Qaraciyər piylənməsinin qarşısını necə almaq olar? - AÇIQLANDI

Son illərdə gənclər arasında qaraciyər piylənməsi və ümumilikdə metabolik sindrom halları nəzərəçarpacaq dərəcədə artıb. Bunun əsas səbəblərindən biri düzgün olmayan həyat tərzidir. Fast-food və yüksək kalorili qidaların həddindən artıq istifadəsi, fiziki aktivliyin azalması, oturaq həyat tərzi və gündəlik hərəkətin minimuma enməsi bu problemi daha da dərinləşdirir. Xüsusilə gənc kişilər arasında avtomobildən həddindən artıq istifadə və idmandan uzaq qalmaq risk faktorlarını artırır.

Bu sözləri SİA-ya açıqlamasında terapevt-hepatoloq Sevinc Abasova deyib.

O bildirib ki, belə hallarda qanda xolesterol səviyyəsinin yüksəlməsi də tez-tez müşahidə olunur. Nəticədə erkən yaşlarda şəkərli diabet, piylənmə və digər metabolik problemlər ortaya çıxa bilir. Qaraciyər piylənməsi də məhz maddələr mübadiləsinin pozulması fonunda inkişaf edir və vaxtında qarşısı alınmasa, daha ciddi qaraciyər xəstəliklərinə səbəb ola bilər:

”Problemin qarşısını almaq üçün ilk növbədə aktiv həyat tərzinə üstünlük verilməlidir. Müntəzəm fiziki fəaliyyət, gündəlik yürüşlər, artıq çəkidən qorunmaq və sağlam qidalanma əsas şərtlər sayılır. Xüsusilə Aralıq dənizi tipli pəhriz tərəvəz, meyvə, balıq, zeytun yağı və tam taxıl məhsullarının üstünlük təşkil etdiyi qidalanma sistemi qaraciyərin sağlam qalmasına kömək edir. Çəkinin normada saxlanılması isə həm qaraciyər piylənməsinin, həm də diabet və ürək-damar xəstəliklərinin riskini azaltmaq baxımından mühüm rol oynayır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə