Suçiçəyi uşaqlar arasında ən geniş yayılan yoluxucu xəstəliklərdən biridir və xüsusilə məktəb və bağça kimi kollektiv mühitlərdə sürətlə yayılması ilə seçilir. Son dövrlərdə Azərbaycanda bu virusa yoluxma hallarının artması isə valideynlər və cəmiyyət üçün yenidən narahatlıq doğurur. Bəs, peyvənd niyə dövlət xəstəxanalarında yoxdur? Uşaqlar üçün risk nə qədərdir?
Məsələ ilə bağlı pediatr, infeksionist Aytən Ziyadova SİA-ya açıqlamasında bildirib ki, suçiçəyi virusu çox yoluxucu infeksion xəstəlikdir:
"Yoluxma hava-damcı yolu ilə, yəni asqırma və öskürmə zamanı, həmçinin xəstənin səpkiləri ilə birbaşa təmas nəticəsində baş verir. Yoluxma xəstəliyin səpkiləri tam quruyub qabıqlaşana qədər davam edir. Son aylarda Azərbaycanda suçiçəyinə yoluxma hallarının artdığı müşahidə olunur. Bu xəstəlik xüsusilə uşaq yaş qrupları arasında daha çox yayılır və məktəb, bağça kimi kollektiv mühitlərdə sürətlə yayılması müşahidə edilir.
Bəs, peyvənd mövcud olduğu halda, niyə Azərbaycan dövlət xəstəxanalarında yoxdur? Səbəb odur ki, Azərbaycanın Milli Peyvənd Təqviminə suçiçəyi peyvəndi daxil edilməyib. Hazırda bu vaksin dövlət xəstəxanalarında pulsuz şəkildə tətbiq olunmur, lakin bəzi özəl klinikalarda sifarişlə, ödənişli əsaslarla vurula bilər. Səhiyyə rəsmiləri isə qeyd edirlər ki, hazırda suçiçəyi peyvəndinin ölkəyə gətirilməsi və dövlət peyvənd proqramına daxil edilməsi məsələsi nəzərdən keçirilmir. Bunun səbəbləri arasında xəstəliyin əksər hallarda ağır keçməməsi, digər prioritet xəstəliklərə qarşı peyvəndlərə üstünlük verilməsi və vaksin xərclərinin dövlət büdcəsinə əlavə yük yarada bilməsi göstərilir. Əvvəllər səhiyyə qurumları tərəfindən peyvəndin Milli Peyvənd Təqviminə daxil edilməsi üçün Dünya Səhiyyə Təşkilatına müraciət edilsə də, hələlik bu məsələ reallaşmayıb. Bu səbəbdən peyvənd dövlət xəstəxanalarında tətbiq olunmur.
Uşaqlarda suçiçəyi adətən yüngül keçir və immun sistemi normal olan uşaqlarda çox vaxt öz-özünə sağalır. Lakin bəzi uşaqlarda, xüsusilə immun çatışmazlığı olanlarda xəstəlik həyati təhlükə yarada bilər. İkincili bakterial infeksiyalar inkişaf edə bilər, dəri və yumşaq toxumaların infeksiyaları, impetiqo və digər infeksion xəstəliklər yarana bilər. Daha nadir hallarda isə pnevmoniya və ya sinir sisteminin iltihabı kimi ağırlaşmalar baş verə bilər. Suçiçəyi peyvəndi çox effektiv və təhlükəsiz hesab olunur. Bir doza peyvənd xəstəliyin qarşısını təxminən 80–85 faiz alır. İkinci doza isə qoruyuculuğu 95–99 faizə qədər artır".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB