Akademik Zərifə Əliyeva Azərbaycanda peşə oftalmologiyasının əsasını qoyub MƏQALƏ

Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva bu qəbildən olan insanlar sırasında yer alır. Biz onun timsalında Azərbaycan qadınlarının ümumiləşmiş obrazını görürük. Zərifə xanım Əliyevanın portret cizgiləri, mənalı həyatı və fəaliyyəti qadınlarımızın zərifliyini və fədakarlığını təcəssüm etdirir.

Zəngin və mənalı ömür yolu keçən Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Bu gün Azərbaycan elminin və xalqımızın milli-mənəvi dəyərlərinin zənginləşməsinə özünün sanballı töhfələrini verən Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümüdür.

Zərifə xanım Əliyeva əqidə adamı idi və heç vaxt çətinliklərin üstünə getməkdən çəkinmirdi. Xarakterindəki prinsipiallıq, həmçinin insanlara qarşı böyük sevgi hissi bəsləməsi onun peşə seçimində özünü göstərdi. O, həyatını çətin, ancaq hər kəsə gərək olan tibb sahəsi ilə bağlamağa qərar verdi. Zərifə xanım Əliyeva sonradan bu sahədə çoxillik səmərəli fəaliyyəti, fundamental axtarışları ilə Azərbaycan tibb elminə çox mühüm yeniliklər gətirdi.

Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə nəinki oftalmologiya elmi üçün, hətta bütünlükdə respublika üçün mühüm məsələyə çevrilmişdi. Göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini məhz traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.

Zərifə Əliyevanın traxoma xəstəliyi ilə bağlı apardığı elmi axtarışlar və səmərəli praktiki fəaliyyəti bütün respublika miqyasında böyük maraqla izlənilirdi. Gənc alim tezliklə Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi seçildi. O, paralel şəkildə qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri apardı. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Apardığı tədqiqatların nəticələri olaraq Zərifə xanım Əliyeva 1960-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edib. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona "Oftalmologiya" ixtisası üzrə böyük elmi işçi adı verib. Ötən əsrin altımışıncı illərinin sonlarından etibarən Zərifə Əliyeva fəal həkimlik fəaliyyəti ilə məşğul olurdu.

Zərifə xanım Əliyeva 1968-ci ildən başlayaraq peşə oftalmologiyasının problemləri ilə ciddi məşğul olub. Təsadüfi deyil ki, onun elmi uğurları sırasında peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinə həsr olunmuş tədqiqatları xüsusi yer tutur. Diqqətəlayiqdir ki, Ulu Öndər Heydər Əliyev respublikamızın tərəqqisi naminə Azərbaycanda sənayeni yeni inkişaf mərhələsinə yüksəltdiyi bir vaxtda Zərifə xanım Əliyeva təzə tikilmiş zavod və fabriklərdə işləyən sadə əməkçilərin qayğısına qalır, onların peşə xəstəlikləri probleminin həlli uğrunda çalışırdı. Zərifə xanım peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olmuş, əslində, elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Dünyada bu sahədə ilk elmi tədqiqat laboratoriyasını da məhz o, yaratmışdır. Zərifə xanım, həmçinin apardığı tədqiqatların gedişində "Göz yaşının axmasının fiziologiyası", "Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti" və s. kimi onlarla elmi məqalə və monoqrafiya çap etdirib. Zərifə xanım Əliyevanın tədqiqatlarının mühüm bir istiqaməti yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərlə bağlı idi.

Elmi tədqiqatların nəticəsi olaraq Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən "Şin istehsalında gözün peşə patologiyası", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" monoqrafiyalarını çap etdirməyə nail oldu. "Xroniki yod intoksikasiyasında oftalmologiya" mövzusunda yazdığı növbəti monoqrafiya 1981-ci ildə işıq üzü gördü. Zərifə xanım Əliyeva fundamental "Terapevtik oftalmologiya" kitabının müəlliflərindən biridir və bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr edib. Zərifə xanım Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi "Oftalmologiyanın aktual məsələləri" monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapıb. Peşə oftalmologiyası Zərifə xanımın ilklərə imza atdığı yeganə elmi istiqamət deyil. O, həm də alternativ təbabət sahəsi olan iridodiaqnostikanı bir elm kimi araşdıran ilk alimlərdən idi. Zərifə xanım "İridodiaqnostikanın əsasları" kimi fundamental elmi əsərin müəlliflərindən biri idi. Həmin dövrdə kitabın nəşri də elə Zərifə xanımın səyi nəticəsində mümkün olmuşdu.

Zərifə xanım Əliyevanın tədqiqatları, elmi axtarışları Azərbaycanda bir yenilik idi. Sonralar böyük xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdi.

Bununla belə, Zərifə xanım Əliyevanın elmi yaradıcılığının və praktiki fəaliyyətinin nəticəsi olaraq tibb elminə gətirdiyi yeniliklər hələ onun sağlığında respublikamızın sərhədlərini aşmışdı və Azərbaycan aliminə beynəlxalq səviyyədə böyük şöhrət qazandırmışdı.

Təbii ki, Zərifə Əliyeva və onun ömür-gün yoldaşı Heydər Əliyev bütün valideynlər kimi, öz övladları üçün ən yaxşı olanları arzulayırdılar və həm də bunun üçün gecə-gündüz böyük səy göstərirdilər. Onların bu zəhməti hədər getməyib. İki unikal şəxsiyyətin – Zərifə Əliyeva ilə Heydər Əliyevin ailəsində böyüyüb boya-başa çatan cənab İlham Əliyev 17 ildir ki, müstəqil Azərbaycana rəhbərlik edir. O, ötən dövrdə Özünü bacarıqlı, nəyi necə, nə zaman etməyi yaxşı bilən, xalqını sevən və xalqının böyük etimadını qazanan bir Lider kimi təsdiqləyib. Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyur. Onun rəhbərliyi ilə Azərbaycan möhtəşəm uğurlara imza ataraq dünyanın sayılıb-seçilən ölkəsi səviyyəsinə yüksəlib. Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək şanlı qələbə qazandı və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu qələbə xalqımızın tarixində əbədi qalacaq.

Almaz Həşimova,

YAP Füzuli rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə