Memfis: Qədim Misirin əsrarəngiz paytaxtı

Sivilizasiyanın beşiyi sayılan Qədim Misirin paytaxtı olmuş Memfis bəşər mədəniyyətinin incisidir.
SİA hazırda turistlərin sevimli məkanı olan bu qədim arxeoloji şəhər barədə məlumatları təqdim edir.

Dünyanın yeddi möcüzəsindən biri olan 146 metr hündürlüyündə Xeops ehramının və fironların sarkofaqlarının yerləşdiyi Memfisin əsası eramızdan əvvəl 3200-cü ildə firon Narmer tərəfindən qoyulub. Ağ rəngdə daşlardan inşa edildiyi üçün şəhərin adının mənası “Ağ divar” deməkdir. Qədim Misir fironlarının 3-6-cı sülalələrinin zamanında burada çoxlu sayda ehramlar və saraylar tikilib. Hazırkı paytaxt Qahirədən 20 kilometr aralıda, Nil çayının qərb sahilindəki Giza ərazisində yerləşən Memfis arxeoloji məkanında qazıntılar indi də davam edir.

Burada Mit Rahina açıq hava muzeyində isə Qədim Misirin ən qüdrətli hökmdarı II Ramzesin 10 metr hündürlüyündə heykəli və məşhur Sfinks abidəsi var. Fironun nəhəng heykəli 1820-ci ildə italyan arxeoloqu Covanni Kaboqlia tərəfindən aşkar edilib və hazırda Böyük Misir Muzeyində saxlanılır.

Memfis arxeoloji məkanında ən qiymətli irs abidəsi Saqqara nekropoludur. Burada fironların, onların ailə üzvlərinin, həmçinin kahinlərin qəbirləri var. Qədim Misirin ilk Cozer ehramı və firon Cozerin sərdabəsi də bu ərazidədir. Saqqara nekropolu sarayların xarabalıqları və heyvan qəbirləri ilə də məşhurdur. Qədim misirlilər bu qəbirlərdə şahin, qartal və qarab böcəklərini basdırıblar.

Qədim Misirin paytaxtı Makedoniyalı İsgəndərin fəthinə qədər əsas şəhər olaraq qalıb. Alimlər hələ də Memfisdəki Xeops ehramının necə tikildiyini izah edə bilmirlər. Onun daxilindəki firon Xufunun sərdabəsi isə heyrətamiz təsir bağışlayır. Ümumilikdə Əbu-Ravaş, Giza, Zavyat Al-Arian, Əbu Sir, Saqqara, Mit Rahina və Dahshur inzibati ərazilərini ehtiva edən Memfis arxeoloji məkanında 38 ehram və 9 minə yaxın abidə mövcud olub. Bu məkan və nekropol 1979-cu ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə