Allah vergisi olan seçilmiş insan Hümbət Həsənoğlu- 65

(Esse)

Dünyada bütün sahələr üzrə Allah vergisi olan insanlar çox azdır. Bəlkə də, yüz min nəfərdən biridir. Bu insanlara Allah təkcə ağıl, savad, istedad, təxəyyül verməyib, həm də insanlarla çox yaxşı dil tapmaq, insanları öz ardınca aparmaq, həmişə xeyirxah olub, hamının işinə yaramaq kimi gözəl keyfiyyətlər də verib. Bunlara Ulu Tanrının seçilmiş bəndələri deyirlər. Bax mənim dostum Hümbət Həsənoğlu da Allah vergisi olan həmin yüz minlərdən və seçilmişlərdən biridir. Sevinirəm ki, mənim belə bir dostum var və həmişə də ondan, onun uzaqgörən siyasətindən layiqincə bəhrələnirəm. Onunla fəxr eləyirəm. Ondan çox şeylər öyrənirəm... Axı maraqlı bir pəncərə olan bu dünya gör-götür dünyasıdır... Hər bir insan da bu gör-götür dünyasından nə qədər çox şeyləri öyrənsə, ona həyatda gərək olar.

Hümbət həkim demək olar ki, hər sahənin bilicisi olduğuna və həkim kimi insan qəlbinin mühəndisi olduğundan az bir vaxtda təmasda olduğu adamla çox tez dil tapa bilir. Yəni psixoloq kimi qarşısındakı adamın xarakterini tez tapır və elə həmin tapdığı açarla onun daxilini açıb, özünə asanlıqla həmsöhbət eləyə bilir. Məhz ona görə də Hümbət Həsənoğlu ilə bir dəfə təmasda olan, söhbət eləyən adam onu heç vaxt unutmur. Bax buna görə də o, Ulu Tanrının seçilmiş insanlarındandır. Bu istedadı o, hələ orta məktəbdə oxuduğu vaxtdan onda təkcə müəllimləri yox, həm də oxuduğu Sumqayıt şəhər 17 nömrəli tam orta məktəbin şagirdləri də kəşf eləyiblər. Duyublar. Çünki həmin vaxtı orta məktəbdə keçirilən bütün maraqlı tədbirlərin ssenari müəllifi, əsas təmkilatçısı və aparıcısı məhz dərslərini beş qiymətlərlə oxuyan Hümbət olurdu. Təkcə öz həmyaşıdları yox, hətta ondan yuxarı sinifdə və aşağı sinifdə oxuyanların hamısı Hümbətə oxşamağa, onun kimi düşünməyə, davranmağa və hazırcavab olmağa çalışırdılar. Deməli, bu həqiqətən, dəqiqdir ki, məşhur şəxsiyyətlər elə uşaq yaşlarından Ulu Tanrı tərəfindən seçilir və bir mayak olurlar. Onların gur işığının ardınca sonralar minlər və milyonlarla adamlar gəlir...

Hümbət Həsənoğlunu tanıdığım bu uzun illərdə, hər dəfə onunla təmasda olanda, ondan orijinal fikirlər eşitnişəm. Hər bir məsələyə də özünün ayrıca münasibətini görmüşəm. Onda çoxlu insanlarda olmayan ən maraqlı cəhət odur ki, adamları güldürərək, maraqlı lətifələr deyərək, istədiyi bir maraqlı fikri çox asanlıqla onların beyninə yerləşdirə bilir. Çox maraqlıdır ki, mən onu heç vaxt ruhdan düşən, əsəbi, hirsli, qəmli görməmişəm. Daima yaşamaq enerjisi aşıb-daşan, yüksək əhval-ruhiyyədə olan və həmişə də düşünən, adamları ardınca aparan görmüşəm. Axı adamların çoxu bəzən heç günlərlə düşünmür və yalnız robot kimi, mexaniki formada hərəkət eləyirlər...

Hümbət Həsənoğlu yüksək ixtisaslı göz həkimi kimi yüzlərlə insanların gözünə şəfa verdiyi vaxtda da, ilk biznes məktəbini yaradıb, Azərbaycanda sahibkarlığın əsasını qoyanlardan biri olmaqla da, çoxlu insanları çörəyə çatdırmaqla, milli sahibkarlığımızın yaradıcılarından biri olmaqla da, Azərbaycanı bu sahədə dünyanın çoxlu xarici ölklərində təmsil etməklə də və ən nəhayət, sonuncu üç ildə iki mindən çox aforizmlər, yüzdən çox hekayələr yazmaqla insanları öz ardınca aparmağı bacarır. Özünün nəcib əməlləri, gördüyü böyük, qlobal işlərilə həyatını xalqı üçün şam kimi yandırır...

Bəli. Mən, həyatının 50 ilini Azərbaycan ədəbiyyatına, incəsənətinə və jurnalistikasına xidmət eləyən bir mütəxəssis və həyatda çox çətin, məşəqqətli ömür yaşayan insan kimi qətiyyətlə və mübaliğəsiz deyə bilərəm ki, zaman gələcək biz böyük fəxarətlə deyəcəyik ki, Hümbət Həsənoğlu ilə eyni vaxtda yaşamışıq. Çünki bu Allah vergisi olan və Ulu Tanrı tərəfindən seçilmişlərdən olan böyük şəxsiyyət, hansı sahədə çalışmasından asılı olmayaraq özünün məktəbini, özünün yolunu yaradıb.

Yolunuz daha da işıqlı və gur olsun Hümbət Həsənoğlu. İnanıram ki, sizin açdığınız bu yolla çoxlu insanlar gedir və gedəcək. Onlar bu müqəddəs yolda böyük uğurlar tapacaqlar... Axı həmin uğurun əlifbasını siz özünüzün ağlınız, savadınız, orijinal düşüncənizin, böyük təşkilatçılığınızın və yaratdığınız biznes məktəbinizlə onlara veribsiniz. Axı elə sizin yadığınız aforizmlər də özü bir həyat məktəbidir... O məktəbin də təməlini və gələcək yolunu Azərbaycanda siz qoyursunuz. Yol- müqəddəs sözdür. Siz də sizi tanıyanlar üçün həmişə müqəddəs bir insan adını qazanıbsınız. Yolunuz həmişə uğurlu və hamar olsun DOSTUM!

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə