Övladınızla münasibətinizi gücləndirmək üçün 9 vərdiş... BUNLARI ETMƏK MÜTLƏQDİR

Uşaqlarımızla aramızda olan güclü bağın qurulması üçün onlarla günlük münasibətə xüsusi diqqət göstərməliyik. Münasibətlərdəki yaxın bağlar həm valideynlər, həm də övladlar üçün çox önəmlidir. SİA-nın verdiyi məlumata görə, uşağımıza çox sevgi verməyimiz münasibətin daha da güclənməyinə şərait yaradır. Bu, valideynlik prosesi boyunca göstərdiyimiz zəhmətin mükafatıdır. Halbuki hamımız insanıq və edə biləcəyimiz tək şey uşağımızın əsas ehtiyaclarını ödəməkdir. Valideynlik dünyadakı ən çətin işdir. Bəs övladımızla daha güclü bağ qurmaq üçün nə etməliyik?

1. Uşağınızı gündə 12 dəfə qucaqlayın. Səhər oyandığınızda, sağollaşarkən və axşam yatanda qucaqlayın. Yeniyetmələr bu cəhdlərinizə mənfi cavab verirsə, yavaş və diqqətlə hərəkət etməli olduğunuzu unutmayın. Onu soyuq bir içki ilə sakitləşdirin və yüngül fiziki təmasda söhbətə başlayın.

2. Keçidlərdən əvvəl münasibət qurun. Uşaqlar bir şeydən digərinə keçməkdə çətinlik çəkirlər. Övladınızın gözlərinə baxaraq, adını söyləyərək və bir az gülməsinə şərait yaradaraq oyun vasitəsilə özünü düzgün idarə edə bilməsi üçün kömək edə bilərsiniz. Oyanma vaxtı gəldikdə uşağınızı beş dəqiqə qucaqlayıb geyinmə, diş fırçalama kimi icraedici funksiyalara keçidi asanlaşdırın.

3. Oyun oynayın. Gülüş və əyləncə həm endorfin, həm də oksitosin hormonlarını stimullaşdıraraq uşağınızla əlaqə saxlayır. Oyunu gündəlik vərdiş halına gətirmək, onun tənha hiss etməsinə və bu səbəbdən daha çox pis davranmasına səbəb ola biləcək narahatlıqların öhdəsindən gəlmək şansı verir.

4. Övladınızla əlaqə qurarkən bütün texnoloji cihazları söndürün. Uşağınızla zaman keçirərkən telefonunuzu və ya səslənən musiqini söndürdüyünüz halda o bunun valideynləri üçün nə qədər vacib olduğunu hiss edərək ömür boyu unutmayacaq. Bu vəziyyət avtomobildə xüsusilə vacibdir. Çünki avtomobildə gözlə əlaqə olmaması təzyiqi azaldır, uşaqların daha asan fikirlərini bölüşməsinə imkan yaradır.

5. Xüsusi vaxt ayırın. Uşaqlarınızın hər biri üçün ayrı-ayrılıqda hər gün 15 dəqiqə ayırın. Bu müddət ərzində özünüzün və övladınızın istəklərini növbə ilə etməyə çalışın.

6. Hisslərinə hörmətlə yanaşın. Uşağınız hisslərini ifadə etməyə ehtiyac duyur. Əks təqdirdə, bu duyğular davranışlarına təsir göstərməyə başlayır. Onun duyğularını qəbul edin. Qəzəbin sizi ələ almasına icazə verməyin və arxasında dayanan göz yaşlarını, qorxuları normal qarşılayın. Övladınızın yanınızda ağlayıb və heç kimə göstərmək istəmədiyi cəhətlərini ortaya qoyacaq qədər sizə güvəndiyini unutmayın.

7. Dinləyin və empatiya qurun. Münasibət dinləməklə başlayır. Uşağınızın gözündən həyata baxmaq ona hörmətlə yanaşıb, qarşılıqlı həll yolları axtarmağınıza imkan verəcək. Beləliklə, sizi dəli edən davranışların arxasındakı səbəbləri görmək daha asan olacaq. Empatiya qurmaqla həmçinin siz, öz duyğularınızı idarə etməyi öyrənəcəksiniz.

8. Tələsməyin və anın dadını çıxarın. Uşağınızla xatirələriniz olsun. Çiyələkləri yeməzdən əvvəl ətrini duysun. Əllərinizi axan suyun altına qoyun və birlikdə axan suyun sərinliyini hiss edin. Saçlarından qoxlayın, gülüşünə qulaq asın. İçində olduğunuz anın möhtəşəmliyini duyun.

9. Yatağında söhbət edin. Qaranlıqda qucaqlaşmaq və söhbət etmək üçün övladınızın yatma vaxtını bir az tezləşdirin. Bu səmimi və təhlükəsiz anlar övladınıza danışmaq istəmədiyi problemləri deməyə şərait yaradır. Hal-hazırda edə biləcəyiniz bir şey olmasa da, sadəcə qulaq asın və duyğularını öyrənin. Ona narahatlığını və qorxularını başa düşdüyünüzü, birlikdə həll yolları axtaracağınızı söyləyin.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə