24 aprel 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı 2026-cı il üçün Fəaliyyət Planı” üzrə İllik Maarifləndirici Tədbirlər Planına uyğun növbəti maarifləndirici tədbir həyata keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Xəstə Xidmətləri şöbəsinin rəisi Cəmilə İsmayılova, Sığorta şöbəsinin rəisi İlahə Məmmədova, İT şöbəsinin rəisi Bəhruz Muradov, məsul tibb bacıları, rezidentler və əməkdaşlar iştirak ediblər.
Tədbirdə salamlama nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım səhiyyə sahəsində korrupsiya ilə mübarizənin pasiyentlərin əlçatan, bərabər və keyfiyyətli tibbi xidmətlər əldə etməsində mühüm rol oynadığını vurğulayaraq, bu istiqamətdə sistemli yanaşmanın və institusional tədbirlərin gücləndirilməsinin vacibliyini qeyd edib.
Daha sonra Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri şöbəsinin rəisi Cəmilə İsmayılova “Korrupsiya ilə mübarizədə Xəstə xidmətləri şöbəsinin işinin təşkili və bu sahədə zəruri addımlar” mövzusunda çıxış edərək pasiyentyönümlü xidmətlərin təşkili zamanı şəffaflığın təmin olunmasının, xidmətlərə bərabər çıxış imkanlarının yaradılmasının və etik davranış prinsiplərinə riayət edilməsinin korrupsiya risklərinin azaldılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O, bu sahədə növbəlilik sisteminin düzgün qurulmasının, pasiyent müraciətlərinin operativ və obyektiv şəkildə cavablandırılmasının, həmçinin xidmət proseslərinin standartlaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Sığorta şöbəsinin rəisi İlahə Məmmədova isə “Sığorta şirkətləri və pasiyentlərlə iş sahəsində keyfiyyətli xidmətin təşkili” mövzusundakı çıxışında sığorta şirkətləri və pasiyentlərlə iş prosesində şəffaflıq, düzgün sənədləşmə və qarşılıqlı etimadın təmin edilməsinin vacibliyindən bəhs edib. O, sığorta mexanizmlərinin düzgün tətbiqinin, xidmətlərin əsaslandırılmış şəkildə təqdim olunmasının və bütün əməliyyatların aydın uçotunun aparılmasının korrupsiya risklərinin minimuma endirilməsinə xidmət etdiyini qeyd edib.
İT şöbəsinin rəisi Bəhruz Muradov “Tibb müəssisəsində korrupsiya ilə mübarizədə elektron xidmətlərin və rəqəmsallaşmanın vacibliyi” mövzusunda çıxış edərək tibb müəssisələrində korrupsiya ilə mübarizədə rəqəmsallaşmanın roluna toxunub, elektron növbə sistemləri, tibbi informasiya sistemləri və nağdsız ödəniş mexanizmlərinin tətbiqinin şəffaflığın artırılmasına və insan faktorundan irəli gələn risklərin azaldılmasına imkan yaratdığını bildirib. O, həmçinin bütün əməliyyatların elektron mühitdə qeydə alınmasının və izlənilə bilməsinin hesabatlılığın gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Tədbir çərçivəsində iştirakçılar arasında mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb və səsləndirilən təkliflər dinlənilib. Sonda qeyd olunub ki, Mərkəzi Gömrük Hospitalında davamlı olaraq həyata keçirilən bu cür maarifləndirici tədbirlər səhiyyə sistemində şəffaflığın artırılması, etik davranış mühitinin gücləndirilməsi və korrupsiya risklərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB