Əllərdə və üzdə olan quruluğun SƏBƏBLƏRİ AÇIQLANDI - DERMOTOLOQ DANIŞDI

“Qış aylarında bir çox pasientlər əllərdə, üz dərisində quruluq, qaşınan qızartıların, çatların olması ilə bağlı müraciət edirlər. Bu da onunla bağlıdır ki, hava soyuq olduqda damarlar büzülür”. Bu sözləri SİA-ya açıqlamasında dermotoloq Sevinc Kərimov bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə hava soyuduqda periferik kapilyarlarda nisbətən daralma gedir və qanın daşınması toxumalara əsasən nisbətən çətinləşir: “Bu cür hallar quruluq kimi dəyərləndirilir. Bu quruluq isə soyuqdan dermatit adlandırılır. Bu zaman dəri kəskin şəkildə quruyur, qızartı və qaşınmalara səbəb olur. Bu zaman tövsiyəm budur ki, isti əlcəklərdən, həmçinin üzlərdə quruluq varsa bu zaman da şərflərdən istifadə edilsin. Həmçinin əllərdə olan quruluğu nisbətən azaltmaq üçün, nəmləndirici kremlərdən də istifadə etmək məsləhət görülür. Bəzən qış aylarında əllərimizi isti su ilə yumaq bizə xoş gəlir. Lakin bu bizim dərimizin üzərində olan müdafiə yağlanmasını məhv edir. Bu da dərinin müdafiə sistemini pozur. Eyni zamanda quruluq, qaşıntı kimi problemlərin baş verməsini sürətləndirir. Buna görə də əlləri isti deyil, daha çox ilıq su ilə yumaq məsləhət görülür. Eyni zamanda tövsiyəm budur ki, spirt, dezinfeksiyaedici digər maddələrdən çox istifadə olunmasın. Bundan əlavə də evin, xüsusilə də hamamın təmizlənməsi zamanı kimyəvi maddələrdən istifadə edərkən ehtiyyatlı olmalı, dəriyə dəyməsinin qarşısını almalı, buna görə də əlcək taxmaq məsləhət görülür. Bütün bu proseslərin sonunda yenə də əllərin dərisini qorumaq üçün nəmləndirici kremdən istifadə olunmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə