HÜMBƏT HƏSƏNOĞLU

Cərrahlıq, həmçinin göz cərrahlığı əl sənətidir. İstənilən əl sənətində isə ən vacib şey gündəlik praktikadır.

Kamil həkim artıq beşinci il idi ki, məhz bu praktika üçün imkan tapan kimi Moskva vilayət xəstəxanasına gəlirdi. Burada xəstə çox, həkim isə az olduğundan onun günü əməliyyat otağında keçirdi və bu ona yaxşı praktika olurdu. Şöbənin yükünün bir hissəsini təmənnasız olaraq o öz üzərinə götürdüyündən şöbənin kollektivi də onun hər gəlişinə sevinirdi. Bu dəfə də yaşlı şöbə müdiri Mariya Fedorovna onun əlini ikiəlli sıxaraq qarşıladı. Hələ tam hal-əhval tutmamış şöbə müdirinin telefonuna zəng gəldi. Kamil həkim danışıqdan başa düşdü ki, zəng qəbul şöbəsindəndir.

Mariya Fedorovna ayağa durub ona gülərək dedi: “Gedək qəbul şöbəsinə, yolda söhbət edərik.” Qəbul şöbəsində məlum oldu ki, sol gözün travması ilə bir qadın gətiriblər. Qadının üst-başından, görünüşündən onun "bomj" olduğu aydın görünürdü. Bomj rus sözüdür, mənası da “yaşadığı yer bəlli olmayan insan” deməkdir. Təzəcə yazılan xəstəlik tarixçəsində qadının 45 yaşı olduğu yazılsa da, görünüşündən 60-dan yuxarı yaş vermək olardı. Qadın alkoqolizmi ağır haldır. Qadın içkili vəziyyətdə idi, nə baş verdiyini axıra qədər anlamırdı. Anamnezdən bəlli oldu ki, onu içki məclisində özü kimi bir bomj kişi sol gözünü yumruqla vurmuşdu. Görünür, vuranın barmağında metal üzük olmuşdu, çünki göz dağılmışdı. Sual havadan asılmışdı, həyatı özünə gərək olmayan bu qadının gözünü çoxsaylı personalın ağır əməyi ilə xilas etməyə dəyərdimi? Mariya Fedorovna seçim qarşısında idi. Qaydaya uyğun biz onu şöbəyə aparıb gözünü əməliyyat etməli idik. Amma birincisi, ilkin müayinə göstərdi ki, gözü xilas etmək şansı cüzidir, ikincisi də tibbi personalın dəyərli vaxtını bu insan çox alacaqdı, özü də səmərəsiz. Mariya Fedorovna yaralını rayon xəstəxanalarının birinə göndərmək haqqında düşünürdü. Burada qalmalı olsa, kimsə bu yaralı ilə sıx məşğul olmalı idi. Şöbə həkimlərinin heç biri bu xəstə ilə məşğul olmaq istəməyəcəkdi. Kiməsə də məcburən həvalə edilsəydi də, gözü formal olaraq tikib xəstəni atacaqdılar palatanın bir küncünə. Xəstə bir az özünə gələndən sonra isə onu evə yazacaq, əlillik alması üçün bir arayış verəcəkdilər. Bununla da iş bitəcəkdi. Kamil həkim tərəddüd içində olan şobə müdirinə dedi:-

- Mən məşğul olaram bu xəstə ilə. - Siz? - şöbə müdiri təəccüblənərək soruşdu - nəyinizə lazımdır ki, şöbə normal xəstələrlə doludur. Onların içindən əməliyyata getməli olanları sizə ayırmaq fikrim var. - Olsun, onları da götürərəm, amma bu xanımı da mən götürüm.

Kamil həkimin cəmiyyətin lap dibində olan bu qadına "xanım" deməyinə otaqda olanların hamısı gülüşdü. Mariya Fedorovna da gülümsəyərək qərar verdi:

- Yaxşı, bu xanım sizin olsun. Əməliyyat masasında, mikroskop altında gözün ağır vəziyyətdə olduğu aydın göründü. Gözün ağlı qışası çox zədələnmiş, büllur yerindən çıxmış, şüşəvari cisim qanla dolmuşdu. Gözdə çətin rekonstruktiv əməliyyat aparılmalı idi. Özü də əməliyyat zərgər dəqiqliyi ilə aparılmalı idi ki, kiçik bir səhv düzəlməz nəticələrə gətirib çıxarmasın.Kamil həkim, bu çətin əməliyyatı böyük ustalıqla bacardı. Sabahısı gün şöbə həkimlərinin iştirakı ilə xəstəyə keçirilən ilk baxışda xəstə gördüyünü dedi.

Mariya Fedorovna Kamil həkimin əlini kişisayağı sıxaraq təşəkkür etdi: “Biz bu xəstəni ayın sonunda keçiriləcək göz həkimlərinin vilayət toplantısında hamıya göstərməliyik. Bu bizim şöbənin böyük uğurudur.” İki həftədən sonra xanımı tanımaq olmurdu. Üz şişi yatmış, gözləri açılmış, çimizdirildiyindən rəngi ağarmış, saçları da dəbə uyğun kəsilmişdi. Bütün bunları Kamil həkimin xahişi və təkidi ilə etmişdilər. Saç ustasının xərcini də o, özü çəkmişdi. Hamının əlini üzdüyü bu xanım məlum oldu ki, aqronomdur. Kamil həkimin səyi ilə qonşu vilayətdə yaşayan bacısı qızını da tapıb gətirdilər. Bacısı qızı kənddə yaşayırdı və onu evinə aparmağa söz verdi, əlavə etdi ki, onun işlədiyi aqrar təsərrüfatda aqronoma ehtiyac var. Xanım şobədən çıxanda Kamil həkimi qucaqladı, çox təşəkkür etdi, özü də və onu aparmağa gəlmiş bacısı qızı da göz yaşlarını saxlaya bilmədilər.

Mariya Fedorovna yenə kişisayağı Kamil həkimin əlini sıxıb hamı eşitsin deyə ucadan dedi: “Mən Kamil həkimin o gözü xilas etməyinə inanmırdım. Kamil həkim o xanımın nəinki gözünü, hətta özünü belə xilas elədi.” Bu zaman Mariya Fedorovnanın telefonuna zəng gəldi. O, danışığını qurtarıb telefonun dəstəyini yerinə qoydu və Kamil həkimə gülümsəyərək müraciət elədi:

- Qəbul şöbəsinə gözündən yaralı birisini gətiriblər, mənimlə gedərsinizmi?..

Aprel 2020-ci il

Sumqayıt şəhəri

Bütün xəbərlər Facebook səhifəmizdə