7 Aprel – Ümumdünya Sağlamlıq Günü: Birlikdə sağlamlıq üçün, elmlə dayan !

Bu il Ümumdünya Sağlamlıq Günü “Birlikdə sağlamlıq üçün. Elmlə dayan!” şüarı altında qeyd olunur. Dünyada sağlamlığın qorunması və xəstəliklərin qarşısının alınması istiqamətində hər birimizin məsuliyyəti vurğulanır. Bu mövzuya dair Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva ilə maarifləndirici müsahibəni təqdim edirik.

- Tamilla xanım, Ümumdünya Sağlamlıq Gününün mahiyyəti və cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat verməyinizi xahiş edirik.

- Ümumdünya Sağlamlıq Günü hər il bütün dünyada sağlamlıq məsələlərinə diqqətin artırılması məqsədilə qeyd olunur. Uzun və sağlam ömür yaşamağa nail olmaq və sağlamlığın möhkəmləndirilməsi müasir səhiyyənin qarşısında duran başlıca vəzifələrdəndir. 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaradılmışdır və həmin tarixdən dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. 1950-ci ildən başlayaraq, hazırda bütün dünyada həmin tarix Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir.

Bu il Ümumdünya Sağlamlıq Gününün “Birlikdə sağlamlıq üçün. Elmlə dayan!” şüarı iki əsas mesajı birləşdirir: “Birlikdə sağlamlıq üçün” – sağlamlıq yalnız fərdi səylə deyil, həm də cəmiyyət olaraq birgə çalışmaqla qorunur. “Elmlə dayan” isə tibbin, elmi araşdırmaların və sübutlara əsaslanan biliklərin sağlamlığımız üçün nə qədər vacib olduğunu göstərir. İnsanlar yalnız elmi biliklər və düzgün məlumatlar vasitəsilə sağlam həyat sürə bilərlər.

Ümumdünya Səhiyyə Təşkilatının çağırışına görə, dünya üzrə hər kəs birlikdə işləməyə və elmi dəstəkləməyə çağırılır, çünki bunlar daha yaxşı sağlamlıq üçün əsas hərəkətverici qüvvələrdir. Bu kampaniya Ümumdünya Səhiyyə Təşkilatının 7 aprel 1948-ci ildə təsis edilməsinin ildönümü münasibətilə başlayır və ilboyu davam edəcək ictimai sağlamlıq təşviqatını əhatə edir.

Bu gün insanlara xatırladır ki, sağlamlıq sadəcə xəstəliyin olmaması deyil, eyni zamanda fiziki güc, psixoloji sabitlik və sosial rifahın vəhdətidir. Sağlam cəmiyyət formalaşdırmaq üçün hər bir fərdin sağlamlığına məsuliyyətlə yanaşması vacibdir və bu yanaşma gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməlidir.

- Son yüz ildə insan sağlamlığı sahəsində hansı irəliləyişlər əldə olunub?

- Son yüz ildə elmi tərəqqi və beynəlxalq əməkdaşlıq sayəsində insan sağlamlığı dramatik şəkildə yaxşılaşıb. Məsələn: 2000-ci ildən bu yana qlobal ana ölüm göstəricisi 40%-dən çox azalıb. Həmçinin, 5 yaşdan kiçik uşaqlar arasında ölüm halları 50%-dən çox azalıb. Texnologiya, elmi bilik və bacarıqların inkişafı, həmçinin müxtəlif ölkələr, sahələr və ixtisaslar arasında əməkdaşlıq sayəsində əvvəllər həyati təhlükə yaradan məsələlər – yüksək qan təzyiqi, xərçəng diaqnozları və ya HIV infeksiyası kimi – artıq idarə olunan sağlamlıq problemlərinə çevrilib və insanların ömrünü uzadır, həyat keyfiyyətini yaxşılaşdırır.

- Tamilla həkim, sağlam həyat tərzi anlayışını daha geniş şəkildə necə izah edərdiniz?

- Sağlam həyat tərzi insanın gündəlik davranış və seçimlərinin sağlamlığa müsbət təsir göstərəcək şəkildə qurulmasıdır. Bu, yalnız düzgün qidalanmaqla məhdudlaşmır. İnsan balanslı qidalanmalı, gündəlik fiziki aktivliyə vaxt ayırmalı, kifayət qədər yatmalı və psixoloji sağlamlığını qorumağı bacarmalıdır. Qidalanmada təbii və vitaminlə zəngin məhsullara üstünlük verilməli, fast food və həddindən artıq şəkərli qidalardan uzaq durulmalıdır. Eyni zamanda, gündəlik həyatın stressini idarə etmək üçün istirahət və hobbilər də vacib rol oynayır.

- Müasir dövrdə insanların sağlamlığına ən çox hansı amillər mənfi təsir göstərir?

- Müasir həyat tərzi bir çox risk faktorlarını özü ilə gətirir. Oturaq həyat tərzi, texnologiyadan həddindən artıq istifadə, qeyri-düzgün qidalanma və stress bu amillərin başında gəlir. İnsanlar günün böyük hissəsini hərəkətsiz keçirir, bu isə ürək-damar xəstəlikləri, piylənmə və metabolik problemlərin artmasına səbəb olur. Bundan əlavə, özbaşına dərman qəbulu və həkim məsləhəti olmadan müalicə üsullarına müraciət etmək də ciddi təhlükələr yaradır. Sağlamlıq sahəsində düzgün məlumatlanma bu risklərin qarşısını almaqda mühüm rol oynayır.

- Profilaktik müayinələrin rolu haqqında daha geniş məlumat verə bilərsinizmi?

-Profilaktik müayinələr sağlamlığın qorunmasında əsas sütunlardan biridir. İnsan özünü sağlam hiss etsə belə, gizli gedən xəstəliklər yalnız müayinələr zamanı aşkar oluna bilər. Erkən diaqnoz bir çox xəstəliyin qarşısını almağa və ya onun ağırlaşmadan müalicəsinə imkan verir. Məsələn, arterial təzyiqin, qan şəkərinin və xolesterinin mütəmadi yoxlanılması ürək-damar və metabolik xəstəliklərin erkən mərhələdə aşkarlanmasına kömək edir. Bu baxımdan hər kəs ildə ən azı bir dəfə ümumi tibbi müayinədən keçməlidir.

-Mövsümi dəyişikliklər zamanı insanlar sağlamlıqlarını necə qoruya bilərlər?

-Mövsüm keçidləri orqanizm üçün müəyyən stress yaradır və immun sisteminin zəifləməsinə səbəb ola bilər. Bu dövrdə vitamin və minerallarla zəngin qidalanmaq, xüsusilə təzə meyvə və tərəvəzlərdən istifadə etmək vacibdir. Gündəlik su qəbulu artırılmalı, fiziki aktivlik davam etdirilməli və açıq havada vaxt keçirməyə üstünlük verilməlidir. Bundan əlavə, yuxu rejiminin pozulmaması və bədənin kifayət qədər istirahət etməsi immun sisteminin güclü qalmasına kömək edir.

-Stressin sağlamlığa təsiri və onun idarə olunması barədə nə deyə bilərsiniz?

-Stress müasir insanın həyatında qaçılmazdır, lakin onun düzgün idarə olunmaması ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Uzunmüddətli stress ürək-damar xəstəlikləri, həzm problemləri və psixoloji pozuntular riskini artırır. Stressin idarə olunması üçün fiziki aktivlik, meditasiya, düzgün istirahət və sosial dəstək mühüm rol oynayır. İnsan öz gündəlik həyatında balans yaratmağa çalışmalı və psixoloji sağlamlığına ən az fiziki sağlamlıq qədər önəm verməlidir.

- İmmunitetin gücləndirilməsi üçün hansı tövsiyələri verərdiniz?

- Güclü immun sistemi sağlamlığın qorunmasının əsas şərtlərindən biridir. Bunun üçün ilk növbədə balanslı qidalanma təmin olunmalı, kifayət qədər vitamin və minerallar qəbul edilməlidir. Fiziki aktivlik qan dövranını yaxşılaşdıraraq immun sistemini dəstəkləyir. Eyni zamanda, keyfiyyətli yuxu, stressin azaldılması və gigiyena qaydalarına riayət olunması da immunitetin güclənməsində mühüm rol oynayır.

- Sonda izləyicilərimizə hansı mesajı vermək istərdiniz?

-Sağlamlıq insanın həyat keyfiyyətini müəyyən edən ən vacib amildir və onu qorumaq hər birimizin gündəlik məsuliyyətidir. Kiçik, amma davamlı vərdişlər – düzgün qidalanma, hərəkətli həyat tərzi, müntəzəm müayinələr və psixoloji balans – uzun və sağlam ömrün əsasını təşkil edir. Unutmayaq ki, sağlam gələcək bugünkü seçimlərimizdən başlayır. Hər kəsi öz sağlamlığına daha həssas yanaşmağa, maariflənməyə və sağlam həyat tərzini həyatının ayrılmaz hissəsinə çevirməyə dəvət edirəm.

Müsahibə apardı:

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova

Bütün xəbərlər Facebook səhifəmizdə