İnsanlarda nəyə görə iş stressi yaranır? - PSİXOLOQ AÇIQLADI

“Stres həm şəxsi, həm iş, həmçinin ailə münasibətlərində də olur. Stressin əsas səbəblərindən biri qarşı tərəflərin bir-birini anlamamasıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, digər səbəblərə plansız iş görmək, eyni anda bir neçə gərginlik yaradan işlə məşğul olmaq və zamanı düzgün idarə edə bilməmək daxildir:

“Ümumiyyətlə, qorxu, həyəcan və gələcəklə bağlı narahatlıqlar da stresə səbəb olan amillərdəndir. İş stresi daha çox iş yerində münasibətlərin düzgün tənzimlənməməsindən qaynaqlanır. Məsələn, bir işçinin həddindən artıq yüklənməsi, digərinin isə az və ya heç işləməməsi, eləcə də iş bölgüsünün düzgün aparılmaması stres yaradır. Həmçinin, insanın sevmədiyi işlə məşğul olması da gərginliyə səbəb ola bilər.

Son vaxtlar həm HR mütəxəssisləri, həm də psixoloqlar qeyd edirlər ki, stres daha çox münasibətlər zəminində yaranır. Çox vaxt işində uğurlu olan insanın münasibətləri yaxşı olmadıqda, bu, onun fəaliyyətinə mənfi təsir göstərir və stresə səbəb olur. Bundan əlavə, işini itirmək qorxusu və ya özünü yetərsiz hiss etmə kimi komplekslər də iş yerində stres yaradan amillər sırasındadır”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə