"Azərbaycan yerli dərman istehsalına keçməlidir" - QURUM RƏSMİSİ AÇIQLADI

"Azərbaycan əmtəə bazarında olan dərmanların keyfiyyəti barədə Azad İstehlakçılar Birliyinə daim telefon zəngləri gəlir. Adətən alınan dərmanın təsir göstərmədiyi, həkimin yazdığı dərmanların müsbət nəticəsinin görülməməsi ilə bağlı tez-tez vətəndaşların şikayətlərini eşidirik. Məlumdur ki, dərmanların ekspertizası məsələsi çox qəliz bir prosesdir. Təsadüfi deyil ki, 2000-ci ilin əvvəllərində Azərbaycanda ümumdünya gömrük təşkilatının konqresi keçirildi və burada dünyanın 40-a qədər ölkəsindən gömrük generalları toplanaraq, saxta dərman istehsalçılarını ifşa etmək istədilər. Üç gün ərzində saxta dərman istehsalçıları həyat tərzi, təyyarələrinin və s. kosmosdan çəkilmiş görüntülərini təqdim etdilər. Lakin ifşa etmək yolunu tapa bilmədilər". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, saxta dərman istehsalında dərmanın ən vacib element olan hər hansı bir komponent qarışdırılmır və hansı konteynerin kücündə olduğunu gömrük orqanları ifşa edə bilmir: "Dünyada 30 faizə qədər saxta dərman dövriyyəsi mövcuddur. İnternet üzərindən alınan dərmanların 70 faizi saxtadır. Belə bir şəraitdə doğma Azərbaycan da bundan yana keçə bilməyib. Analitik ekspertiza mərkəzi dərmanların sənədlərinə baxır, onların idxalına icazə verir. Lakin Analitik Ekspertiza Mərkəzi standarta uyğun olmayan şprisləri belə ekspertiza edə bilmir. Düşünürəm ki, ən yaxşı ekspertiza ictimai rəydir.

Əhalinin apteklərdə, tibb müəssisələrində növbə gözləməsinin səbəblərindən biri də təbii ki, dərmanın təsirsizliyi məsələsidir. Biz bunların hər birini deyirik, lakin sübut etmək üçün yollar o qədər də asan deyil. Ölkədə qaçaqmal dərmanları da mövcuddur. Bu dərmanları ayırd etmək üçün onların içliyini baxmaq lazımdır. İçlikləri Azərbaycanda dilində olmayan dərmanlar qaçaqmal dərmanlardır.

Bütün hallarda Azərbaycan yerli dərman istehsalına keçməlidir. Baxmayaraq ki, illərdir böyük vəsait hesabına Azərbaycanda dərman zavodu inşa olunub. Lakin bu zavod primitiv işlərlə məşğul olur. Təəssüf ki, dövlətin dərman siyasətini müəyyən adamlar milli məclisdə əyləşiblər. Onlar isə öz bizneslərini qoruyurlar, nəinki Azərbaycanın dövlət maraqlarını. Buna görə də Azərbaycanda mütləq yerli dərman istehsalına keçilməlidir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə