Eskizdən hazır geyimə qədər ən çətin mərhələ hansıdır ? - AYDINLIQ GƏTİRİLDİ

"Eskizdən hazır geyimə keçid prosesində ən mürəkkəb və məsuliyyətli mərhələ dizayn ideyasının kağız üzərindən real materiala texniki və estetik baxımdan düzgün şəkildə ötürülməsidir". Bunu SİA-ya açıqlamasında rəssam modelyer Səkinə Əliyeva deyib.

Onun sözlərinə görə, eskiz mərhələsində dizayner yaradıcılıq azadlığına malik olur, forma, siluet və detallarla sərbəst işləyir, ideyasını məhdudiyyətsiz şəkildə ifadə edə bilir: "Bu mərhələdə əsas məqsəd konseptin formalaşdırılması və ümumi vizual təsirin müəyyən edilməsidir.

Lakin bu ideyanın istehsal mərhələsinə keçidi zamanı parça seçimi, materialın axıcılığı və qalınlığı, kəsim texnologiyası, tikiş imkanları, eləcə də insan bədəninin proporsiyaları və hərəkət dinamikası əsas amillərə çevrilir. Eskiz üzərində estetik baxımdan ideal görünən bir forma real material üzərində eyni effekti verməyə bilər. Buna görə də dizayner eskizlə yanaşı, materialın fiziki xüsusiyyətlərini və texniki imkanlarını da nəzərə almağa məcburdur.

Bu mərhələdə dizayner yalnız estetik zövqə deyil, eyni zamanda texniki biliklərə də sahib olmalıdır. Parçanın eskizdə nəzərdə tutulan formanı saxlayıb-saxlamayacağı, detallərin real ölçüdə necə görünəcəyi, tikişlərin həm vizual, həm də funksional baxımdan geyimin rahatlığına və davamlılığına təsiri diqqətlə hesablanır. Kiçik bir konstruktiv səhv belə geyimin ümumi balansını poza, siluetin düzgün oturmamasına və dizaynın ilkin ideyasından uzaqlaşmasına səbəb ola bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə