Mərkəzi Gömrük Hospitalı Laboratoriyasında SATLARS T8 texnologiyası tətbiq olunub
23 aprel 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalının Laboratoriyasında SATLARS T8 texnologiyasının istifadəsinə dair təqdimat tədbiri keçirilib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim Bəxtiyar Musayev, Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova, həkim laborantlar və media nümayəndələri iştirak ediblər.
SATLARS T8 texnologiyası laborator diaqnostika sahəsində keyfiyyətin daha da yüksəldilməsi, xidmətlərin optimallaşdırılması və pasiyentlərə göstərilən tibbi xidmətin sürət və dəqiqliyinin artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Müasir laboratoriya sistemlərində yüksək keyfiyyət yalnız ayrı-ayrı analizlərin nəticələri ilə deyil, bütün proseslərin vahid sistemdə inteqrasiyası və effektiv idarə olunması ilə təmin edilir. Məhz bu yanaşmanı əsas götürən SATLARS T8 platforması laboratoriya proseslərinin tam avtomatlaşdırılmasına imkan yaradan innovativ və inteqrasiya olunmuş texnoloji həll kimi çıxış edir.
Texnologiyanın istehsalçısı olan “Shenzhen New Industries Biomedical Engineering Co., Ltd” Çin Xalq Respublikasında yerləşən və laborator diaqnostika sahəsində qlobal miqyasda tanınan lider şirkətlərdən biridir. Şirkətin məhsullarının 160-dan çox ölkədə tətbiqi onun yüksək etibarlılığını, texnoloji üstünlüyünü və beynəlxalq səviyyədə qazandığı güclü reputasiyanı bir daha təsdiqləyir.
SATLARS T8 sistemi süni intellekt dəstəyi ilə preanalitik mərhələnin idarə olunmasını və çoxmodullu inteqrasiya imkanlarını özündə birləşdirir. Hazırda sistem iki əsas platforma üzərində qurulub:
MAGLUMI X8 – işıq əsaslı immun analiz metodu ilə işləyən analizator olaraq geniş test paneli və yüksək məhsuldarlığı sayəsində klinik diaqnostikanın dəqiqliyini artırır və həkimlərin qərarvermə prosesini daha etibarlı edir;
Bioassay C8 – avtomatlaşdırılmış biokimyə analizatoru kimi biokimyəvi analizlərin yüksək dəqiqlik və sabitliklə icrasını təmin edir.
Bu iki sistemin inteqrasiyası analizlərin paralel şəkildə aparılmasına, iş axınının optimallaşdırılmasına və nəticələrin daha qısa müddətdə əldə olunmasına şərait yaradır. Qeyd edək ki, tətbiq edilən sistemlər beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq xarici keyfiyyətə nəzarət proqramları ilə dəstəklənir. Bu isə laborator nəticələrin etibarlılığını və dəqiqliyini daha da gücləndirir.
Mərkəzi Gömrük Hospitalı bundan sonra da müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin inteqrasiyası yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daim inkişaf etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB