“Zob qalxanabənzər vəzinin böyüməsi ilə xarakterizə olunan bir xəstəlikdir” - QURUMDAN AÇIQLAMA VERİLDİ

“Qalxanabənzər vəzi orqanizmin maddələr mübadiləsinə nəzarət edən mühüm orqandır. Qalxanabənzər vəzinin ifraz etdiyi hormonlar triyodtironin (T3) və tetrayodtironindir (T4). Bu hormonların sintezində vacib kimyəvi element yoddur. Zob qalxanabənzər vəzinin böyüməsi ilə xarakterizə olunan bir xəstəlikdir”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Oqtay Hüseynov bildirib. Onun sözlərinə görə, gün ərzində yodun orqanizmə 100 mkg-dan az daxil olması nəticəsində qalxanabənzər vəzin böyüməsi, yəni zob xəstəliyi yaranır:

“Zob”un yaranmasının endogen və ekzogen səbəbləri vardır. Endogen səbəblərə bəzi xəstəliklər, mədə-bağırsaq sistemində olan bəzi patalogiyalar, autoimmun xəstəliklər aiddir.
Ekzogen səbəblərə isə stress, ekoloji faktorlar, yod qəbulunun azalması, bəzi dərman maddələrinin qəbulu və s. aiddir.
Hamiləlik, laktasiya müddəti, yeniyetmə dövrü isə fizioloji səbəblərə aid edilir.
“Zob” vəzin hipofunksiyası və hiperfunksiyası ilə xarakterizə olunur. Hipofunksiya ilə müşahidə edilərsə, buna hipotireodizm deyilir. Bu xəstələrdə halsızlıq, saç tökülmə, dəridə quruluq, çəkinin artması, aybaşı pozulması və s. kimi əlamətlər görülə bilər. Hipotiroidizmin müalicəsi əvəzedici hormonal terapiya ilə aparılır. Bu müalicə bəzən ömürlük ola bilər.
Vəzin hiperfunksiyası ilə müşahidə olunan vəziyyət isə hipertiroidizm adlanır. Bu xəstələrdə ürək döyünmənin artması, çəkinin azalması, ishal, tərləmə, aritmiya, aybaşının pozulması, əllərdə əsmə müşahidə edilir. Bu zaman müalicə 3 cür aparıla bilər:
1)Dərman müalicəsi;
2)Cərrahi müalicə;
3)Radioaktiv yod ilə müalicə.
Qalxanabənzər vəzin funksiyasının pozulması bütün orqanizmin funksiyalarında ciddi pozulmalara gətirib çıxara bilər. Buna görə də yuxarıda qeyd edilən şikayətlərdən bir və ya bir neçəsini özünüzdə müşahidə edirsinizsə, vaxtında endokrinoloqa müraciət etməyiniz tövsiyə edilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə