Hümbət HƏSƏNOĞLU
Axşama Misir fironu İkinci Ramzes tərəfindən şam yeməyinə dəvət olunmuşdum. Vaxtı çatanda ən gözəl libasımı geyib mənim arxamca göndərilmiş və Suriya atlarına bağlanmış qızıl arabaya mindim. Sarayın qabağında məni böyük hörmət və izzətlə qarşıladılar.
Məni müşayət edənlərlə fironun möhtəşəm sarayına daxil oldum. Yolboyu insanı təəccübləndirəcək gözəlliklər vardı. Sağa baxdıqda, bir az kənarda qızılgül baxçasını gördüm. Qızılgüllər həvəskarı olduğumdan və Misirin ən gözəl qızılgül baxçalarından biri olan insan kimi bu baxçadan yan keçə bilməzdim. Müşayətçilərə istəyimi deyəndə, onlar yalnız təzim etdilər. Baxça çox gözəl idi, hər növ qızıl güllər və xüsusən də iy çələngi adamı bihuş edirdi. Baxçada çoxlu sayda olan bülbüllərin susqunluğu məni çox təəccübləndirdi. Yüzlərlə bülbüldən birinin də səsi çıxmırdı, lal kimi bir-birinə baxırdılar. Müşayət edənlərdən birindən bunun səbəbini soruşanda o yalnız elə lal bülbül kimi təkrar-təkrar mənə təzim etdi.
Özünü göy ilə yerin, bu dünya ilə o biri dünyanın arasında əlaqələndirici sayan firon İkinci Ramzes məni səmimi qarşılayıb yanındakı kresloda oturtdu. Bu çox böyük hörmət əlaməti idi. Digər qonaqlar adi kətillərdə, və çoxları yerdən oturmuşdular.
Fironun işarəsi ilə masaların üzərinə müxtəlif təamlar düzməyə başladılar. Fironun bir işarəsi ilə də oturduğumuz zala tabutda mumiya gətirdilər. Bu bir ənənə idi, mənası da o idi ki, hələ ölməmişik, yeyək-içək.
Mumiyanı aparandan sonra İkinci Ramzes mənə tərəf əyilib dedi ki, sizin şərəfinizə aşpazlar mənim sevdiyim ləziz yeməyi hazırlayıblar. Onun başının işarəsi ilə aşpaz geyimində biri mənim qabağıma içində üç kotlet olan boşqab qoydu. Eyni kotlerlə qab fironun da qabağına qoyuldu. Firon mənə tərəf əyilib dostcasına yavaşdan dedi:- bu kotletlər bülbül dillərindən hazırlanıb, delikatesdir, bəyənəcəyinə əminəm, əlavə də etdi ki, bu yeməyin özəlliyi həm də odur ki, bir kotletin hazırlanmasına mindən çox bülbül dili lazım olur, çünki dillər çox xırdadırlar.
Mənim bayaq gördüyüm lal bülbüllər yadıma düşdü, deməli, onlar ona görə oxumurlar ki, dilləri kəsilib!
Özümdən asılı olmayaraq kürəyimi arxaya verib kresloya dirədim. Firon dediklərinin mənə necə təsir edəcəyini, mənim reaksiyamı maraqla gözləyirdi. Mən nəsə deməli idim.
Həmin an ərəb dili yadımdan çıxdı və mən hansısa yad dildə firona dedim ki;- firon köpək oğlu, bu qudurğanlıqdır axı! Bir yeməkdən ötəri minlərlə bülbülün dilini çıxartmaq olar? Bəs o bülbüllər bir- birinə sevgilərini necə izah etsinlər? Bax, bu qudurğanlığına görə sənin hakimiyyətin dağılacaq, səni o lal bülbüllərin, lal ahı tutacaq, viran qalacaq bu cah- cəlalın!
Firon onun başa düşmədiyi sözlərə təəccüblə qulaq asıb öz boşqabına tərəf döndü.
Geri qayıdanda yolumu baxçadan saldım, məni görcək bütün bülbüllər qanadlarını bir-birinə sevinclə çırpırdılar…
Sumqayıt şəhəri
Sentyabr 2021-ci il
Bütün xəbərlər Facebook səhifəmizdə