“Görmə sağlamlığına yuxu rejimi, qidalanma və göz gigiyenası mühüm təsir göstərir” - PAŞA QƏLBİNUR

“Refraksiya anomaliyaları , yəni uşaqlarda görmə zəifliyi və uzaq-yaxın görmənin pozulması , son illərdə qlobal miqyasda artan oftalmoloji problemlərdən biri kimi diqqət çəkir. Şüa sınmasının dəyişməsi nəticəsində eynək istifadəsinə ehtiyacın artması həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur və xüsusilə iri şəhərlərdə daha qabarıq şəkildə özünü göstərir”.
Bu sözləri SİA -ya açıqlamasında professor, Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri Paşa Musayev Qəlbinur bildirib.
Onun sözlərinə görə, mütəxəssislər bu artımın əsas səbəbləri sırasında urbanizasiya prosesini, təhsil sistemində uşaqların uzun müddət yaxın məsafədən oxuma və yazma fəaliyyəti ilə məşğul olmasını və rəqəmsal texnologiyalardan , mobil telefon, planşet və kompüterlərdən , həddindən artıq istifadəni qeyd edirlər. Bu amillər gözün akkomodasiya sisteminə davamlı yük yaradır və refraksiya pozuntularının formalaşma riskini artırır.

Valideynlərin bu sahədə maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Uşaqların ekran qarşısında keçirdiyi vaxtın məhdudlaşdırılması, sosial şəbəkələrdən məqsədsiz istifadənin azaldılması və yalnız zəruri hallarda qısa müddətli informasiya əldə edilməsi tövsiyə olunur. Eyni zamanda açıq havada aktiv fəaliyyət, park və təbiət mühitində vaxt keçirmək uzaq görmə qabiliyyətinin qorunmasına müsbət təsir göstərir.

Görmə sağlamlığına təsir edən digər mühüm amillər sırasında yuxu rejiminin pozulması, qeyri-sağlam qidalanma və düzgün olmayan gündəlik həyat tərzi də qeyd edilir. Məktəb yaşlı uşaqlarda göz gigiyenasına riayət olunması, düzgün oturuş, kitab-göz məsafəsinin qorunması, mütəmadi fasilələr və adekvat işıqlandırma , profilaktik baxımdan əsas şərtlərdəndir.

Müasir oftalmologiya refraksiya anomaliyalarının korreksiyası üçün effektiv üsullar, o cümlədən 18 yaşdan sonra tətbiq oluna bilən lazer müdaxilələri təqdim etsə də, əsas prioritet bu problemlərin erkən mərhələdə qarşısının alınmasıdır. Profilaktik tədbirlərə əməl edildikdə uşaqlarda görmə zəifliyinin inkişaf riski əhəmiyyətli dərəcədə azaldıla bilər.

Bundan əlavə, refraksiya anomaliyalarının yaranmasında genetik meyllilik də mühüm rol oynayır. Valideynlərdə bu problemin mövcudluğu uşaqlarda da oxşar pozuntuların yaranma ehtimalını artırır. Bu səbəbdən risk qrupuna daxil olan uşaqlara daha diqqətli yanaşma və mütəmadi oftalmoloji nəzarət elmi və praktik baxımdan vacib hesab olunur”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə