"Autizm Spektr Pozuntusu elə bir xəstəlikdir ki..." - MÜNASİBƏT BİLDİRİLDİ
"Sağlamlıq imkanı məhdud olan şəxslərə və əlilliyi olan uşaqlara dövlətimiz tərəfindən göstərilən diqqət-qayğı çoxsahəli olmaqla kompleks tədbirlər planı ilə əhatə olunur. Yəni, dövlətin tək qayğısı dərman vasitələri ilə təminatla deyil, eyni zamanda onların reabilitasiyası üçün də dövlət tərəfindən görülən addımlara nəzər salsaq, yeni və müasir reabilitasiya mərkəzlərinin bu qrupdan olan insanların ixtiyarına verilməsini görərik". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin deputatı İlham Məmmədov deyib.
Onun sözlərinə görə, burada xüsusən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini qeyd etmək lazımdır: "Çünki Mehriban xanım Əliyevanın sosial-humanitar sahədə göstərdiyi ictimai fəaliyyətinin ən böyük hissəsi rəhbərlik etdiyi Heydər Əliyev Fondunun vasitəsilə gördüyü işlərin önündə məhz əlilliyi olan uşaqlara diqqət-qayğı üçün layihələrin həyata keçirilməsidir. Burada da Autizm Spektr Pozuntusu olan uşaqların diqqətdən kənarda qalmadığını görürük. Şəxsən Mehriban xanım Əliyeva, eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da Autizm Spektr Pozuntusu olan şəxslərin tədbirlərində atdığı addımları görmüşük.
Bu sahədə işlər görülür. Autizm Spektr Pozuntusu elə bir xəstəlikdir ki, onun aşkar olunması üçün xüsusi bir metodologiya da yoxdur. Müşahidələr və valideynlərin müraciəti əsasında ixtisaslı həkimlər tərəfindən diaqnoz müəyyən olunur. Autizm əsasən 2-5 yarası uşaqlarda müəyyən olunur. Yəni, uşaqların ünsiyyətə çətin girməsi, digərlərinin hərəkətini təkrar etməsi və s. hallar müşahidə olunursa, valideynlər müraciət etməlidir.
Təəssüflər olsun ki, ölkəmizdə bu sahə ilə məşğul olan mütəxəssislər çox azdır. Biz də Milli Məclisin Səhiyyə komitəsinin üzvü kimi zaman-zaman bu məsələləri qaldırırıq. Hətta təklifimiz də olub ki, Autizm Spektr Pozuntusundan əziyyət çəkənlərə dövlət qayğısının daha əhatəli olması üçün onun qanuni hüquqi bazasının yaradılması istiqamətində işə başlamaq lazımdır. Təbii ki, dövlət proqramları çərçivəsində bu uşaqlara diqqət və qayğı göstərilir. Səhiyyə Nazirliyi tərəfindən onların qeydə alınması, onların lazımi istiqamətləndirilməsi dövlət və Səhiyyə Nazirliyinin xətti ilə həyata keçirilir. Autizm Cəmiyyətinin də bu sahədə fəaliyyətinə öz lazımi diqqət-qayğısını göstərir, layihələr həyata keçirmək üçün şərait yaradır.
Hesab edirəm ki, bütün bunlar üçün vahid şəkildə bu diqqəti göstərmək üçün hüquqi baza yaradılmasına ehtiyac var. Autizmli şəxslərin qeydə alınması bu gün intensiv şəkildə aparılır. Bu müraciətlər əsasında baş tutur. Mən bildiyim statistikaya əsasən, bu günlərdə təxmini 1200-1300 autizmli şəxs qeydiyyatdadır. Bu qeydiyyatın olması onlara daha geniş və əhatəli yardım göstərilməsi üçün digər şərtləri də ortaya çıxarır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə