MR Fuzion biopsiyasının prostat xərçənginin diaqnostikasında əhəmiyyəti mövzusunda elmi tədbir keçirilib

30 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “MR fuzion biopsiyasının prostat xərçənginin diaqnostikasında əhəmiyyəti” mövzusunda uroonkoloqların aylıq toplantısı keçirilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev salamlama niti ilə çıxış edərək tədbirin məqsədi, müasir diaqnostik üsulların əhəmiyyəti və prostat xərçənginin erkən aşkarlanmasının klinik praktikadakı rolu barədə fikirlərini bölüşüb.
Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi Bəhrüz Xalıqovun moderatorluğu ilə həyata keçirilən tədbirdə elmi proqram çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsisinin Elmi Təcrübə Mərkəzinin rəisi, DTX HTBİ Hərbi Hospitalının "Böyrək Xəstəlikləri və Orqan Transplantasiyası" şöbəsinin rəhbəri, t.e.d Rəşad Şolan “MR fuzion prostat biopsiyası – İneqrativ ARTEMS texnologiyasının tətbiqi” mövzusunda təqdimatla çıxış edib. O, məruzədə MR və ultrasəs texnologiyalarının birləşdirilməsi ilə daha dəqiq biopsiya üsullarının tətbiqi, hədəfli diaqnostikanın üstünlükləri və klinik nəticələrə təsiri barədə ətraflı məlumat verib.
Daha sonra Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi Eldəniz Hüseynov “Multiparametrik MRT-nin prostat xərçənginin diaqnostikasındakı yeri: PIRADS sinifləndirilməsi uroloqa nə qədər lazımdır?” mövzusunda çıxış edib və çıxışda multiparametrik MRT-nin diaqnostik imkanları, PIRADS sisteminin risk qiymətləndirilməsində rolu və uroloji qərarverməyə təsiri barədə geniş məlumat verib.
Elmi toplantı zamandı Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin həkim-rezidenti Nadir Ağazadə mövzu ilə əlaqəli ən son tədqiqatlara dair məqalələrdən məruzə təqdim edib və klinik tədqiqatların qərarvermə prosesindəki roluna diqqət cəlb edib.
Tədbirin sonunda müzakirələr və sual-cavab sessiyası keçirilib. İştirakçılar təqdim olunan mövzular ətrafında fikir mübadiləsi aparıb, praktik suallar cavablandırılıb və klinik təcrübələr paylaşılıb.
Toplantı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və müasir diaqnostik yanaşmaların tətbiqi baxımından faydalı platforma kimi dəyərləndirilib.
Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə