Mövsümi allergiyası olanların NƏZƏRİNƏ!

“Göz qızarması, gözdə yanma, göz sulanması, burunda ödəm, quruluq, burun tutulması, burundan su axması, tez-tez asqırma allergik rinitin əlamətləridir. Bunlar ağacların çiçəklənməsi nəticəsində havada olan polenlərin qıcıqlandırıcı təsiri nəticəsində baş verir. Belə hallar olarsa, diaqnozun dəqiqləşdirilməsi üçün lor həkiminə və ya allerqoloqa müraciət etmək olar”.

SİA xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-terapevti Jalə İbrahimova deyib. Həkim qeyd edib ki, allergik reaksiyaların səbəblərindən biri də bəzi yaz-yay qidalarıdır: “Digər allergik reaksiyalardan biri də dəridə olan allergiyadır. Günəşli havada çox gəzdikdə günəşin təsirindən qızartı, səpkilər əmələ gələ bilər. Bundan başqa bəzi yaz-yaz qidaları – meyvə-tərəvəz məhsullarının təsirindən də allergik reaksiyalar baş verə bilər. Vaxtında diaqnoz qoyulması üçün həkimə müraciət etmək lazımdır. Müəyyən qan testləri, dəri testləri, ağciyərin funksional testləri götürülür və nəticələrə uyğun olaraq müalicə aparılır”.

Həkim həmçinin bildirib ki, mövsümi allergiyası olan şəxslər küləkli, tozlu havada gəzməyi məhdudlaşdırmalıdır. Həkim müayinəsində olmaq isə vacib hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə