Mövsümə uyğun olmayan meyvələrin orqanizmə hansı təsirləri var? - MÜTƏXƏSSİS AÇIQLADI

Mövsümündə olmayan meyvələr bazarlarda getdikcə daha çox rast gəlinir. Bu məhsullar uzun məsafələrdən idxal olunur və saxlanma müddətini uzatmaq üçün müxtəlif kimyəvi maddəılərdən istifadə edilir. Belə meyvələrin qida dəyəri təbii yetişən məhsullara nisbətən daha aşağı olur və bəzi sağlamlıq riskləri daşıya bilər. Bəs, bu meyvələrin orqanizmimizə təsiri nə qədər təhlükəlidir?

Məsələ ilə bağlı qida üzrə mütəxəssis Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, ölkəmizdə həm yerli istehsal olunan, həm də idxal edilən bir sıra meyvə-tərəvəz məhsulları mövcuddur:

“Son zamanlar sosial şəbəkələr üzərindən satılan, həmçinin bazarlarda və marketlərdə təqdim olunan xarici mənşəli meyvələr arasında ekzotik, subtropik və tropik növlərə tez-tez rast gəlinir. Ölkəmizdə bu tip meyvələrin bəzilərinin yetişdirilməsi mümkün olmadığından və ya yalnız müəyyən iqlim şəraitində yetişdiyindən, onlar əsasən isti ölkələrdən idxal olunur. Lakin bu məhsulların istehlakı müəyyən risklər yarada bilər. İlk növbədə qeyd etmək lazımdır ki, meyvələr istifadə olunmazdan əvvəl mütləq yaxşıca yuyulmalıdır. Çünki xüsusilə alma, portağal kimi meyvələrin üzərinə daşınma zamanı qorunması və zədələnməməsi üçün mum təbəqəsi çəkilə bilər.

Məhsullarda pestisid və hormon qalıqları kimi riskli maddələr də mövcud ola bilər. Bu cür halların dəqiq müəyyən edilməsi yalnız laborator analizlər və elmi araşdırmalar əsasında mümkündür. Buna görə də konkret olaraq hansı meyvədə hansı maddənin nə qədər olduğunu ümumi şəkildə demək doğru deyil. Lakin istənilən halda meyvələr yuyulmadan istehlak edilməməlidir.

Xüsusilə azyaşlılar və hamilə qadınlar bu cür məhsulları istehlak edərkən daha diqqətli olmalıdırlar. Bu qruplar həssas hesab olunduğuna görə, onların qidalanmasında ehtiyatlı yanaşma vacibdir. Ümumiyyətlə, meyvələrin əsas qida qəbulundan dərhal sonra deyil, müəyyən vaxt keçdikdən sonra yeyilməsi daha məqsədəuyğundur. Yəni qida həzm olunduqdan sonra meyvə istehlak olunmalıdır.

Digər vacib məqamlardan biri də məhsulların üzərində yerləşdirilən etiketlər və kodlardır. Xüsusilə banan kimi məhsullarda rast gəlinən bu kodlar meyvənin necə yetişdirildiyi barədə məlumat verir. Buradan məhsulun orqanik üsulla, yoxsa gübrə və pestisidlərdən istifadə olunaraq yetişdirildiyini öyrənmək mümkündür. Eyni zamanda, məhsulun istixanada yetişdirilməsi və digər xüsusiyyətləri də etiket üzərində qeyd olunur.

Daşınma və saxlanma zamanı meyvələr birbaşa günəş şüalarına məruz qalmamalıdır. Marketlərdə həddindən artıq parlaq, eyni ölçülü və çox hamar görünən meyvələrə üstünlük verilməsi tövsiyə olunmur. Bu cür görünüş onların kimyəvi maddələrlə işlənmiş ola biləcəyini göstərir.

Bunun əvəzinə, daha çox yerli istehsal olan məhsullara üstünlük verilməsi məsləhətdir. Xüsusilə mövsümündə yetişən yerli meyvələrin istehlakı daha sağlam yanaşmadır. Mövsümdən kənar dövrlərdə isə həmin məhsulların konservləşdirilmiş və ya dondurulmuş formada istifadə olunması daha məqsədəuyğundur”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə