Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr edilən tədbir keçirilib - FOTOLAR
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə əməkdaşlığı ilə görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Gözlərə işıq, qəlblərə nur bəxş edən alim” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, millət vəkili Kamaləddin Qafarov, TƏBİB aparatının məsul şəxsləri, tabeli tibb müəssisələrinin rəhbərləri və tibbi heyət iştirak edib.
Tədbir iştirakçıları ilk olaraq Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Daha sonra tədbir Yeni Klinikada davam edib, ilk olaraq Zərifə Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib. Zərifə Əliyeva və Ulu Öndər Heydər Əliyev haqqında hazırlanmış sənədli film izlənilib.
Açılış nitqi ilə çıxış edən Vüqar Qurbanov Zərifə xanımın tədqiqatları nəticəsində irəli sürülən effektiv müalicə metodlarının, kompleks profilaktik tədbirlərin bu gün tibb sahəsində əsas istiqamət olduğunu bildirib.
“Müasir oftalmologiya elmi sürətli inkişaf edir. Hazırda tibbin bu sahəsində yeni innovativ texnologiyalar və invaziv üsullar tətbiq olunur. Göz xəstəliklərinin diaqnostikasında geniş diapazonlu üsullardan - biometrik, ultrasəs, elektrofizioloji, rentgen, optik, laborator və digər metodlardan istifadə edilir. Bu gün TƏBİB-in tibb müəssisələrində göz xəstəliklərinin müalicəsi və profilaktikası ən müasir üsullarla uğurla icra olunur. Ötən il ərzində tabeli tibb müəssisələrimizdə 12.298 göz əməliyyatı uğurla həyata keçirilib” - deyə TƏBİB-in İcraçı direktoru qeyd edib.
Əhliman Əmiraslanov çıxışında Zərifə xanımı Azərbaycan xalqının sərvəti kimi səciyyələndirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd edib.
Çıxış edən Vüsar İsmayılov bildirib ki, respublikada regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq istiqamətində Zərifə xanım Əliyevanın fəaliyyəti danılmazdır.
Kamaləddin Qafarov Zərifə xanımın göz xəstəliklərinə qarşı effektiv mübarizə üsullarınıntəkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Sonda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bir sıra oftalmoloqlarıtəltif edilib.
Tədbir bədii hissə ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB