Dövlət xəstəxanalarında olan xarab cihazlar niyə yenilənmir? - AÇIQLANDI

"Ümumiyyətlə, səhiyyə sistemində aparılan islahatlardan sonra İcbari Tibbi Sığortaya keçidlə əlaqədar olaraq publik hüquqi şəxslər yaradılmışdır. Bu publik hüquqi şəxslər fərqli idarəetmə forması və bu idarəetmə formasının içərisində də xəstəxanaların, İlkin səhiyyə xidmətlərinin müvafiq Tibb mərkəzlərinə tabe etdirilməsi prosesi həyata keçirilmiş, Bakıda bir neçə Tibb mərkəzi yaradılmışdır. Bundan əlavə, Sumqayıt və Gəncə Tibb mərkəzləri də var. Digər yerlərdə isə Mərkəzi Rayon xəstəxanaları publik hüquqi şəxs qismində formalaşdırılmışdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin deputatı Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, bütün səhiyyə sturukturları müvafiq bölgələrdə həmin o publik hüquqi şəxslərin idarəetməsi altındadır: "O ki, qaldı son zamanlar bir sıra xəstəxalarda rentgen avadanlıqlarının işləməməsi məsələsinə təkcə rentgen avadanlıqları yox, digər avadanlıqlarda olan problemlərdən də söhbət gedə bilər. Çünki tibb avadanlıqlarının müəyyən bir işləmə müddəti var. Bu avadanlığın xüsusiyyətlərinə görə dəyişir. Bundan sonra təbii ki, artıq onlar öz funksiyasını itirir və təmirə ehtiyac olmur. Buna görə də həmin o xəstəxanalar müvafiq publik hüquqi şəxslərin tabeliyində xidmət göstərir ki, müvafiq maddələr üzrə onların maliyyələşməsi həyata keçirilir. Burda büdcə təsnifatına uyğun şəkildə "Cazibə avadanlıqlarının alınması və təmir maddəsi" var".

Müşfiq Məmmədli szölərinə belə davam edib: "Təbii ki, sıradan çıxmış tibb avadanlıqlarının yenisi ilə əvəz olunması həmin publik hüquqi şəxsləri idarə edən şəxslərin öhtəliyində olan məsələlərdir. Onlar iqtisadi proqnozlaşmanı aparmalı və buna müvafiq şəkildə öz maliyyələrini doğru yönəldərək müvafiq tibb avadanlıqlarının yenilənməsi, yaxud təmirini həyata keçirməlidir.

Amma bəzi məsələlər var ki, son bir ildə artıq biz kifayət qədər maliyyələşmənin artmasını, hətta növbəti ildə İcbari Tibbi Sığorta haqları yığıldıqca daha da artmasının şahidi olacağıq. Mən düşünürəm ki, çox qısa bir müddət ərzində belə problemlərin həlli üçün heç bir narahatlığa əsas qalmayacaq. Burada konkret müəyyənləşdirmək lazımdır ki, "Proqnozlaşdırma və iqtisadi idarəetmə xətasında avadanlıqların yenilənməsi, yaxud təmirində problemlər yaranıb?", yoxsa "Maliyyə hal-hazırda daha vacib avadanlıqların alınmasına yönəlib?". Bunları düzgün analiz etdikdən sonra konkret fikir yürütmək olar. Amma ümumi götürdükdə hal-hazırda səhiyyə sisteminin maliyyələşməsində istər büdcə, istər İcbari Tibbi Sığorta tərəfdən vəsaitlərin alınmasında elə bir ciddi problem yoxdur. Hansısa avadanlıqların işləməməsi məsələsi qısa müddətdə həmin tibb mərkəzlərinin rəhbərləri tərəfindən aradan qaldırılmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə