DİN: Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

Aprelin 6-da ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 74, o cümlədən borclu şəxs qismində axtarışda olan 55, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 7 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 1,8 kiloqramdan artıq narkotik vasitə və 33 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 qumbara, 10 tüfəng, 3 patron darağı və 67 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər də saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə