Yaponiyalı milyarder kosmos səfərinə hazırlaşır

Yaponiyalı milyarder Yusaku Maezava və onun biznes həmkarı Hirano Yozonun Beynəlxalq Kosmik Stansiyaya (BKS) səyahətə hazırlaşmaları kütləvi-informasiya vasitələrinə (KİV) təqdim olunub.

SİA NHK telekanalına istinadla xəbər verir ki, H.Maezava və H.Yozo dekabrın 8-də Rusiyanın “Soyuz” kosmik gəmisinin göyərtəsində yola düşəcəklər.

Qeyd edək ki, H.Maezava Yaponiyanın dəbli geyimlər üzrə nəhəng internet mağazalar şəbəkəsinin təsisçisidir. H.Yozo isə Y.Maezavanın biznes həmkarıdır. Bu iki yapon iş adamının BKS-də təqribən 12 gün qalacağı gözlənilir. Onlar BKS-yə səyahət edən ilk Yaponiya vətəndaşları olacaqlar.

KİV-ə təqdimetmə zamanı yapon səyyahlar BKS-də fövqəladə vəziyyət – yanğının söndürülməsi və kosmik gəmi vasitəsilə xilas edilmə məşqlərini nümayiş etdiriblər. Təlimlər Moskva yaxınlığında yerləşən Y.Qaqarin adına Kosmonavtların Hazırlıq Mərkəzində keçirilib.

İlk dəfə skafandr geydiyini bildirən Y.Maezava onun daxilində çox isti olduğunu deyib. Artıq bir neçə aydır məşqlərin davam etdiyini qeyd edən milyarder bundan həzz aldığını da qeyd edib. Səyahətin tezliklə baş tutacağını düşündükcə isə daha çox həyəcanlandığını bildirib.

Kosmik səyahətlə əlaqədar heç bir qorxu hiss etmədiyini vurğulayan Y.Maezava BKS-nin göyərtəsində bir çox suala cavab axtaracağını da deyib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə