Ağdamda yeniyetmənin sükan arxasına keçməsi dostunun həyatı bahasına başa gəlib

Ağdam rayon sakini olan 17 yaşlı yeniyetmə hüquqsuz idarə etdiyi həmkəndlisinə məxsus “KİA” markalı avtomobillə Quzanlı-Əfətli yolunda hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, yüksək sürət olduğu ehtimal edilən qazada nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb, avtomobilin sürücüsü və sərnişini isə xəstəxanaya çatdırılıb. Görülən tədbirlərə baxmayaraq, sərnişin, rayonun Çəmənli kəndinin sakini, 18 yaşlı Cavid Musayevin həyatını xilas etmək mümkün olmayıb.

“İki gəncin həyatını dəyişən həmin hadisə bir daha göstərir ki, yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən şəxslərin, xüsusilə uşaq və yeniyetmələrin avtomobilin sükanı arxasına keçməsi böyük risk və bəzən də bərpası mümkün olmayan itki deməkdir. Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, yaxud nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır. Eyni zamanda, valideynləri, azyaşlılara örnək olan böyükləri gələcəyimizi təhlükədən birgə qorumağa çağırır”, - deyə məlumatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə