Vətəndaşın sağlamlığı və həyatı hər şeydən önəmlidir - DEPUTAT ŞƏRH ETDİ

“Məlumdur ki, dünyada artıq iki ildən çoxdur bəşəriyyət koronavirus pandemiyası ilə üzbəüzdür. Bu ötən müddət ərzində koronavirusun dəfələrlə bir neçə ştammının müxtəlif dalğaları olub. Azərbaycan da dünyanın bir parçası kimi koronavirus pandemiyası ilə ciddi mübarizə aparır. Koronavirus Azərbaycanda qeydiyyata alınmamışdan öncə möhtərəm Prezidentimizin tapşırığı ilə hökumət çox ciddi önləyici tədbirlər planı hazırladı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, ötən müddət ərzində Azərbaycanda da təbii ki, koronavirusun müxtəlif vaxtlarda periodik olaraq dalğaları müşahidə olundu: “Bütün bu müddət ərzində hökumətin koronavirusa qarşı apardığı tədbirlər planı beynəlxalq təşkilatlar tərəfindən çox yüksək dəyərləndirildi. Biz qürurla deyə bilərik ki, Azərbaycan hökuməti bir sıra ölkələrə, daha doğrusu 40-a yaxın ölkəyə müxtəlif maddi, müalicə, profilaktika məqsədilə böyük dəstək verdi. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar pul vəsaiti keçirdi və dövlət başçımızın iştirakı ilə müxtəlif beynəlxalq səviyyəli tədbirlər keçirildi. İstər Qoşulmama Hərəkatı çərçivəsində, istər Türk konseyi tərkibində müxtəlif tədbirlər oldu. Yəni, koronavirusa qarşı birgə səylərin səfərbər olması və birgə əməkdaşlıq mövzusunda çox yüksək səviyyəli tədbirlər keçirildi. Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatı adından Birləşmiş Millətlər Təşkilatına müraciəti ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının xüsusi sessiyası keçirildi, qətnamələr qəbul olundu. Həm Azərbaycan daxilində, həm beynəlxalq, həm regional müstəvidə koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan örnək gətirilən ölkələrdəndir və onu da deyim ki, Azərbaycan həqiqətən də koronavirusdan çox az itki və zərərlə çıxıb. Yəni, Azərbaycanda demək olar ki, həyat tam axarına düşüb”.

Deputat sözlərinə belə davam edib: “Çox cüzi məhdudiyyətlər var. Azərbaycan ən az itki və ən az zərər görən ölkələrdəndir. Bütün bunlara baxmayaraq bu ötən dövr ərzində Azərbaycan xalqı, Azərbaycan dövləti və Azərbaycan hökuməti çox ciddi problemlərlə üzləşdi”.

“Nazirlər Kabineti nəzdində qurulmuş Operativ Qərargah bir an da olsun koronavirus pandemiyasından diqqətini çəkmədi. Möhtərəm Prezidentimiz ilk gündən dedi ki, mənim üçün Azərbaycanın hər bir vətəndaşının sağlamlığı və həyatı hər şeydən önəmlidir. Bu prinsiplə də biz yola çıxdıq və artıq iki ili yola salmışıq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə