Ölkəmizdə İİV/QİÇS-lə mübarizənin gücləndirilməsi, insanların öz İİV-statusuna dair məlumatlandırılması, biliklərin artırılması, yoluxma hallarının erkən aşkarlanması və profilaktikasının genişləndirilməsi, İİV-lə bağlı stiqma və diskriminasiya hallarının qarşısının alınması məqsədi ilə Bakı, Sumqayıt və Şəkidə "İİV-ə testləşmə milli kampaniya"sı təşkil olunub. SİA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə avqust ayı ərzində təşkil olunmuş kampaniya çərçivəsində ölkənin iri şirkət və müəssisələrində çalışan 6489 nəfərdə könüllü olaraq İnsanın İmmunçatışmazlığı Virusuna test müayinəsi aparılıb. Müayinələr əsasən iş yerlərində, istehsal prosesindən ayrılmayaraq 15-20 dəqiqə ərzində ekspress-test üsulu ilə həyata keçirilib. Ölkədə ilk dəfə icra olunan müayinələr İİV statusunu müəyyən etməyə imkan yaradıb.
Müayinələrlə yanaşı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri zavod, fabrik və digər müəssisələrdə çalışan işçilərlə testdən əvvəl və sonra İİV/QİÇS-lə bağlı məsləhətləşmələr keçirib, onlara broşur, bukletlər, plakatlar paylayıblar. Kampaniyada "Təmiz Şəhər" ASC-nin, "Safe Life" MMC-nin, "Delta Group" şirkətlər qrupunun, "Azərkimya" İstehsalat Birliyinin, "Bakı Tikiş Evi" ASC-nin və diqər müəssisələrin işçiləri könüllü müayinədən keçib və məlumatlandırılıb.
Eyni zamanda sakinləri müayinələrə cəlb etmək üçün Şəki şəhərindəki "Kanal-S" telekanalında RQMM-nin Şəki regional laboratoriyasının müdirinin çıxışı olub. İİV/QİÇS barədə çıxışdan sonra şəhər sakinləri telekanalın qarşısında dayanan mobil İİV-ə könüllü müayinə və məsləhət məntəqəsinə müraciət edərək pulsuz və anonim qaydada İİV-ə testdən keçmək imkanı əldə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB