ŞİKAR MƏSTƏLİ

İlahi eşitdi fəryad səsimi,
Harayım, hayqırtım çıxmadı boşa,
Əsir Qarabağa zəfər nəsimi
Özünü çox üzmə, gəlirik Şuşa!

Müzəffər ordumuz tez bir zamanda
Məkirli düşməndən öc alacaqdır.
Qalib bayrağımız sənin səmanda
Xankəndi üstündə ucalacaqdır!

Ali baş komandan gücüm, qürurum
Tonqal çatacaqdır Cıdır düzündə
Dünyanı gəzəcək segahım, şurum
Sevinc yurd salacaq yenə gözümdə

Dahilər yurdusan sən lap əzəldən,
İstedad sinəndə yanar ocaqdır
Natavan, Xan əmi yetirən eldən
Yeni nəğməkarlar doğulacaqdır!

Üzeyrin, Bülbülün, Rəşidin səsi
Yeni ruh verəcək torpağa, daşa
Bir yolluq bitəcək düşmən fitnəsi
Özünü çox üzmə, gəlirik Şuşa!

17.10.2020-ci il

"Sən köləsən,sən qorxaqsan,sən ermənisən"

(Allah sənə rəhmət eləsin A.S.Puşkin)

Artıq sonun çatıb, riyakar yağı
Çürük tavan kimi çökürsən indi
İlansan, quyruğun ayağım altda
Olan zəhərini tökürsən indi.

Aldığın yaralar ölümcül, dərin,
Zərbəmlə tökülür tamah dişlərin
Çatmır köməyinə güvəndiklərin
Nahaq g..lərindən öpürsən indi.

Kölədir, qorxaqdır qədimdən adın
Yüz illər qapımda quyruq buladın
Su verdim, yal verdim, qane olmadın
Nə tapsan gözünə təpirsən indi

Qanadım altına aldım, qudurdun
Fürsət tapan kimi qəsdimə durdun
Bu gün nə yerin var, nə də ki, yurdun
Sərgərdan, sərsəri, səfilsən indi!

20.10. 2020- ci il

Şəhid

Al şəhid qanından alır rəngini,
Döyüşən torpaqda lalə bitəndə.
Şəhid qanı ilə suvarılmasa,
Nə nərgiz boy atar, nə gül Vətəndə.

Şəhidə kəfəni lalədən biçək,
Məzarı önündən sükutla keçək
Peyman bağlayanda ona and içək,
Onu vəsf eləsin bülbül ötəndə.

Şikar, öz əzmiylə güc alır Vətən,
Nankordan, xaindən öc alır Vətən,
Qəlbi ağrısa da ucalır Vətən,
Hər igid övladı şəhid düşəndə.

4 oktyabr 2020ci il. Cəbrayıl düşməndən təmizləndiyi gün.

Bütün xəbərlər Facebook səhifəmizdə