən qabaqcıl ölkələr sırasında qərarlaşdırdığı göz önündədir. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq ölkə rəhbərimizin həqiqətən də həyat fəlsəfəsidir və biz bunu təkcə informasiya və kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət ayırmasında deyil, ümumiyyətlə, hər addımda görməkdəyik.

Müəllif: İnam Hacıyev

6.3.13. "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə