Oruc tutduqda damarlarımız necə təmizlənir? - HƏKİM AÇIQLADI

“Oruc tutmaq orqanizmə bir çox müsbət təsirlər göstərir və bu təsirlər qan damarlarına da dolayı yolla fayda verir. Bunun əsas səbəblərindən biri qanda xolesterol səviyyəsinin azalması, iltihab proseslərinin zəifləməsi və maddələr mübadiləsinin sürətlənməsidir. Bu dəyişikliklər nəticəsində qan damarlarının elastikliyi artır və onların sağlamlığı yaxşılaşır”.

Bu sözləri SİA-ya açıqlamasında terapevt Sübhan Hacıyev deyib.

O bildirib ki, bu prosesin əsas mexanizmlərindən biri uzun müddət qida qəbul edilmədikdə orqanizmdə insulin səviyyəsinin azalmasıdır:

”Nəticədə bədən enerji əldə etmək üçün artıq yağları parçalamağa başlayır. Bunun nəticəsində damar divarlarında toplanan “pis” xolesterol – aşağı sıxlıqlı lipoproteinlərin miqdarı azalır. Bu isə insanları miokard infarktı, beyin insultu kimi həyati təhlükəli xəstəliklərdən qorumağa kömək edə bilər.

Eyni zamanda uzun müddət ac qalındıqda orqanizmdə autofagiya adlanan bir proses aktivləşir. Bu proses zamanı hüceyrələr zədələnmiş strukturları, köhnə zülalları və digər zərərli komponentləri parçalayaraq təmizləyir. Beləliklə, hüceyrə səviyyəsində yenilənmə baş verir və bu da damarların daha sağlam qalmasına dəstək verir.

Bütün bunların nəticəsində qan təzyiqi tədricən normallaşa bilər, qanda şəkərin səviyyəsi tənzimlənə bilər və maddələr mübadiləsinin sürətlənməsi insanın ümumi sağlamlıq vəziyyətinə müsbət təsir göstərə bilər.

Lakin burada vacib məqam odur ki, oruc düzgün qaydada tutulmalıdır. Həm imsakda, həm də iftarda balanslı və sağlam qidalanmaq önəmlidir. Gün boyu ac qalıb iftar zamanı həddindən artıq və nizamsız qidalanmaq orqanizmə əlavə yük yarada bilər və gözlənilən faydaları azalda bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə