"Omikron" variantında insanlarda bu hallar yaşana bilər - DİQQƏT! - İNFEKSİONİST DANIŞDI

"Azərbaycanda da artıq rəsmi olaraq 12 nəfərdə Covid-19-un "Omikron" variantı aşkarlanıb. Onu qeyd etmək istəyirəm ki, ilkin məlumatlara görə, "Omikron" variantında yoluxuculuq digər variantlara nisbətən 4 dəfə çoxdur. Yəni digər variantlara yoluxanlardan bu varianta yoluxanların sayı 4 dəfə çoxdur". Bunu SİA-ya açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib.

İnfeksionist qeyd edib ki, ancaq ölüm halları Covid-19-un Delta variantından çox ola bilməz. Çünki artıq neçə vaxtdır ki, Avropa ölkələrində "Omikron" variantı yayılır, ancaq ölüm hallarında ciddi artım olmayıb. Digər tərəfdən onu qeyd etmək istəyirəm ki, "Omikron" variantı uşaqlar arasında da yayılma xüsusiyyətinə malikdir. Lakin faiz etibarı ilə götürsək uşaqlarda "Omikron" ciddi ağırlaşmalara səbəb olmur.

Vüqar Cavadzadə bu barədə fikirlərini belə izah edib: "Ümumiyyətlə, "Omikron" variantı daha çox boğaz ağrıları, burun tutulması, burun axması ilə müşahidə olunur. Bəzi xəstələrdə hətta yüksək temperatur əlamətləri ilə özünü göstərə bilir. Ancaq bu əlamətləri olan xəstə rejimə, düzgün müalicəyə riayət edirsə, bu 3-4 gün ərzində temperaturun düşməsi və klinik əlamətlərin sönməsinə səbəb olur. Beləliklə, xəstə daha tez sağalma xüsusiyyətinə malik olur. Amma yenə deyim ki, kimlərdəsə yanaşı xəstəliklər şəkər, diabetik hipertoniya və başqa xəstəliklər varsa, bəli onların ağırlaşma ehtimalı var. "Omikron" variantının ölkəmizə gəlməsi insanlarda təşvişə səbəb olmamalıdır. Bu da Covid-19-un bir variantıdır. Hələ Covid-19-un bundan sonra onlarca variantı meydana gələcək. Bu onların biolojik xüsusiyyətidir. Davamlı olaraq onlar mutasiyaya uğrayaraq artırlar. Demək istəyirəm ki, ölkəmizə "Omikron" variantı gəlib deyə qorxuya, həyəcana düşməyə ehtiyac yoxdur. İndiyə kimi Covid-19-a qarşı nə tədbirlər görülübsə, indi də həmin tədbirlər görülməlidir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə