Uşaqlara peyvənd vurulmadan əvvəl nələrə diqqət edilməlidir? - PEDİATR AÇIQLADI
"Uşaq xəstəlikdən əziyyət çəkirsə, məsələn yüksək hərarət və ya infeksiya varsa, peyvəndin vurulması ertələnməlidir. Allergik vəziyyət də çox vacibdir. Uşağın dərmanlara və ya peyvəndin tərkib hissələrinə qarşı hər hansı allergiyasının olub-olmadığını yoxlamaq lazımdır. Əgər əvvəlki peyvəndlərdən sonra allergik reaksiyalar yaranıbsa, bu mütləq qeyd edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında pediatr Aytən Ziyadova deyib.
Onun sözlərinə görə, peyvənd tarixləri də mühüm əhəmiyyət daşıyır:
"Uşağın əvvəlki peyvəndləri və növbəti peyvəndin vaxtı düzgün uyğunlaşdırılmalıdır. Əgər hər hansı peyvənd buraxılıbsa və ya gecikibsə, cədvələ uyğun şəkildə düzəlişlər aparılmalıdır. Peyvəndin növü də xüsusi önəm kəsb edir. Uşağın yaşı və ümumi vəziyyəti nəzərə alınaraq uyğun peyvənd seçilməlidir. Məsələn, bəzi peyvəndlər yalnız müəyyən yaş dövrlərində tətbiq olunur, bəziləri isə yalnız sağlam uşaqlara verilir. Xüsusilə canlı (zəiflədilmiş) peyvəndlər yalnız sağlam uşaqlara tətbiq olunmalı, immun sistemi zəif olanlara isə verilməməlidir. Bundan əlavə, uşağın immun sistemi zəifdirsə (məsələn, xroniki xəstəliklər, onkoloji problemlər və ya immunosupressiv müalicə hallarında), peyvəndin növü və vaxtı daha diqqətlə seçilməlidir. Peyvənddən əvvəl valideynlərə bu barədə ətraflı məlumat verilməsi vacibdir. Peyvəndin məqsədi, mümkün reaksiyalar və hansı simptomlar yarandıqda həkimə müraciət edilməli olduğu izah olunmalıdır. Bəzi hallarda uşağın immun statusunu qiymətləndirmək üçün qan analizləri tələb oluna bilər. Məsələn, bəzi peyvəndlərdən əvvəl immunoqlobulin səviyyələri və digər göstəricilər yoxlanmalıdır. Bütün bu məqamlar diqqətlə nəzərə alınmalı və hər hansı şübhəli vəziyyətdə peyvəndin tətbiqi təxirə salınmalıdır. Hər bir uşaq fərdi xüsusiyyətlərə malikdir və həkim olaraq əsas məqsəd onların sağlamlığını hər zaman ön planda saxlamaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB