“Sağlam qida ilə sağlam gələcəyə” adlı layihəyə yekun vurulub

“Sağlam qida ilə sağlam gələcəyə” adlı layihəyə yekun vurulub

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sağlam qida ilə sağlam gələcəyə" adlı layihəyə yekun vurulub. Bakı şəhəri Səbail rayonunun 7 nömrəli tam orta məktəbində keçirilən tədbirdə layihə çərçivəsində görülən işlər haqqında məlumat verilib. Vurğulanıb ki, layihə çərçivəsində keçirilən tədbirlər, hazırlanan televiziya proqramlarının məqsədi yeniyetmə və gəncləri doğru qidalanmaya təşviq etmək, onları bu istiqamətdə maarifləndirməkdir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, düzgün qidalanma ilə yanaşı, insanlar həmçinin sağlam qidadan istifadə etməli və bu yöndə bilgiyə sahib olmalıdır. Onun sözlərinə görə, bu məlumatlardan xəbəri olmayan gənc nəsil "fast food" yeməklərinə daha çox üstünlük verir. Ekspertin sözlərinə görə, bunun səbəblərindən biri bu kimi qidaların tez hazırlanması və ucuz başa gəlməsidir. Lakin araşdırmalara görə, bu kimi qidalar insanlarda psixoloji asılılıq, hövsələsizlik yaradır və tədricən onlarda depressiyaya düşdükləri meydana çıxır.

Geni dəyişdirilən məhsullarını da insan həyatı üçün təhlükə yaratdığını diqqətə çatdıran Eyyub Hüseynov bildirib ki, bu tip qidaların tərkibinə müxtəlif qatqıların əlavə olunması ilə yaşamaq üçün yediyimiz qidalar sağlamlığımız üçün böyük təhlükə yaradır.

Şəhərin müxtəlif yerlərində yeni fast-food qidaları satılan obyektlərin sayının gündən-günə çoxaldığını və bunun gələcəkdə böyük fəsadlar törədəcəyini deyən mütəxəssis gəncləri ayaqüstü hazırlanan qidalardan uzaq durmağa çağırıb.

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Əlmaniz Ələkbəri layihənin günümüzün aktual məsələsi olan təhlükəsiz qidalanmaya həsr edildiyini və bu istiqamətdə yeniyetmə və gənclərin maarifləndirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

Sonda məktəblilərin sağlam qidalanma ilə bağlı sualları ətraflı cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə