“Diamed” zavoduna xüsusi media turu təşkil olunmuşdur

07.04.2026-cı il tarixində Pirallahıda yerləşən “Diamed” zavoduna xüsusi media tur təşkil olunmuşdur. SİA xəbər verir ki, Diamed Co MMC-nin direktoru Samirə Hüseynova jurnalistləri zavodun istehsal prosesi ilə tanış etmişdir.

Zavodda istifadə olunan bütün xammal və dərman qatqıları Avropanın Almaniya, Avstriya kimi qabaqcıl ölkələrindən idxal olunur. Bu yanaşma müəssisəyə yüksək təmizlik standartlarına cavab verən, keyfiyyətli məhsullar istehsal etmək imkanı yaradır və nəticədə əhalinin sağlamlığı üçün istifadə olunan məhsullar risksiz şəkildə təqdim edilir. Beləliklə, xammal və dərman qatqılarının idxalı zavodun keyfiyyət və təhlükəsizlik siyasətinin əsasını təşkil edir.

Zavodun avadanlıqları dünyanın ən qabaqcıl, bu sahədə tanınmış şirkətlərinin istehsalıdır. Məhsulların xüsusiyyətləri və təmizlənmə prosesi çoxmərhələli və insan müdaxiləsindən asılı olmayan sistemlə həyata keçirilir. Su təmizlənməsi prosesi bir neçə mərhələdən ibarətdir: əvvəlcə iri həcmli su xırda hissələrlə qarışdırılır, sonra xüsusi avadanlıqlarda emal olunur və nəhayət, su beş dəfə distillə edilir.

Bu proses nəticəsində suyun keyfiyyəti və şəffaflığı beynəlxalq standartlara cavab verir. Zavodda istifadə olunan əsas təhlil cihazı məhz bu mərhələləri həyata keçirir və Avropada GMQ standartlarına tam uyğunluq nümayiş etdirir. Bu yanaşma məhsulların təhlükəsizliyini təmin etməklə yanaşı, istehsal prosesinin şəffaflığını və keyfiyyətini də qoruyur.

Media tur çərçivəsində jurnalistlər və iştirakçılar zavodun istehsal sahələri ilə yaxından tanış olmuş, istehsal prosesinin müxtəlif mərhələlərinə dair təqdimatlarda iştirak etmişlər. Bu səfər müəssisənin fəaliyyət prinsiplərini, məhsulların hazırlanma texnologiyasını və keyfiyyət standartlarını daha geniş auditoriyaya çatdırmaq məqsədi daşıyırdı”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə