Bir gün, unutmuşam desələr sənə,

Gözümə baxmamış gözün, inanma!

Həsrət şərabını versələr sənə,

Yenə seç əyridən düzü, inanma!

Mən səndən sevgimi gizlətmədim heç.

Qırsam da qəlbini günahımdan keç.

Ya çılğın eşqimiz, ya ayrılıq! seç!

Yerimi verməz yüzü, inanma!

Bilirəm, bu sevda zamansız oldu,

Dostlar düşməndən də amansız oldu!

Desələr: "O, sənə vəfasız oldu!"

Yalandır onların sözü, inanma!

Qısqanclıq əlinden odda yansalar,

Səni sevdiyimi səndən dansalar,

Bu təmiz eşqimi oyun sansalar,

İnanma, sevgilim, özün inanma!

Afaq Şıxlı

Bütün xəbərlər Facebook səhifəmizdə