O, əlindəki pultla televizorun kanallarını dəyişəndə evin telefonu zəng çaldı. Dəstəyi götürüb “allo” dedi.
- Juan Rodrigezdir?
- Bəli.
- Xəttə qalın, sizinlə ölkəmizin Prezidenti danışacaq.
Telefona sükut çökdü. Juan özündən asılı olmayaraq ayağa durdu.
Ömrü boyu elektrik işləmiş birisi ilə böyük bir ölkənin prezidentinin nə işi ola bilərdi?
Tez-tez televizorda görünən və ölkədə çox populyar olan prezident
Xuan Dominqo Perona o necə lazım ola bilərdi? Çətin ki, nəhəng bir ölkənin rəhbərinə onun kimi elektrik lazım ola.
Telefonda sükut davam etdikcə, onun beynində suallar ard- arda düzülürdü. Bu sualların birinə belə o cavab tapa bilmirdi.
Telefondakı səs onu elə bil yuxudan ayıltdı:- Juan, salam.
- Salam, cənab Prezident.
- Juan, ola bilər ki, sənin yadından çıxıb, mən isə bir hadisəni heç yadımdan çıxara bilmirəm. Mən ikinci, ya üçüncü sinifdə oxuyanda, məktəbdən evə qayıdırdım. Yolumu kəsə salmaq üçün, tikiləcək binaların sahəsinin hasarını aşıb kimsəsiz bir yerdən getmək istədim. Hasarı aşıb beş- on addım atmışdım ki, qabağımı iki oğlan kəsdi.
Çox qorxdum o an. Hər iki oğlan yaşca məndən böyük idilər. Çantamı aldılar, ciblərimin hamısını boşaltdılar. Hər an döyülməyimi gözləyirdim. Döş cibimdə olan, sevimli cib bıçağımı götürəndə, həyacanım daha da artdı.
Bu vaxt hasarı birisi də aşdı və bizə tərəf yönəldi. O, oğlanların hər ikisindən hündür və cüssəli idi. Gələn oğlan vəziyyəti anlayıb bizə yaxınlaşdı. Görünür o məni saxlayanları tanıyırdı, görüşməklərindən bunu başa düşdüm.Gələn oğlan mənə diqqətlə baxıb o birilərinə dedi:- Qaytarın bundan götürdüklərinizi, bu oğlanı mən tanıyıram, qonşu məhəllədə yaşayır.
Oğlanlar sorğusuz mənim hər şeylərimi qaytardılar. Oğlanlardan biri cib bıçağımı özündə saxlamaq istədi, amma gələnin irad dolu baxışını görüb onu da həvəssiz qaytardı.
Juan, sən bilirsən mənim xilaskarım olan o oğlan kim idi? Sən idin, Juan.
Hə, əziz Juan, sən idin. Sonra bacımla şəhərdə olanda səni görmüşdüm və səni bacıma göstərəndə, səni tanımışdı və mən sənin kim olduğunu öyrənmişdim.
Juan, sənin o yaxşılığını heç vaxt yaddan çıxartmıram. Dünən masamın bir siyirtməsində olan o cib bıçağı qarşıma çıxdı, sən yadıma düşdün və tapşırdım ki, səni tapsınlar. İndi də səninlə danışmağa çox şadam. Juan, düşündüm ki, sənin o yaxşılığının əvəzini mən hələ çıxmamışam. Mənim köməkçim məndən sonra sənə zəng edib mənim şəxsi nömrəmi sənə deyəcək. Sənin istənilən bir arzunu yerinə yetirməyə hazıram. Sən bilirsən, mən prezidentliyə qədər iş adamı olmuşam, öz maliyyə imkanlarım da kifayət qədərdir və onun prezidentliyə heç bir aidiyyatı yoxdur. Mən səni tələsdirmirəm, bir arzunu mənə nə vaxt istəsən, çatdır.
Sənə və ailənə çoxlu uğurlar diləyirəm. Hə, mənim zəngim haqda yalnız əzizlərinlə bölüş, yoxsa, jurnalistlər səni rahat buraxmazlar, mən onlara bələdəm. Sağlıqla qal, Juan.
Prezident dediyi hadisəni o yadına salmağa çalışdı.
Dumanda olan kimi, nəsə yadına düşürdü, amma dəqiq xatırlamırdı.
Uşaqlığında o qədər elə hadisələr olmuşdu ki. Davakar olduğu, günlərinin elə qovğalarda keçdiyi yadında idi.
Telefon yenə zəng çaldı, köməkçi ona telefon nömrəsi diqtə etdi və dönə- dönə bu telefonu heç kimə verməməyi tapşırdı.
Bir azdan həyat yoldaşı işdən qayıdacaqdı. Xəstəxanada sanitar işləyən həyat yoldaşına mütləq olanları danışacaqdı.
Arzu? Hə, arzu. Görən nə istəsin Prezidentdən? Maşını köhnə idi, ilk ağlına da gələn təzə maşın oldu.
Artıq özünü iri təzə maşında gördü.
Bəlkə ev? Niyə də yox?
Çoxdan təmirsiz evin divarlarına baxdı. İkimərtəbəli villa, həyətdə hovuzu ilə. Bəlkə işsiz oğluna bir iş istəsin?
Heç tək kürəkəninin də işi yox idi, yazıq qızı işləyib ailəsini dolandırmalı olurdu.
Axşam məsələni həyat yoldaşına açdı. O, əvvəlcə deyilənlərə inanmadı, amma Juanın cibindən çıxartdığı kağızda yazılmış telefon nömrəsinin qeyri- adi rəqəmləri onu inandırdı.
Bütün gecə müzakirə getdiyindən arvadı ilə səhəri gözü açıq qarşıladılar. Həyat yoldaşını ən çox maraqlandıran o idi ki, Prezident elə bir arzu deyib, ya arzular bir neçə ola bilər?
Juan təkid edirdi ki, arzu bir dənə olmalıdır. Arvadı öz sualını bir də təkrarlayanda, Juan əsəbləşib dedi:- Qızıl balıq tutmamışam ee, üç arzu deyə, Prezident bir arzu deyib.
Sonda həyat yoldaşı ilə qərara gəldilər ki, bir şey ki, vaxt məhdudiyyətləri yoxdur, yenə götür- qoy etsinlər.
Juanın həyatı adi qaydada davam etsə də, cibindəki telefon nömrəsi yazılmış kağız onu elə bil digildədirdi.
O istəyirdi ki, başına gəlmiş olayı hamıya bəyan etsin, hamı ilə bölüşsün. Ondan olsaydı, telefon nömrəsini iri rəqəmlərlə yazdırıb döşünə vurdurardı ki, hamı görsün və bilsin; Bu boya ölkənin Prezidenti onun dostudur. Hər kəsə yaxınlaşıb şəstlə demək istəyirdi:
Bilirsən mən kiməm?
Mən Xuan Dominqo Peronanın dostuyam!
Onu coşduran hissi heç kimlə bölüşə bilmədiyindən içində bir təlatüm var idi. Bu təlatümü yatırtmaq üçün o, qərara gəldi ki, olanlarla tək dostu Xuanla bölüşsün. Xuanın bərəli gözlərini görmək ona çox xoş olardı.
Telefonla Xuanın evdə olduğuna əmin olub maşınına mindi.
Yolboyu ən gözəl villalara müştəri gözü ilə baxırdı. Öz həyət hovuzunda şellənmək onun çoxdankı arzusu idi.
Başını sola döndərəndə, yanında polis maşını gördü, maşında oturan polis isə ona maşını saxlamaq əmri verdi. O polisi tanıdı, artıq neçənci dəfə idi ki, məhz bu polis onu saxlayırdı. Maşını saxlayandan sonra polis ona yaxınlaşıb sənədlərini təqdim etməyini xahiş etdi.
- Cənab polis, sənədlərimə elə on gün qabaq baxmısınız da, nə mən dəyişmişəm, nə də ki, sənədlərim.
Artıq necənci dəfədir ki, məni saxlayırsınız, artıq sənədlərimi əzbərləyə bilərdiniz. Polis üzünü bozardıb sərt səslə dedi, maşından çıxın, əllərinizi maşının üzərinə qoyub ayaqlarınızı aralayın, sizi axtarmalıyam, çünki, özünüzü şübhəli aparırsınız.
O maşından çıxıb elə polisin danışdığı tərzdə də ona müraciət etdi:- əvvəlcə özünüzü təqdim edin.
Polis baxışları ilə onu yeyərək vəsiqəsini çıxarıb onun gözünün önünə qoydu. Juan sənədə baxsa da, eynəksiz olduğundan heç nə görmədi.
Polis amiranə səslə dedi:- dediklərimə sözsüz əməl edin, əks təqdirdə sizi yaxşı heç nə gözləmir.
Eyni zamanda deməliyəm ki, dediyiniz hər kəlmə məhkəmədə sizin əleyhinizə istifadə oluna bilər.
Son cümləni polislərdən o, dəfələrlə eşitmişdi.
Juan ömrü boyu polislərdən yanıqlı idi, davakar olduğundan polislərdən çox əziyyət görmüşdü, onlardan çox təhqirlərə dözmüşdü, bu polisin də onu qaralamağı onun içini püskürtdü və başını polisin sifətinə lap yaxınlaşdırıb içindən çıxan boğuq səslə dedi:- sən bilirsən mən kiməm?!
Polis bir az əvvəl sarının qırmızı işığa keçən anında yol kəsişməsini keçmiş bu sürücünün cəsarətindən duruxdu, sonra başını Juanın lap başına dirəyib soruşdu:- sən kimsən?
Yuan bir əlini cibinə salıb kağız parçası çıxartdı və digər əli ilə mobil telefonunda kağızdakı rəqəmləri yığmağa başladı.
Telefonun o başında səs gələndə o, soruşdu: Prezident Xuan Dominqo Peronadır? Cənab Prezident, sizin dostunuz Juandır, burada bir yol polisi məni neçənci dəfədir ki, saxlayır, xahiş edirəm ki, onu başa salasınız və cavab gözləmədən telefonu polisə verdi və başını dikəldib qürurla dedi: indi sən bilərsən, mən kiməm!
Polis eşitdiklərinə inanmayaraq telefonu qulağına dayadı. Juan polsin eşitdiklərinin nə olduğunu bilməsə də, gördüyü o idi ki, bayaqkı iri polis onun gözləri önündə büzüşüb, balacalaşırdı.
Polis balacalaşdıqca, onun xatirəsi işıqlandı və iki dostu qarşısında dayanan o balaca oğlanı gördü. Hər şey olduğu kimi onun yadına düşdü.
Polis telefonu ona qaytarıb sağ əlini papağına dirəyib onun qarşısında farağat vəziyyətində dayandı. Juan polisi saymadan onun lap önündən keçib özündən razı halda maşınına oturdu.
Maşını polisdən xeyli aralanandan sonra Juan arxanı göstərən güzgüdə geri baxdı, polis əli papağına dayanılı vəziyyətə yerindən tərpənmədən hələ də dayanmışdı…

Hümbət Həsənoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə