Şair doğulduğu torpağın səsidir...

Nə vaxt doğulubsa, əsl sənətkar –

Hər xalqın şöhrəti o vaxta düşüb.

Nəriman Həsənzadə

- Salam, dərdiş!

- Salam, salam, dərdiş! Necəsən, Toğrul bala necədir, yoldaşın necədir, sənə qurban?..

Sevimli Nəriman müəllim!

İllərdi, sizinlə belə salamlaşıram. Bu sözü ilk dəfə işlətməyim yadınızdadırmı? “Söz” jurnalının II sayı çıxacaqdı. I sayda təbrikinizi vermişdik. II sayda şeirləriniz gedəcəkdi. “Azərbaycan” nəşriyyatında sex rəisi Palina xanım şəklinizi görcək, “dərdişimə qurban olum, şeirlərimi gedir jurnalınızda?” soruşdu. “Dərdiş” sözünü ilk dəfə eşidirdim. Demə, Qazax bölgəsində ən şirin müraciət formasıymış. O zamandan bir-birimizə dərdişik.

Nəriman müəllim!

Sevdiyim insanlar haqqında söz demək, fikirlərimi ürəyim istəyən kimi ifadə etmək mənə hər zaman çətin olub. Belə insanlardan biri, bəlkə də, birincisi sizsiniz. İllərdi, sizin haqqınızda yazmaq istəyirəm, bacarmıram. Heç bunlar da yazmaq istədiklərimin hamısı olmayacaq. Deyirlər, əsl məhəbbət şərh olunmur. Məncə, elə bu səbəbdəndir ki, fikirlərimin şərhini verə bilmirəm. Sizi tanıyan hər kəs mənim fikirlərimlə razılaşar. Mayanız bir insan və şair olaraq sadəlik və səmimiyyətdən yoğrulmuşdur. Odur ki, hamı sizinlə dost olmağa can atır. Təbii və təbli şeirləriniz dillər əzbəridir. Şəxsi tanışlığımız Mətbuat və İnformasiya Nazirliyində nazirin I müavini işlədiyiniz zaman başlayıb. Kabinetiniz sözün həqiqi mənasında xeyirxahlıq missiyasında idi. Qapınızı hər kəs ərklə açıb ürək sözünü deyə bilirdi. Adamlar arasında bir növ ünsiyyət körpüsü idiniz. Könlünüzün qapıları kimi kabinetinizin də qapıları hamının üzünə taybatay açıqdı. Bu qapını mən də ərklə açırdım. 1992-ci ilin yayı idi. İlk dəfə İran İslam Respublikasında olmuşdum. Qoca Şərqin müxtəlif şəhərlərində - Ərdəbildə, Marağada, Kərəcdə, Tehranda, ən başlıcası, görüş həsrətilə getdiyim Təbrizdə olmuşdum. Həmin ilin mayında İran İslam Respublikasından “Surə” ədəbi məclisinin şairləriylə filarmoniyada üç günlük görüş olmuşdu. Həmin görüşlərə Cənubi Azərbaycandan gələn şairlər Lefortovo zindanından yeni qayıtmış Xəlil Rza Ulutürkü və sizi dəvət etmişdilər. Unudulmaz görüşlərin davamı olaraq bir qədər sonra sizi Cənubi Azərbaycana dəvət etmişdilər. Tehranda xəstəxanada yatıb müalicə almışdınız. Bu məlumatları şairlərdən Atəş və Rza Paşazadəgildə qonaq olarkən öyrənmişdim. Sizi orda nə qədər sevirlər! Şimali Azərbaycandan olduğumu bilən hər kəs sizə salam yetirməyimi xahiş edirdi. Bakıya qayıdanda sizə bir dünya salam gətirmişdim və sizə çatdırmağı qərara aldım. Nazirliyə üz tutdum. Qapıda dedilər ki, burdadır, ancaq məşğuldur, heç kəsi qəbul etməyəcək. Bir az tutuldum. Dedim ki, iranlı dostlarından ona çatası xəbər gətirmişəm. Köməkçiniz sifarişimi çatdıran kimi qapını açıb məni qarşıladınız. Söhbətimiz elə səmimi alındı, sanki illərin tanışı, dostuyduq. Evə qayıdanda üzümdə səmimi bir təbəssüm vardı...

Nəriman müəllim!

Həmin ilin sonunda Prezident Administrasiyasında Şəkər Aslan üçün jurnal açmağı nəzərdə tutmuşdular. Biz sizin və Ədliyyə Nazirliyinin qeydiyyatından keçdik. Şəkər Aslanın müavini olaraq Bakıda bütün işləri mən yerinə yetirirdim. Məni “Şəkər Aslanın Bakıdakı müşaviri” adlandırırdınız. Respublikada ən çətin dövr idi. Mətbuat sahəsində xüsusilə. Xalq şairi Sabir Rüstəmxanlı nazirimiz olsa da, ən çox sizi narahat edirdim. Günlərin birində dediniz ki, “Azərbaycan” nəşriyyatının direktoru Şəddat Cəfərov canlara dəyən oğlandır (“oğlan” sözünü özünüz haqqında danışanda da deyirsiniz. Yəqin ki, uşaq kimi saflığınızdan irəli gəlir), işbacarandır. Çox maraqlı bir devizi var: “İşi görmək istəyən adam vasitə axtarar, görmək istəməyən bəhanə”. Elə bir növ sən də o xarakterdəsən. Jurnalı ərsəyə gətirmək üçün döymədiyin qapı qalmayıb. Onun lüğətində “bilmirəm, mümkün deyil” sözləri yoxdur. Nə problemin olsa, onunla məsləhətləş... Adamı xoş sözlərlə elə tərifləyirsiniz, az qala adam öz istedadına, yüksək peşəkarlığına inanır. Dediklərinizi məsuliyyət kimi qarşılayırdım. Təriflərinizə layiq olmağa çalışırdım. Təəssüf ki, Şəkər Aslanın “Söz” jurnalına redaktorluğu heç üç il də çəkmədi. Vəfatından sonra yubileyini keçirdik. Bakıdan gələn qonaqlar arasında – bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, Milli Siyasət Məsələləri üzrə Dövlət müşaviri Hidayət Orucov, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq artisti Canəli Əkbərov, professor Gülrux Əlibəyli və siz də var idiniz. O zaman Mətbuat və İnformasiya nazirini əvəz edirdiniz. Şəkər Aslana həsr etdiyiniz “Söz” adlı heykəl” şeirinizlə yubilyarsız məclisə xüsusi ovqat gətirdiniz.

Yubileyin ertəsi günü Şəkər Aslanın məzarı üstünə getdik. Şeiri orda da oxudunuz.

Nəriman müəllim!

Şəkər Aslanın Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən 80 illik yubileyinə vaxtından tez gəlmişdiniz. Yubilyar haqqında xoş xatirələriniz öz yerində, məni də xeyli təriflədiniz. İctimai Televiziyaya verdiyiniz müsahibədə söylədiniz ki, Şəkər Aslan xoşbəxt şair ömrünü vəfatından sonra yaşayır. Şeirləri dərc olunur, mahnıları səsləndirilir, yubileyləri, xatirə gecələri keçirilir. Bütün bunlar “qız qardaşı” dediyi Sevda Əlibəylinin səyi, ustadına sədaqəti sayəsində ərsəyə gəlir.

Çox sağ olun, Nəriman müəllim!

Bu sözləri şairin vəfatından sonra Lənkəran Dövlət Dram Teatrında keçirilən 60 illik yubileyində də söyləmişdiniz. Tərifli sözlərinizi məsuliyyət kimi qəbul edirəm.

Sevimli Nəriman müəllim!

“Dünyada ən böyük itki qadındı” deyirsiniz. Bu itkini həyat sizə iki dəfə yaşadıb. Oğul çörəyini yeməyə macal tapmamış dünyasını dəyişən Nabat ananın itkisi sizi hərbi xidmətdən qaçmağa məcbur edib. Nabat ana - əlinin zəhməti, qazancı - ətirli buğda çörəyi. “Xanım ikən, bir xanımlıq görmədin sən, xanım anam” deyən şair oğul o çörək ətrini, dadı, ləzzəti “Nabat xalanın çörəyi”ndə bizə sevdirdi. Hərbi xidmətdən qaçdığınıza görə sizi hərbi tribunala vermək istəyirlər. Bunu eşidən sevilən şairlərimiz Rəsul Rzayla Nigar Rəfibəyli generala ağız açıb sizi bu cəzadan xilas ediblər. Siz də bu yaxşılığı bu günə kimi unutmursunuz, şeirlərinizdə də əbədiləşdirmisiniz.

Həyatda elə məhəbbətlər var ki, nağıllarda, dastanlarda əbədiləşib. Elə nağıllar, dastanlar var ki, həqiqətdir.

Bir qadın ömrünü girov qoymuşam,

Bir şair ömrünü yaşatmaq üçün, - deyən Nəriman-Sara dastanı. Biz bu qəhrəmanların müasiri olduğumuza görə bunlar bizim üçün həqiqətdir. Amma gələn yüzillərin, gələcək zamanların oxucuları üçün oxuduqları əfsanəvi sevgi-məhəbbət dastanı olacağına şübhəmiz yoxdur. Yarımçıq qalan Saralı ömür əbədi mövzunuzdur.

Mənim nigahımı pozdu təbiət,

Köklədi simləri xeyir-şər üstə.

Sənə - məzar boyda yeraltı zülmət,

Qurulu ev qoydu mənə yer üstə.

Taleyinizin məhəbbət dastanı olan bu mövzulu şeirləriniz yüzlərcədir. Həyatın hər bir anı sizin üçün şeir biçimindədir – sevinciylə, kədəriylə. Taleyinizin ağrılı yaşantılarını elə qələmə alırsınız, hər kəsin taleyinə daxil olur. Yazırsınız: “Dərdin belə sevildiyi olmamışdı, məni təbrik eləyirlər başsağlığı əvəzinə”.

Həyatınızın ağrı-acıları nə qədər çox olsa da, qarşınıza çıxan xeyirxahları bu gün də məhəbbətlə anırsınız.

Atam – ata deyənəcən köçdü dünyadan,

Mir Cəlala rast gətirdi Tanrım sonradan.

Mənə Püstə xanımı da verdi Yaradan, -

biri atam, biri anam əvəzi oldu.

taleyimin bu, ən böyük töhfəsi oldu...

Yaradıcılığınızdan söz açmaq mənim hünərim deyil. Kifayət qədər yazılıb, zaman-zaman da yazılacaq. “Kimin sualı var?” poemanızın başına oyunlar açılıb. İllər sonra o dövrə qayıdırsınız:

“...Kimin sualı var?” – yazmışdım o vaxt,

Cavabı özümdən istəyirdilər...

...Onda Səməd Vurğun daha yox idi,

Nizami Cəfərov gənc idi hələ.

Pafoslu, gəlişigözəl sözlərdən uzağam. Amma “Nəriman Həsənzadə vətəndaş şairdir” deməyə məcburam. “Zümrüd quşu” poemanıza orta məktəbdə oxuyarkən televiziyada baxmışam. Efirdə kadrda özünüz idiniz, səsiniz isə kadrarxası. Poemada tarixə şair səyahəti edərək Təbrizin tarixi şöhrətini varaqlayırdınız. Unudulmaz şairimiz Məmməd Araz poema haqqında fikirlərini belə şərh edib: “Zümrüd quşu” əslində bu gözəl diyarın bütün əzəmətini rənglərlə əks etdirən bir xəritə idi. Puşkin üçün bundan gözəl hədiyyə ola bilməzdi. Sonralar Puşkin bu xəritədə öz yolunu axtarıb tapacaq, o yolla yanaşı gedən Abbasqulu ağa, Mirzə Fətəli Axundov yoluna baxdıqca kövrələcək, Fazil xanla üz-üzə gəldiyi gədiyi axtaracaq. Ömrü boyu otağından cənub baharı əskik olmayacaqdı. Poemada şair adi bir seyrçi səyyah kimi deyil, Puşkinin Qafqaz dövrünün şahidi kimi danışır”.

“Atabəylər”lə haraları gəzmədiniz?! Roma sərkərdəsi Pompeyi qədim Romadan Qafqaza gətirdiniz. “Bütün Şərq bilsin” pyesiniz Mayakovski adına Moskva Dövlət Akademik Dram Teatrında tamaşaya qoyulanda bütün millətimiz qürur hissi keçirməyə haqlıydı. “Nuru Paşa” poemanız Azərbaycan tarixinin daha bir faciəvi dövrünün əksidir. Muşfiqin mənəvi övladı olaraq tarı daha yüksəkliklərə qaldırdınız.

Nəriman müəllim!

Şeirləriniz öz taleyi olan poeziyadır. Sanki oxucuyla oturub taleyinizdən söhbət açırsınız:

Gəncə mənim ilk məhəbbət beşiyim oldu.

Soruşmayın, tələbə qız onda kim oldu?

Bəlkə mənim alın yazım, taleyim oldu?

O qızlara dediyini mənə demirdi,

Can verirdim, canıyanmış can istəmirdi.

Dünyaya göz açdığınız Poylu haqqında poemanı yazdığınız günlər elə bil dünən idi. Poemanın yazılış tarixinə baxanda görürəm, aradan düz on beş il keçib. Siz demişkən: çəkib necə tez apardı illər illəri... Hamımızın sevimlisi, sizin “xüsusi arxiviniz” Aliyə Qabilqızına diqtə edirdiniz. Eyni otaqda xeyli aralı əyləşmişdik. Mən Aliyə xanıma verəcəyim yazılara düzəliş edirdim. Amma fikrim sizin misralarda idi. Axırı dözmədim: - Dərdiş, bu poema “Heydərbabaya salam” ləzzətindəndir ki!.. – söylədim.

Ürəyinizcə oldu. “Poylu – beşiyim mənim” poemasını kitab şəklində mənə bağışlayanda gözlədiyim kitab idi. Mübaliğə olmasın, poemadan bütün poyluları tanıyıram.

Səməd Vurğunun bir növ vəsiyyətini də unutmursunuz:

Səməd Vurğun hər sözünü üzə şax dedi,

“Qarayazı... Kür qırağı... od-ocaq...” dedi.

“Sizi bir də hansı şair yazacaq?” – dedi.

Saçlarına tumar çəkdi öz adətilə,

Zəmanət də yazdı mənə ustad əlilə.

Aliyə xanımı da ürəkgenişliyinizlə əzizləyib tarixə salmısınız:

Yaz, Aliyə, mən dedikcə, kompüterdə yaz,

nə yaxşı ki, zövq əhlisən, üstəlik həssas.

“Mənim Poylu beşiyim”dən deyirsən olmaz.

Mən nə deyim saf ürəklə deyilən sözə,

ürəyimdən neçə bəndi çıxardın üzə.

“Cavid”, “Nəriman”, “Midiya”, “Qaçaq Kərəm”, “Qafqaz”... Ümumiyyətlə, bütün yaradıcılığınızda Azərbaycanın tarixi həqiqətlərini bədii salnaməyə çevirmisiniz. Tehranda dalğalanan Azərbaycan bayrağını yüksək şövqlə vəsf edirsiniz.

Ölkəmızın Prezidenti İlham Əliyevin bağışladığı Təbriz küçəsindəki mənzildə yaşayırsınız. Telefon zənglərinə “Hardasınız, Nəriman müəllim?” sualına “Təbrizdəyəm!” cavabını verirsiniz. Taleyin nə xoş qisməti!

Nəriman müəllim!

İstiqanlı, mülayim xasiyyətinizə görə hamı sizinlə dostluğa can atır. Siz isə saysız dost-tanışlarınızın arasında Musa Quluzadə (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru) və İbrahim Quliyevlə (Milli Aviasiya Akademiyasının professoru) dostluq, yoldaşlıq edirsiniz. Xeyir-şər məclislərində, tədbirlərdə birgə iştirak edirsiniz. Hər gün görüşməsəniz də, zəngləşib hal-əhval tutmasanız, heç biriniz rahatlıq tapmazsınız.

Əziz Nəriman müəllim!

Şeirlərinizə yüzlərcə mahnı bəstələnib. 1979-cu ildə ADU-nun (BDU) Jurnalistika fakültəsinə imtahan verirdim. Fakültənin qaydalarına əsasən iki yaradıcılıq imtahanı verməliydik. Yazılı müsabiqədən keçmişdik. Şifahi müsabiqəyə yeni tanış olduğumuz qızlarla ağac kölgəsində yığışıb sual-cavab edirdik. Qızlardan biri dedi:

Birdən münsiflər mahnı oxumağımızı istədilər, nə oxuyarıq?

Mən “Telefon telində səslədim səni...” mahnısını suala cavab verirmiş kimi zümzümə etdim. Başqa birisi “Ay sevgilim, çağır məni”, biri “Dünyanın xoşbəxti mənəm dünyada”, o biri “Gül bir az”, “Fikir eləmə”... mahnılarını oxudu. Şeir və musiqinin vəhdətindən doğan xoş bir aura yarandı aramızda. Müsabiqə, imtahan qorxusu artıq bizi tərk etmişdi. Mahnıların sözlərinə gələndə bütün şeirlərin məhz bir müəllifə - Nəriman Həsənzadəyə aid olduğunu bildik. Bu mahnılar indi də oxunur. O illərdə isə dillər əsbəri idi...

O illərdə əmək qəhrəmanlarına da mahnılar qoşulurdu. Respublikanın I katibi Heydər Əliyev kənd əməkçiləri illik planları vaxtından əvvəl yerinə yetirəndə rayonlara gedər, əməkçilərlə iş başında görüşərdı. Görüşlərə ədəbiyyat və incəsənət adamlarını da aparardı. İllərin birində Bərdəyə - respublikada ən çox pambıq toplayan Tərlan Musayevanın görüşünə getmişdi. Həmin görüşdə siz də var idiniz. Ulu Öndər Tərlana şeir həsr edilməsini, mahnı yazılmasın tapşırdı. Mahnını sözlərini siz yazdınız. Mahnı tezliklə dillərə düşdü, məşhurlaşdı. Sözləri indi də yadımdadır:

Maral dedi bir qardaşım, sənə Tərlan,

Maral kimi boylandın sən cərgələrin arasından...

Mahniyla bağlı bir məqam: 1998-ci ildə Tərlan Musayeva ilə müsahibə yazırdım. O zaman Tərlan xanım Milli Məclisin deputatı idi. Suallarımdan biri belə oldu:

- “Tərlan” mahnısını sonuncu dəfə nə vaxt eşıtmisiniz?

Kövrəldi... gözləri doldu:

-On ildən çoxdur... – dedi.

Həmişə Ulu Öndərə minnətdar olduğunu bildirdi, sizi məhəbbətlə xatirladı.

Əzizim dərdiş!

Nəinki doğma yurdumuzda, dünyanın bir sıra ölkələrində müxtəlif ödüllərə, mükafatlara layiq görülmüsünüz. Əməkdar incəsənət xadimi, “Şöhrət”, “Şərəf” ordenlərinə, Heydər Əliyev mükafatına layiq görülmüşdünüz. 2021-ci ilin fevral ayının 17-də 90 illik yubileyinizlə əlaqədar olaraq, ölkə başçımız cənab İlham Əliyev sizi “İstiqlal” ordeni ilə də təltif elədi. Xalq şairisiniz, Milli Aviasiya Akademiyasının professorusunuz. Mir Cəlal ocağının yadigarı akademik Arif Paşayevlə birgə çalışırsınız. Mir Cəlal müəllimdən görüb-götürdüyünüz qayğıkeşliyi, humanizmi tələbələrinizlə paylaşırsınız. Müxtəlif ölkələrinin akademiyalarının müxbir üzvü, fəxri akademikisiniz. Ötən yubileyiniz dünyanın çox yerində, hətta okeanın o tayında – Nyu-Yorkda qeyd olundu. Yüz yaşınızda da bu sevincləri yaşayasınız. Amin!

Nəriman müəllim!

Qarabağsız qaldığımız illərdə çox yazılar, şeirlər, poemalar… yazmısınız.

Şuşa qədim bir millətin

Şuşasıdı,

Pənah xanın, Xan əminin

Şuşasıdı.

Xarı bülbül

gül dilində oxuyurmu? –

orda gülü gül duyurmu?!

– deyə Xarı bülbülün halına acımısınız…

Şuşa, bütövlükdə Qarabağ işğaldan azad olunduqdan sonra qələminizi nikbin notlara kökləyib yeni şeirlər, poemalar yazdınız. Tarix boyu çox “Qarabağnamə”lər yazılıb. Sizin isə “ Qarabağ Azərbaycandı, Qarabağnamə”m İlhamdı!” deməyiniz hamımızın ürəyincədir:

Bu gün mənim

şeirim,

sözüm,

hecam,

qafiyəm

İlhamdır!

“Qarabağ Azərbaycandı!

“Qarabağnamə”m İlhamdı!”

Poemanı Əməkdar incəsənət xadimi, istedadlı rejissor, yazıçı və dramaturq Ağalar İdrisoğlu səhnələşdirib, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya hazırlayır. Bu pyes Vətən Müharibəsinə həsr olunan ilk səhnə əsəridir. İnanırıq ki, maraqlı tamaşa olacaq.

Nəriman müəllim!

Ana televiziyamızın yaddaşında Şuşanın bəxtəvər günlərilə bağlı bir lent yazısı var – Şuşada Molla Pənah Vaqifin məqbərəsi açılır. Əvvəllər də göstərərdilər. Qələbədən sonra daha tez-tez göstərirlər. Şuşaya qar yağır. Siz şeir oxuyursunuz… Yaxşı ki, lent yazılarının ömrü insan ömründən etibarlıdır. Azərbaycanın tanınmış ədəbiyyat, incəsənət, elm adamları, ictimai-siyasi xadimlər Ulu Öndər Heydər Əliyevin ətrafında tarixi bir gün yaşayırlar. Yaxın aylara kimi o lent yazısına baxanda ürəyimə qar yağırdı. İndi isə fateh sərkərdə İLHAM ƏLİYEVin dediyi “Şuşasız Azərbaycan yoxdur. Biz səni dirçəldəcəyik!” sözləri ürəyimizə rahatlıq gətirir.

Ordakı iştirakçıların xatirələrindən öyrənmişəm ki, tədbirdə İlham Əliyev də iştirak edirmiş. O günləri yenidən yaşamaq üçün cənab İlham Əliyev Vaqif poeziya günləri və muğam, xarı bulbul festivalları keçirmək üçün tapşırıq verib. Yeni şeirlərinizlə ruhumuzu oxşayacağınıza əminik.

Sevimli Nəriman müəllim!

Dünya haqqında nə qədər sözlər deyilib: yalan dünya, yaman dünya, fani dünya... Amma dünyaya nərdivan deyən olmayıb. Dünya haqqında dillər əzbəri olan bu müdrik fikri siz gətirdiniz poeziyamıza.

Bu dünya nərdivandı,

Qalxanda mehribandı,

Enəndə nə yamandı...

Heç zaman enməyin pillələrdən Nəriman müəllim! Mehribancasına qalxın. Zirvədə yüzə çatın. Bizi də arxanızca aparın. Hər zaman deyirsiniz ki, yaş sənədlərdə bilinir. Ürəkdə, yaradıcılıqda bilinmir. Yaşınızdan söz açmağa nə lüzum?! Onsuz da hər kəs sizi öz yaşıdı bilir. Yaradıcılığınızı izlədikcə görürük ki, ürəyiniz elə əvvəlki sevdasındadır. Ulu Tanrıdan arzu edirik ki, ürəyiniz qoy əvvəlki sevdasında da qalsın.

Sevda ƏLİBƏYLİ

Bütün xəbərlər Facebook səhifəmizdə